İlin iqtisadi yekunu
Ekspertlərin gələn illə bağlı gözləntiləri də ürəkaçan deyil: “Azərbaycanda faktiki olaraq, bir borudan asılı iqtisadi model qurulub...”
"Xeberinfo.com": Bir neçə gün sonra yola salacağımız 2014-cü il ciddi hadisələrlə yadda qalıb. Tanınmış iqtisadçı ekspertlər bu illə bağlı fikirlərini bölüşüb, həmçinin də gələn il dünya və ölkə iqtisadiyyatını gözləyən təhlükələrdən də danışıblar.
İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, 2014-cü ilin ikinci yarısında dünya iqtisadiyyatı səviyyəsində neftin qiymətinin sürətlə aşağı düşməsi, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar, ABŞ iqtisadiyyatının durğunluq mərhələsindən tərəqqi mərhələsinə keçidi, Çin iqtisadiyyatında artım templərinin zəifləməsi kimi hadisələr öz damğasını vurub: “Neftin qiyməti və Rusiya iqtisadiyyatının durumu ölkəmizdə iqtisadi proseslərə də bilavasitə təsir göstərən amillər hesab olunur.
Əslində neft-qaz sənayesindəki proseslər baxımından il Azərbaycan üçün uğurlu başlamışdı: 2013-cü ilin dekabrında ”Şahdəniz-2" layihəsi üzrə sazişin imzalanması baş tutmuş, ilin əvvəlində “Qərbi Çıraq”dan neft hasilatına başlanılmışdı. Bunun hesabına həm neft hasilatının azalmasının qarşısı alınmış, həm də neft-qaz sektoruna investisiya qoyuluşlarını artırmaq mümkün oldu. Sentyabrda Cənub Qaz Dəhlizinin bünövrəsinin qoyulması da işlərin uğurlu gedişini əks etdirirdi. Lakin payız aylarından neftin qiymətlərindəki kəskin azalma və bu azalmanın davam edəcəyi ilə bağlı proqnozlar növbəti illərdə ölkəmizin iqtisadiyyatının ciddi sınaqla üz-üzə qala biləcəyini söyləməyə əsas verir: ölkə iqtisadiyyatının neft və neft gəlirlərindən asılılıq dərəcəsinin çox yüksək olması bunu qaçılmaz edir. Ölkənin dövlət büdcəsinin gəlirlərinin 70 faizi birbaşa neft gəlirləri hesabına formalaşır, ixracın 90 faizindən çoxu neft və neft məhsullarının payına düşür".
A.Mehtiyev qeyd edir ki, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, iqtisadiyyatın və ixracın şaxələndirilməsi istiqamətində işlər isə nəinki çox zəif aparılır, hətta daha çox görüntü yaratmaq xarakterli tədbirlərdən ibarətdir: “İnhisarçılığın aradan qaldırılması və haqlı rəqabət mühitinin formalaşdırılması istiqamətində il ərzində heç bir ciddi addım atılmadı. Hələ ilin əvvəlində - prezident sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb müvafiq dövlət qurumlarına sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün bir sıra istiqamətlər üzrə konkret tapşırıqlar versə də, həmin fərmanın real nəticələri üzə çıxmadı. 2006-cı ildən Milli Məclisin müzakirələrində olan Rəqabət Məcəlləsinin qəbulu bu ildə də baş vermədi. İl ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra qərarlar verildi. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı ölkəmizin kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixrac imkanlarının artmasına rəğmən, bu bazara kifayət qədər məhsul göndərə bilməməyimiz, bir tərəfdən, Azərbaycanda kənd təsərrüfatı istehsalının ağır durumunu, digər tərəfdən isə, ölkənin sərhəd-gömrük buraxılış sisteminin dəyişilmək istəmədiyini bir daha nümayiş etdirdi. Nəhayət, 2014-cü ildə ölkədə iqtisadi artım tempinin aşağı düşməsi müşahidə olunur”.
****
Ekspert Samir Əliyev də 2014-cü ilin Azərbaycan iqtisadiyyatı üçün bir sıra hadisələrlə yadda qaldığını dedi: “Əvvəlcə ilin əvvəlində bank sektorunu sirkələyən hadisə baş verdi. Mərkəzi Bank istehlak kreditləşməsinin şərtlərini ağırlaşdırdı və avtomobil kreditlərinin verilməsini bir neçə ay dayandırdı. Bu addım bank sektorunda xeyli gərginlik yaratdı. Nəticədə avtomobil idxalı kəskin azaldı. İlin ikinci yarısı daha çox xaricdən ölkə iqtisadiyyatına təzyiqlərin çoxalması kimi yadda qaldı”.
Dünya bazarında neftin qiymətinin düşməsi, ikincisi Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar nəticəsində onun ölkə iqtisadiyyatına təsirindən danışan ekspert səbəbləri göstərib: “Dünya bazarında neftin qiymətinin düşməsinin mənfi təsiri onunla bağlıdır ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olan ölkələrdəndir. İxracın 95 faizi, büdcə gəlirlərinin təxminən 70 faizi, ÜDM-in təxminən yarısı neftin hesabına formalaşır. Ona görə də neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına birbaşa təsiri var. Hələ ki neftin düşməsinin neqativ təsirləri hiss olunmur. Əgər qiymət indiki səviyyədə qalarsa, gələn ilin ortası bunun əlamətlərini görəcəyik. İkincisi, sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatının pisləşməsi və rublun kəskin ucuzlaşmasıdır.
Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Rusiya bizim 2 milyon vətəndaşımız üçün iş yeridir. Hər il təxminən 2-3 milyard dollar həcmində pul göndərilir. Sanksiyaların təsiri orada işləyən soydaşlarımızın Azərbaycana göndərdiyi pulun dəyərinin düşməsinə gətirib çıxardı”.
Ekspertin sözlərinə görə, digər tərəfdən Neft Fondundakı Rusiya aktivlərinin dəyərsizləməsi ilə yadda qalıb: “Rusiyadakı böhran nəticəsində yayda bizim fermerlər uzun fasilədən sonra heç bir əziyyət çəkmədən məhsullarını Rusiya bazarında satması ilə də yadda qaldı. Belə bir üstünlük qısa müddətli olsa da yarandı. Bunun nəticəsi olaraq ölkədə kənd təsərrüfatı əvvəlki illərlə müqayisədə xeyli bahalaşdı. Rusiyada sanksiyanın doğurduğu nəticədən biri də həmin ölkədə daşınmaz əmlak bazarında qiymətlərin düşməsidir ki, belə vəziyyətdə Azərbaycan biznesmenləri Rusiya bazarında daşınmaz əmlak almağa üz tutdu. Bu da Azərbaycanın valyuta bazarında gərginlik yaratdı. Xeyli dərəcədə dollar ölkədən kənara çıxarıldı. Bu dollar bazarında qıtlıq yaratdı. Təbii ki, Mərkəzi Bankın müdaxiləsi ilə bu məsələnin qarşısı alındı. Yəni manatın məzənnəsi hələ ki sabit olaraq qalmaqdadır”.
****
Ekspert Natiq Cəfərli isə 2015-cü illə bağlı fikirlərini və gözləntilərini sosial şəbəkədə bölüşüb: “Avropada və Çində iqtisadi artım zəifləyəcək, Avropanın bəzi ölkələrində resesiya gözlənilir, Çinin iqtisadi artım tempi isə 7 faizdən aşağı düşmə ehtimalı var ki, bu da digər ölkələr üçün fantastik yaxşı göstərici olsa da, Çin üçün çox aşağı göstəricidir - Çin iqtisadiyyatının strukturuna, əhali sayına və keçmiş illərdəki artım tempinə görə. Bundan başqa, Çin iqtisadiyyatında, əsasən də tikinti sektorunda ciddi şişmiş ”şarlar, balonlar" var, orada problemlər olması gözlənilir. Bu “balonlar” partlasa, Çin iqtisadiyyatında ciddi silkələnmələr olacaq, bu da bütün dünyaya təsir edəcək".
Həmçinin o, qeyd edib ki, Amerika iqtisadiyyatı yenidən dünyanın lokomotivi roluna qayıdır: “2014-cü ilin son rübündə iqtisadi artım 5 faiz olub, fantastik göstəricidir. Əsas səbəbləri FED-in düzgün siyasəti, slans qazı və nefti bumu, yanacağın qiymətinin enməsinin iqtisadi canlanmaya təkan verməsidir”.
Ekspert Rusiya ilə bağlı bildirib ki, şimal qonşumuzda vəziyyət gələn il fəlakətli həddə olacaq: “ÜDM 4,5-5 faiz azalacaq, dollar və avro yeni rekord səviyyələrdə olacaq, bir çox şirkətlər müflisləşəcək, işsizlik və sosial gərginlik artacaq. S&P və Moody’s agentlikləri Rusiyanın reytinqini ”zibil" səviyyəsinə salacaq, ölkədən gələn il daha 100 mlrd. dollar çıxacaq, bundan əlavə Rusiyanın dövlət və şirkətləri gələn il 136 mlrd. dollar borc qaytarmalı olacaqlar".
N.Cəfərli Azərbaycanda da vəziyyətin yaxşı olmayacağını diqqətə çatdırıb: “Hökumətin parlaq proqnozlarına baxmayaraq, bizdə vəziyyət hər ay çətinləşəcək: Rusiyadan gələn pullar azalacaq, Neft Fondunun gəlirləri azalacaq, gələn ilin ilk rübündə ÜDM artım tempi sıfıra yaxın olacaq, hətta azalma da ola bilər, ilin sonuna yaxın manatda yumşaq devalivasiya baş verəcək. Ümumiyyətlə, neft ölkələri arasında ÜDM, büdcə, yəni icmal büdcə və ixracat rəqəmlərinə görə neftdən ən çox, ən pis asılı ölkə məhz Azərbaycandır, faktiki olaraq bir borudan asılı iqtisadi model qurulub. Neftin qiyməti 1-ci rübdə 45-50 dollar olsa, yanvar-mart aylarında tədiyyə balansımızda ciddi problem olacaq”.