Manat dəyərini itirməyəcək
İqtisadçılar neftin qiymətinin manata təsiri olmayacağı qənaətindədirlər
"Xeberinfo.com": Məlumata görə,Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması digər valyutaların dollara nisbətdə dəyərdən düşməsinə səbəb olub. İstər rus rublunun, istər avronun və digər valyutaların dollara nisbətdə dəyərdən düşməsini nəzərə alsaq, bu proseslərin Azərbaycan manatına da təsiri qaçılmazdır. Cəmiyyətdə də manatın dəyərdən düşəcəyi ilə bağlı narahatlıqlar var. Belə ki, bəzi əmanətçilər vəsaitlərinin manatdan dollara çevrilməsinə can atır, bəziləri manatla kredit götürərsə, prosesdən qazanclı çıxacağına dair hesablamalar aparır. Bəs görəsən, yaxın zaman üçün manat deyildiyi kimi, kəskin dəyərdən düşə bilərmi?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında dedi ki, neft nə qədər ucuzlaşsa da, Azərbaycan manatın məzənnəsini sabit saxlamağa qadirdir: “Bu deyilənlər şayiədən başqa bir şey deyil. Mən manatın dəyərdən düşəcəyinə inanmıram. Mərkəzi Bankın sədri Elman Rüstəmov da qeyd edib ki, manat öz məzənnəsini 2015-ci ildə də sabit saxlayacaq. Təbii ki, bəzi ekspertlər bunu dünyada gedən proseslər, rublun dəyərdən düşməsi ilə əlaqələndirirlər. Ancaq mənə elə gəlir ki, Azərbaycanın imkanı var ki, neftin qiyməti hətta 60 dollara da düşsə, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olacaq. Əlbəttə ki, manatın məzənnəsinin saxlanması üçün ehtiyat fondundan müəyyən qədər vəsait cəlb olunacaq”.
İqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev də “Yeni Müsavat”a bildirdi ki, yaxın zamanlarda manatın dəyərdən düşməsi gözlənilmir: “Azərbaycanda manatın möhkəmlənməsinin əsas səbəbi neftdən gələn gəlirlərdir. Bu günə kimi Azərbaycanı neft hasilatının artması və neftin qiymətinin yüksək olması hesabına böyük neft gəlirləri əldə edib, bunun hesabına böyük valyuta ehtiyatlarına sahib olub. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları Neft Fondunda və Mərkəzi Bankda üst-üstə 50 milyard dollar səviyyəsini keçib. Belə bir vəziyyətdə təbii ki, uzun illərdir manatın məzənnəsi sabit olub, hər zaman möhkəmlənməkdə davam edib. Bu da hər zaman artan neft gəlirlərinə əsaslanıb. Ancaq indiki situasiya bir az fərqlidir. Bir tərəfdən Azərbaycanın neft hasilatı yavaş-yavaş azalmağa başlayıb. Digər tərəfdən, neftin qiymətinin həddindən artıq ucuzlaşması ölkəyə daxil olan vəsaitin azalmasına gətirib çıxarır. Artıq bəllidir ki, manatın məzənnəsini uzun müddət sabit saxlamaq mümkün olmayacaq. Amma ən azı yaxın bir-iki il ərzində manatın kəskin dəyərsizləşməsi ilə narahatlığa əsas yoxdur. Ola bilər ki, manatın məzənnəsinin sabitləşməsi ilə bağlı atılan addımlardan tədricən imtina olunsun. Əgər bu baş versə, manat tədricən dəyərdən düşə bilər. Ancaq bunun kəskin və dağıdıcı bir hala gələ biləcəyi yaxın bir il ərzində gözlənilmir”.
İqtisadçı ekspertin sözlərinə görə, hökumət də manatın məzənnəsinin sabit saxlanılmasında maraqlıdır: “Həmçinin nəzərə almaq lazımdır ki, 2015 Azərbaycanda seçki ilidir, o cümlədən Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Bu baxımdan hökumət manatın məzənnəsinin hələ ki, sabit saxlanılmasında maraqlıdır. Neft hasilatının azalması 2016-cı ildən sonrakı dövrdə daha çox hiss olunacaq”.
Rusiyadakı iqtisadi durumla Azərbaycan arasında paralellər aparan iqtisadçı ekspert qeyd etdi ki, Rusiyanın rublu sərbəst buraxması ilə bağlı situasiya Azərbaycan üçün adekvat deyil: “ Rusiya üçün çox ağır dövrlər başlayıb, bir tərəfdən Qərbin sanksiyaları, digər tərəfdən neftin kəskin ucuzlaşması, Rusiyanın özünün mal ixracında və idxalında problemlər yaşaması rublun məzənnəsinin kəskin azalmasına gətirib çıxarır. Rusiya dövləti rublun kursunu nə qədər sabit saxlamağa çalışsa da, bacarmadı. Çünki burada qiymətli kağızların da dəyərdən düşməsindən söhbət gedir. Ancaq Azərbaycanda qiymətli kağızlar bazarının elə bir geniş fəaliyyəti yoxdur”.