«Pensiyalar artan xərcləri örtmək üçün yetərli deyil» –Ekspert
Azərbaycan prezidenti yanvarın 21-də minimum əmək haqqının 116 manata qaldırılması və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam imzalayıb.
Xeberinfo.com: İqtisad elmləri doktoru Qubad İbadoğlu prezidentin sərəncamını şərh edib. İbadoğlunun facebook səhifəsində dərc etdiyi şərhi təqdim ediriik.
Prezidentin dünən imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indekslərşdiriləcək və minimum aylıq əməkhaqqı 116 manat olacaq. Bu sərəncamların təsirlərini şərh etməmişdən əvvəl bildirmək istərdim ki, yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən (baza, sığorta və yığım), ailə başçısını itirməyə görə əmək pensiyası isə 2 hissədən (baza və sığorta) ibarətdir. Mövcud qanunvericiliyə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Yeri gəlmişkən onu da qeyd edim ki, pensiya yaşını artırmaq üçün qanunvericilikdə müvafiq dəyişikliyi nəzərdə tutan təkliflər artıq Milli Məclisdədir.
Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Bu kateqoriyalı pensiyaçıların aldıqları cəmi məbləğin yerdə qalan hissəsini sığorta və yığım hissəsi təşkil etməlidir. Amma yığım komponenti tam işləmədiyinə görə, hazırda ödənilən pensiya əsasən 2 yerə bölünür: baza (110 manat) və sığorta (yerdə qalan məbləğ). Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək. Çünki, rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapozonunda indeksləşdirməyə məruz qalacaq. Təbii ki, bahalaşan qiymətlərin fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək.
Prezidentin digər sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği bu ildən 11 manat artırılıb, nəticədə 1 aylıq minimum əmək haqqı 116 manat və ya 63 dollar olub. İzahat üçün qeyd edim ki, bir çox dövlətlərin əmək haqqının və gəlirlərinin tənzimlənməsi aləti kimi tətbiq etdiyi minimum əmək haqqı norması əhaliyə ödənilən əmək haqqının ən aşağı səviyyəsini müəyyən edir. Adətən bu səviyyənin müəyyən olunması üçün minimum əmək haqqı minimum istehlak büdcəsi ilə əlaqələndirilir. Beləliklə də minimum əmək haqqı işçinin yalnız fizioloji tələbatını ödəməyə yönəldilir, bu isə o deməkdir ki, hətta yaşayış minimumu əsasında hesablanan minimum əmək haqqı işçini əsassız olaraq ödənilən aşağı əmək haqqından qorumalı və onun normal təkrar istehsalını təmin etməlidir. Bu isə haqlı olaraq sual doğurur, 116 manatla fizioloji tələbatı ödəmək və təkrar istehsala nail olmaq mümkündürmü?
Minimum əmək haqqının səviyyəsi yaşayış minimumunun dəyərindən, o da ilk növbədə minimum istehlak səbətinin tərkibinə daxil olan məhsul və xidmətlərin istehlak normaları və qiymətlərindən asılıdır. Hələ ötən ilin oktyabr ayına olan qiymətlə əsasında aparılmış müstəqil ekspertlərin hesablamaları göstərirdi ki, yaşayış minimumum dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 200 manat, uşaqlar üçün 259,9 manatdır. Halbuki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində təyin edilib. Göründüyü kimi, pensiyaların baza hissəsi yaşayış minimumu ölkə üzrə dəyərindən 45 manat, pensiyaçılar üçün müvafiq göstəricidən 20 manat, müstəqil ekspertlərin hesabladığı məbləğdən 90 manat azdır.
Odur ki, minimum əmək haqqı 200 manat olmalı və pensiyaların baza hissəsi də yeni sərəncamla artırılmalıdır. Hazırda pensiyaların baza hissəsi hətta rəsmi olaraq təsdiq olunan 116 manatlıq minimum aylıq əmək haqqından 6 manat azdır.
Müqayisə üçün onu da qeyd edək ki, hətta artımdan sonra Azərbaycanda 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatlıq, Böyük Britaniyada isə 3 saatlıq minimum əmək haqqı səviyyəsinə çatıb.