"Bank sistemi təmizlənməlidir"
Beynəlxalq qurumlar banklarımızın durumundan narahatdır
Xeberinfo.com: Ölkənin bank sisteminin acınacaqlı durumda olması beynəlxalq qurumların da diqqətindədir. Beynəlxalq Valyuta Fondu açıqladığı son qiymətləndirmədə bildirib ki, Azərbaycan qısa zamanda bank sistemini təmizləməlidir.
Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsində bildirilir ki, 2015-ci ildə Azərbaycanda artım 1,1 faizə düşüb. 2016-ci ildə bu rəqəmin daha da azalacağı gözlənilir. Çünki neft ucuzlaşır, infrastruktura qoyulan sərmayə kəsilir, manat dəyərini itirir, ölkənin ticarət tərəfdaşlarının iqtisadiyyatı zəifləməkdədir. Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Mohamed El Gorchi də “IMF News”a müsahibəsində Azərbaycanın indiki iqtisadi mənzərəsi haqda danışıb və bildirib ki, artım göstəricisinin neqativ tərəfə keçəcəyi, 2016-ci il üçün 2,4 faiz olacağı gözlənir: “Çünki infrastruktura qoyulan sərmayə azalır, kredit fəallığı çox zəifdir, neft istehsalı aşağıdır. İnflyasiya 2015-ci ildə 4,1 faiz olub, 2016-cı ildə bu göstəricinin 10 faizə yüksələcəyi gözlənir. Buna cavab olaraq hökumət müxtəlif siyasi tədbirlər görüb, inflyasiyanın qarşısını almaq və manatı qüvvədə saxlamaq üçün ötən il ərzində monetar siyasəti kəskin şəkildə sərtləşdiriblər. Eyni zamanda artımı stimullaşdırmaq üçün xərcləri ödəmək, zəif təbəqəni qorumaq məqsədilə fiskal siyasət bir qədər yumşaldılıb”. (azadlıq.org)
BVF təmsilçisi qeyd edib ki, əsas məsələ bank sektorudur:“Devalvasiya, iqtisadi böhran bankların gəlirinə zərbə vurdu, borc kütləsini artırdı. Xoşbəxtlikdən hökumət artmaqda olan problemli kreditlərin qarşısını almaq üçün addımlar atır. Vəziyyətə davam gətirməyən banklar bağlanıb”. Onun sözlərinə görə, 2015-ci ildə devalvasiyalar bank balanslarına mənfi təsir göstərərək, dollarlaşmanın artmasına (vətəndaşlar yerli valyutanı dollarla əvəzləməyə başladılar) səbəb oldu. Bu da son nəticədə qeyri-neft sektorunda artımı azaldaraq, dolayısı ilə iqtisadiyyata ikinci neqativ təsirini göstərir.
Onun fikrincə, manatın məzənnəsinin korreksiyası neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının sabitləşməsində həlledici rol oynayıb: “Manatın məzənnəsinə düzəlişlərin edilməsi neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının sabitləşməsində həlledici rol oynayıb. Neftin qiymətinin ucuzlaşmasına uyğun olaraq manatın devalvasiyası izafi xarici disbalansın yaranmasının qarşısını almağa, rəqabət qabiliyyətini bərpa etməyə və valyuta ehtiyatlarının tükənməsi prosesini dayandırmağa kömək etdi”. Missiya rəhbəri qeyd edib ki, neftin ucuzlaşmasının yaratdığı şok milli valyutanın məzənnəsinə və valyuta ehtiyatlarına güclü təsir göstərib ki, bu da qismən valyuta tənzimlənməsinin əvvəlki rejimi ilə bağlı olub. 2016-cı ildə bu cür şokların öhdəsindən daha yaxşı gəlmək üçün valyuta tənzimlənməsi üzrə yeni rejimə keçən Azərbaycan hökuməti mübadilə məzənnəsində böyük çevikliyə nail olub.
Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, bank sisteminin təmizlənməsi deyilərkən, sağlam olmayan bankların bağlanması nəzərdə tutula bilər: “İlin əvvəlindən Mərkəzi Bank sərt addımlar atdı və bankların lisenziyası əlindən alındı, indiyədək ondan artıq bank bağlanıb. Sonradan bu prosesi dayandırdılar. Çünki sürəti normal yönətə bilmədilər və ciddi ajiotaja səbəb oldu. Çünki az-çox sağlam banklardan belə depozitlərin çəkilməsi prosesinin şahidi olduq. Bu proses hələlik saxlanıldı. Amma düşünürəm ki, bu sağlamlaşdırılma prosesi iki yöndən getməlidir. Ya zəif banklar bazardan tamamilə çıxmalı, digər banklar tərəfindən ”udulmalıdır", birləşdirilməlidir. Belə bir addım qaçılmazdır, mütləq atılacaq. Müəyyən səbəblərə görə, ajiotajın artmamasına görə daha hökumət hələ ki ehtiyatlı addımlar atır. Amma bu, qaçılmaz bir prosesdir. Beynəlxalq institutların verdiyi təkliflərdə də bu, açıq-aşkar görünür. Onların proqnoz və təkliflərində bu, vurğulanır. Ona görə düşünürəm ki, ilin sonuna qədər biz yenidən bəzi bankların bağlanmasının, yaxud birləşdirilməsinin şahidi olacağıq. Ortalığa çıxan ciddi məsələ ondan ibarətdir ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait tükənib. Bağlanan banklar vətəndaşların vəsaitini geri qaytara bilmir. Yenidən müəyyən banklar bu siyahıya əlavə olunsa, əmanətlərin qaytarılmasında ciddi problemlər yaşanacaq".
Qeyd edək ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hazırladığı növbəti hesabata görə, yüksək faiz mühiti istehlakçıların və şirkətlərin kredit ödəmə qabiliyyətini aşağı salacaq, bankların aktivlərinin keyfiyyətini azaldacaq və ən önəmlisi, bankların yeni borc almaq imkanlarını məhdudlaşdıracaq. Bildirilir ki, Mərkəzi Bankın inflyasiyanın cilovlanması və milli valyutanın kəskin dalğalanmasının qarşısının alınması tədbirləri çərçivəsində uçot dərəcəsini sentyabrın 14-dən etibarən 9,5 faizdən 15 faizə çatdırması ölkədə fəaliyyət göstərən kommersiya banklarının maliyyələşmə xərclərini artıracaq, xalis faiz gəlirlərini aşağı salacaq. Agentlik Azərbaycan banklarının 2016-cı ili zərərlə başa vuracağını gözlədiyini bildirib.
Agentlik uçot dərəcəsinin artırılmasının bankların maliyyələşmə xərclərini artıracağını, həmçinin Mərkəzi Bankın banklara verdiyi kreditin maya dəyərini yüksəldəcəyini bildirib.