Bahalaşma daha haralarda olacaq?
Manatın dəyər itirməsinin fonunda xaricdən gətirilən istehlak mallarının qiyməti durmadan artacaq
Xeberinfo.com: Ölkədəki iqtisadi böhran qiymət artımlarının fonunda daha dərinə işləməkdədir. Elektrik enerjisinin, suyun, çörəyin, idxal olunan məhsulların qiymətinin artması ölkədə acınacaqlı sosial-iqtisadi durum yaradıb. Əvvəlki qiymət artımlarından fərqli olaraq hökumət bu dəfə prosesləri sakit ötüşdürmək istəyir. Çünki məhşur “yumurta müşavirəsi”nin təkrarlanmaması bir daha sübut edir ki, hökumət baş verənlərdə geri dönüş etmək niyyətində deyil.
Hətta bəzi məlumatlara görə, yaxın zamanlarda qazın belə qiyməti arta bilər. Bundan başqa, üzü payıza getdikdə Azərbaycanda təbii bahalaşma yaşanır. Kənd təsərrüfatı məhsullarının qiymətinin artması vətəndaşların vəziyyətini bir qədər də ağırlaşdıracaq.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hökumət bu ilin əvvəlində əmək haqlarının 10 faiz artırılması haqqında qərar vermişdi. Amma üstündən çox keçmədi ki, suyun tarifinin 35 faiz artırılmasına dair qərar verildi. N.Əliyevin sözlərinə görə, elektrik enerjisinin qiymətinin 1, çörəyin isə 10 qəpik bahalaşması əhalinin vəziyyətini daha da ağırlaşdırdı: “Çörəyin qiymətinin qalxması unun bahalaşması ilə bağlıdır. Unun bahalaşması bütün qənnadı məmulatlarının da qalxması anlamına gəlir. Qiymətlərini Tarif Şurasının qaldırdığı məhsullar, xidmətlər sıradan deyil. Bunlar xarakterinə görə kütləvi şəkildə istehsal olunan mallardır. Əhalinin istehlak strukturunda ən böyük çəkisi olan qida çörəkdir. Amma bunlar çörəyin qiymətini 25 faiz qaldırdılar. Bu proseslərlə yanaşı biz görürük ki, milli valyutanın dəyərdən salınması istiqamətində təkan verilib. Qısa müddət ərzində milli valyutamız dəyirini itirib. Manatın dəyərdən düşdüyü müddətdə marketlərdə müşahidə aparsanız görərsiniz ki, aşağı templə manatın dəyərdən salınması ilə paralel mağazalarda satılan digər ərzaq məhsullarının qiymətləri də bahalaşmağa başlayıb. Şəkər tozu bir müddət bundan əvvəl 1 kiloqramı bir manat beş qəpiyə satılırdısa, hazırda bu qida məhsulunda 10 qəpik bahalaşma müşahidə olunur. Eyni zamanda ən çox istifadə olunan yağların qiymətində də artım var. Manatın dəyərdən düşməsi bundan sonra da davam edəcək”.
N.Əliyevin sözlərinə görə, manatın dəyərdən düşməsi fonunda xarici ölkələrdən Azərbaycana gətirilən istehlak mallarının qiyməti də durmadan artacaq. Artıq ətin qiyməti bahalaşıb. Devalvasiya davam etdikcə kənd təsərrüfatında istifadə olunan dərman preparatları, mineral gübrələr, xaricdən gətirilən texnika da bahalaşacaq. N.Əliyevin sözlərinə görə, bütün bu istiqamətlərdə bahalaşma zərurətə çevrildyiindən kənd təsərrüfatı məhsulları da bahalaşacaq.
Azadliq.info