Ərzaq məhsullarında qiymət artımı
Azərbaycanda ərzaq məhsullarının qiyməti artmaqda davam edir.
"Xeberinfo.com": Məlumata görə, bir sıra ərzaq məhsullarının və xırdavat malların qiymətində bahalaşma müşahidə edilir. Benzinin qiymətinin bahalaşmasını əsas gətirən işbazlar bir sıra ərzaq məhsullarının qiymətini artırdı. Ancaq yanvarın 14-də ölkə başçısı Tarif Şurasının benzinin qiymətinin bahalaşdırılması ilə bağlı qərarını ləğv etdi.
Maraqlıdır, benzinin bahalaşma xəbəri ilə “kəlləçarxa” çıxan bir sıra ərzaq məhsullarının və xırdavat mallarının da qiyməti enəcəkmi?
Bu məqsədlə bir neçə marketə baş çəkdik. Məlum oldu ki, şəkər tozunun, siqaretin, çayın, ət konservlərinin, toyuğun qiymətində 15-50 qəpik arasında bahalaşma var. Hətta siqaretin qiymətinin bahalaşması ilə əlaqədar olaraq siqareti atmaq barədə qərar qəbul edən bir neçə alıcı ilə də rastlaşdıq. Alıcılar qiymət artımından narahat və narazı olduqlarını bildirdilər. Satıcıdan nəyə görə ərzaqların qiymətində bahalaşma olduğunu soruşduqda onlar bunu müdirlərinin göstərişi ilə etdiklərini dedilər: “Bəzi ərzaqların qiymətini yanvarın 13-dən dəyişdirmişik. Bizə də firmadan baha gətirilir. Əvvəl Rusiya ilə bağlı baha satılırdı, indi isə benzinlə əlaqədar olduğunu deyirlər”.
İqtisadçı ekspert Samir Əliyev isə bahalaşmanı benzinlə əlaqələndirməyin yanlış olduğunu və bunun süni qiymət artımı olduğunu bildirdi: “Qiymət artımını benzinlə bağlamaq olmaz. Bu artım ötən ildən müşahidə edilir. Bunun da əsas səbəbi Rusiyada baş verən proseslərdir. Benzinin qiymətinin qalxması isə bunu bir qədər də stimullaşdırır. İndi benzinin qiyməti 2 qəpik aşağı salındı. Amma mən inanmıram ki, bahalaşan ərzaq qiymətləri ən azı əvvəlki səviyyəsinə qayıtsın”.
S.Əliyev bundan sonra da qiymət artımının olacağı fikrindədir. Ekspertin sözlərinə görə, bahalaşmaya bir səbəb də monopolist şirkətlərin bazarımıza başqa şirkətlərdən mal gətirilməsinə imkan verməmələridir: “Baş verən proseslər yenə də qiymət artımı olacağını göstərir. Məsələn, kənd təsərrüfatı məhsulları sahəsində qiymət artımı həm mövsümlə, həm də Rusiya ilə bağlı olaraq artımı müşahidə edirik.
Əslində Rusiya amilinin Azərbaycana müsbət təsiri olmalıdır ki, ən azı Azərbaycanda ət, süd məhsulları, tikinti materialları, Rusiyadan gətirilən avtomobillərin qiyməti əhəmiyyətli dərəcədə düşməli idi. Çünki manat sabit qalıb. Amma biz bu ucuzlaşmanı müşahidə etmədik. Bu da onunla bağlı oldu ki, gömrük qiymətləri tənzimləyir. Yəni monopolist şirkətlər başqa şirkətlərin mal gətirməsinə imkan vermir. Ona görə də Rusiyadakı ucuzlaşmanın Azərbaycan bazarlarına bir təsiri yoxdur. Dünyada bu gün neft ucuzlaşdı deyə kənd təsərrüfatı məhsullarının qiyməti düşdü. Amma biz bunu Azərbaycan bazarlarında görə bilmədik. Azərbaycan bazarında daha çox qiymət artımı özünü göstərir. Hökumətin istər qızıla, istərsə də tətbiq edilən vergilərin özləri bazara təsir edən amillərdir. Qiymət artımının qarşısını almaq üçün əlverişli şərait olmasına baxmayaraq heç bir addım atılmır. Düşünürəm ki, bir sıra addımlar atılmasa, qiymət artımı davam edəcək”.
Qeyd edək ki, “Azərbaycan Coca-Cola Bottlers MMC” istehsal etdiyi bəzi məhsulların da qiymətini qaldıracaq. Qiymət artımı ilə bağlı qərar yanvarın 24-dən qüvvəyə minəcək. Bu siyahıya “Cappy”, “Fuse tea”, “Burn” və “Bonaqua” məhsulları daxildir. Belə ki, adları çəkilən içkilərin qiymətlərində 5-20 qəpik artım olacaq.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə isə dekabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,5 və 4,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb. Belə ki, Buğdanın 6,4 faiz, arpanın 3,1 faiz, lobya dəninin 8,1 faiz, şəkər çuğundurunun 20,1 faiz, kələmin 3,1 faiz, kartofun istehsalçı qiyməti isə 0,6 faiz bahalaşıb. Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 14,7 faiz, feyxoanın 2,5 faiz, əzgilin 11,5 faiz, limonun 6,7 faiz, naringinin 12,7 faiz, heyvanın 32,9 faiz, almanın 2,4 faiz, armudun 7,5 faiz, şabalıdın 7,1 faiz, fındığın 4,6 faiz, qozun istehsalçı qiyməti 2,9 faiz bahalaşıb, portağalın istehsalçı qiyməti isə 5,0 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti müvafiq olaraq 2,6 və 0,7 faiz ucuzlaşıb, südün 0,8 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 1,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,1 faiz, yumurtanın istehsalçı qiyməti isə 14,4 faiz bahalaşıb.
Azpolitika.info