“Yerli məhsulun qiymət artımına heç bir səbəb yoxdur”
qtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Ticarət mərkəzləri süni qiymət artımına yol verdiyi üçün cərimə edilirlər. Əslində, dolların məzənnəsinin gücləndirilməsi idxal məhsullarının qiymətinə təsir göstərir. Lakin yerli məhsulların paralel olaraq bahalaşmasının izahı yoxdur.
"Xeberinfo.com": Məlumata görə, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov Publika.az-a açıqlamasında bildirdi ki, yerli istehsalçıların və yerli məhsulların satışını həyata keçirən ticarət təşkilatlarının qiymət artımına getməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, məhsulların maya dəyərini formalaşdıran xammalın və digər komponentlərin qiymətində dəyişiklik baş vermədiyi halda yerli istehsal məhsullarının qiyməti dəyişməz qalmalıdır: “İstehsal olunan məhsulun maya dəyərinin əsasını yerli istehsal üçün zəruri olan xammala çəkilən xərclər və əmək haqqı xərcləri təşkil edir. Bundan başqa, məhsulun maya dəyəri elektrik enerjisinin, yanacağın qiymətlərindən, sosial ayırmaların və amortizasiya ayırmalarının səviyyəsindən də asılıdır. Bunları bildikdən sonra ortaya sual çıxır. Manatın məzənnəsi dəyişdikdən sonra yerli xammaldan məhsul istehsal edən müəssisələrin yuxarıda sadaladığımız hansı xərcləri artmışdı? Əgər istehsal üçün zəruri olan yerli xammalın qiyməti dəyişməyibsə, işçilərə ödənilən əmək haqqı artırılmayıbsa, ölkədə istehsal olunan elektrik enerjisinin və yanacağın qiymətləri sabit qalıbsa, sosial və amortizasiya ayırmalarının həcmi yüksəlməyibsə, onda son məhsulun qiyməti nə üçün dəyişməlidir?”
İqtisadçı bildirir ki, yerli istehsal müəssisəsi məhsul istehsalı üçün hansısa komponentləri xaricdən alıb gətirirsə, bu komponentlərin yeni qiymətlə məhsulun maya dəyərinə daxil edilməsinə heç kim etiraz etməz: “Özlüyündə xaricdən alınıb gətirilən bir neçə komponentin məhsulun maya dəyərinə elə ciddi təsiri də mümkün deyil. Bəzi qiymət artımlarının olacağı barədə biz də son günlərdə mətbuatda gedən çıxışlarımızda bildirmişdik. Burada söhbət ilk növbədə xaricdən gətirilən mallar və məhsullardan gedir. Manatın ABŞ dollarına nisbətən ucuzlaşması kontekstində ölkəyə xaricdən dollarla alınıb gətirilən malların və məhsulların qiymətindəki müəyyən dəyişikliklər təbiidir. Çünki bu mallar və məhsullar ölkə ərazisində milli valyuta ilə satılır. Təbii ki, idxalla məşğul olan hüquqi və fiziki şəxslər ölkə ərazisinə gətirdikləri məhsulları realizə etdikdən sonra öz dövriyyə vəsaitlərini normal səviyyədə saxlamaq və ziyana düşməmək üçün müəyyən qiymət artımına gedirlər. Bu məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı o da bəlli olub ki, qiymət artımının minimum hədlərdə olması üçün idxalla məşğul olan bəzi iri yerli şirkətlər öz xarici tərəfdaşları ilə danışıqlar aparıb onlara yaranmış vəziyyəti izah etməklə aldıqları malların qiymətlərinin aşağı salınması istiqamətində müsbət nəticələr əldə etməyə müvəffəq ola bilərlər. Bunun özü də xaricdən alınıb gətirilən malların və məhsulların qiymətlərinin kəskin qalxmasının qarşısını almaq yollarından biridir. Digər yol isə idxalla məşğul olan yerli şirkətlər tərəfindən qazanılan mənfəətin hədlərinin müəyyən qədər optimallaşdırılmasıdır. Bu yol da qiymət artımının qarşısının alınmasına xidmət edən amillərdən biri kimi çıxış edə bilər”.
F.Yusifov deyir ki, qiymət artımları istehlak səbətinə daxil olan məhsullara aid olmayıb: “Belə olan halda qiymət artımı nəticəsində əhalinin az təminatlı təbəqəsinin ailə büdcəsində itkilərin yaranmaması müsbət dəyərləndirilməlidir. Bunun əsas səbəbi odur ki, istehlak səbətinə daxil olan məhsullar əsasən yerli istehsal məhsullarıdır, yerli istehsal məhsullarının qiymət artımı isə praktik olaraq baş verməyib”.