Turizm bazarında vəziyyət necədir? - ARAŞDIRMA (VİDEO)
Qarşıdan istirahət mövsümü gəlir. İnsanlarımız səbirsizliklə yay istirahətinə hazırlaşır. Son illərə qədər Azərbaycan vətəndaşları dincəlmək üçün həm xaricə, həm də bölgələrimizə üz tuturdular. Lakin dünyada müşahidə olunan iqtisadi böhran bu sahədəki planlara yenidən nəzər salmağı zəruri edir.
Xeberinfo.com: Görəsən, insanlarımız builki istirahətini harada və necə keçirəcək? Bunu öyrənmək üçün paytaxt küçələrində sorğu keçirdik. Sakinlərdən bəziləri xaricə getmək istədiklərini desə də, qiymətlərin bahalığı səbəbindən rayonlarda dincəlməyə üstünlük verənlərin də sayı az deyil:
- Yəqin ki, Azərbaycan rayonlarından birinə gedərəm.
- Ola bilsin ki, qərb tərəfə, Tovuz tərəfə, Qazax tərəfə. Getsəm də, hoteldə-filan qalmıram, normal bir yer tapırıq, gündəlik orada qalırıq.
- Öz rayonlarımıza, Qubaya, İsmayıllıya, Şəkiyə Şəki pitisi yeməyə.
- Türkiyəyə, İstanbula.
- Yəqin ki rayonlara gedərik, Qəbələ tərəfə. Başqa hara gedə bilərik ki?
- Ayın 18-i Krasnodara gedəcəyəm.
- Ya Yessentuki, ya da Truskavetsə.
Sakinlərdən bəziləri manatın dəyər itirməsi ilə əlaqədar xaricə getməkdə çətinlik çəkdiklərini dilə gətirir. Bəziləri isə ölkə daxilində istirahət etməyin xaricdə istirahət etməkdən baha başa gəldiyini qeyd edirlər:
- İmkan olsaydı, gedərdim. Qiymətlər normaldır, sadəcə, imkan yoxdur.
- Keçən il də İstanbulda olmuşdum. Keçən il bizim pulla orda 7 gün qaldım, hoteldə qalmaq mənə 300 manata başa gəldi. Bu il isə həmin hotellərdə qalmaq mənə manatın düşməsi ilə əlaqədar olaraq 500 manata başa gəlir.
- Ölkə xaricinə düşünmürəm. İmkan olsa, Gürcüstana gedərəm. Eşitdiyim və bildiyim qədəri ilə qiymətlər bura ilə müqayisədə bir qədər aşağıdır. Həm də Azərbaycandan kənarda da olmaq yaxşı hiss bəxş edir.
- Ölkə daxilində qiymətlər daha yaxşıdır. Xaricə çıxanda qiymətlər daha bahalı olur. Xaric xalqın aldığı maaşa uyğun deyil, daha bahalıdır.
- Türkiyənin özündə olmaq istəyirik, gedib görmək istəyirik. Belə internet vasitəsilə danışmışam, çox bahadır. Üç nəfərə - iki böyük, bir uşağa iki minə gəldi çatdı. Gücümüz çatmadığına görə qərar verdik ki, avtobusla özümüz gedək.
- Daha çox xaricdə istirahət etməyə üstünlük verirəm. Xaricdə istirahət həm ucuzdur, həm də sərfəlidir. Ölkə daxilində getməmişəm, amma eşitmişəm ki, çox bahalıqdır.
Turizm meneceri İlkin Haqverdiyev dolların qalxması səbəbindən qiymətlərin ötən illə müqayisədə fərq etdiyini deyir. Ancaq qeyd edir ki, Rusiyadan Türkiyəyə gedən turistlərin sayında azalma olduğu üçün Azərbaycana yaxşı endirimlər edilib: "Ən çox hər il olduğu kimi, Antalya, Kəmər, Bələk, Alanya, Kuşadası, daha çox Türkiyəyə üstünlük verilir. Beşulduzlu hotellərə nəzərə salsaq, minimal qiymət hazırda iki nəfərlik, bir həftə hər şey daxil 1000-1100 dollardan başlayır. Ölkə daxilində də turlar var, amma belə götürsək, xariclə eyni çıxır, Türkiyə ilə çox böyük fərq olmur".
Elə bu səbəbdən insanların daha çox xarici turlara üstünlük verdiyini qeyd edən menecer deyir ki, qiymətlər stabil olaraq qalır, sadəcə, kurs dəyişəndə qiymətlərdə müəyyən miqdarda dəyişikliklər olur: "Kredit bizdə var idi. Amma bu il banklarda problem olduğu üçün krediti dayandırıblar. İmkan dairəsində güzəşt olunur".
Digər turizm meneceri Nadir Şəfizadə isə qiymətlərlə bağlı narazılıqların olduğunu etiraf etsə də, turizmin inkişafı üçün əllərindən gələni etdiklərini deyir: "Qiymətləri soruşan olanda deyir ki, keçən il bu qiymətə idi, indi başqa qiymətədir. Biz onlara izah edirik ki, bu, dolların qalxması ilə əlaqədardır. Bütün turlar respublikada hamısı dollarladır. Dollarla deyirik, dollarla alırıq. Ona görə bu, bir az çaşqınlıq yaradır, bahadır deyə. Yəni insanlar buna öyrəşməlidir. Biz ölkə daxilində turların inkişafı üçün əlimizdən gələni edirik ki, Azərbaycan Respublikasına gələnlərin, Avropaya, Antalyaya, Kuşadası, Bodruma istirahətə gedənlərin sayı çox olsun. Biz onlara güzəştlər edirik. Hətta elə edirik ki, öz xeyrimiz olmasın. Gedənlərin sayı çox olsun".
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixməmmədov isə deyir ki, ölkə daxilindəki turizm qiymətlərini bazar özü formalaşdırır: "Vətəndaşların şikayətlərini mətbuatdan oxuyuruq, sosial şəbəkələr vasitəsilə görürük. Birinci növbədə məlumdur ki, qiyməti bazar özü formalaşdırır. Heç bir dövlət qurumu qiymətin birbaşa azaldılması ilə bağlı hər hansı bir təsir göstərə bilməz. Bu, sahibkarlığın inkişafına mane olan məsələdir. Bazarın təhlili onu göstərir ki, son zamanlar, xüsusilə də dekabr ayında olan devalvasiyadan sonra Azərbaycan turizm sahəsinin təklif etdiyi qiymətlər xarici vətəndaşlar üçün olduqca cəlbedici gəlir".
Qiymətlərin monitorinqini apardıqlarını deyən Vüqar Şixməmmədov hər cibə uyğun qiymətlərin mövcud olduğunu bildirir: "Hətta regionlarımızda 35 manata gündə üç dəfə yeməklə bir nəfər üçün qiymətlər təklif edən mehmanxanalar və istirahət mərkəzləri mövcuddur. Yəqin ki, yaxın zamanlarda ictimaiyyətə geniş məlumat veriləcək. Sevindirici haldır ki, bu ilin qiymətləri ötən illə müqayisədə daha realdır. Bunun da birinci səbəbi rəqabətlilikdir, yəni getdikcə mehmanxanaların sayı artır. İkinci olaraq menecerlər, sahibkarlar da görür ki, bu və digər mehmanxana boş qalmaqdansa, daha çox turist qəbul edilməlidir. Kütləvi turist qəbul etdiyi zaman endirimlərə gedir. Turizm şirkətləri ilə apardığımız danışıqlar onu göstərir ki, qrup turistləri səfər edən zaman mehmanxanalarda kifayət qədər ciddi endirimlər olur".
Vüqar Şixməmmədov bildirir ki, dincəlməyə xaricə üz tutanlar qədər, ölkəmizə istirahətə gələnlərin də sayı az deyil. Türkiyə, İran, Gürcüstan vətəndaşları kimi hər il Azərbaycana daha çox səyahət edənlərdən başqa, Yaponiya, Koreya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Kuveyt, Qətər kimi qeyri-ənənəvi ölkələrdən də bu il ölkəmizə xeyli turist gəlib: "Bir maraqlı məlumatı təqdim edim ki, 2016-cı ilin aprel ayında Azərbaycana gələn Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2015-ci ilin analoji ayı ilə müqayisədə 27 dəfə artıb. Bu tendensiyanı biz bayram günlərində, tətil günlərində Bakının küçələrində və regionlarımızda da görə bilirik".
Aytən Abbaslı, APA TV
Aytən Abbaslı, APA TV