Manatı 3-cü devalvasiyaya aparan təhlükə
Tədiyyə balansının son 10 ildə rekord həddə çatması manata nə vəd edir?
Samir Əliyev: «Kəsir artdıqca manatın məzənnəsi bir o qədər təzyiq altında olur»
Xeberinfo.com: Cari ilin yanvar-may ayları ərzində Azərbaycandan Avropa Ittifaqı (AI) ölkələrinə həyata keçirilən ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 50,12% azalaraq 1 647,723 mln. ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin yaydığı xəbərə görə, hesabat dövründə bu ölkələrdən idxal isə 20,93% azalaraq 906,550 mln. dollara enib. Hesabata əsasən, Azərbaycanın cəmi ixracının 54,02%-i, idxalının isə 27,21%-i məhz Avropa Ittifaqı ölkələrinin payına düşüb.
Azərbaycanın AI ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 741,174 mln. dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın azalma deməkdir. Ötən ilin müvafiq dövründə müsbət saldo 2 161,059 mln. dollar olub.
Azərbaycanın tədiyyə balansının son 10 ildə ən aşağı səviyyə düşməsi iqtisadiyyata nə vəd edir? Çünki mili valyutanın məzənnəsini saxlayan məhz tədiyyə balansıdır. Bu göstərici isə hər ötən ay daha da pisləşir.
Iqtisadçı Samir Əliyev bildirdi ki, tədiyyə balansının hazırkı vəziyyəti Azərbaycan iqtisadiyyatının vəziyyətini göstərir. Tədiyyə balansının cari hesablarına nəzər salmağın tərəfdarı olan S.Əliyev vurğuladı ki, 2015-ci ilin birinci rübündə tədiyyə balansında müsbət saldo var idi. Amma hazırda bu istiqamətdə mənfi saldonun olduğunu deyən S.Əliyev qeyd etdi ki, mənfi saldonun yaranması neftə görə ixracın azalmasıdır: “Ixracın azalma həcmi, idxalın azalma həcmindən daha çoxdur. Azərbaycanda həmişə maliyyə balansı və digər bölmələr mənfi olub. Yeganə olaraq cari hesablar balansı müsbət olub. Məhz buna görə sonda bizim tədiyyə balansımız müsbət olub. Amma həmin o cari balansda da hazırda mənfi saldo yaranıb”.
S.Əliyev bildirdi ki, cari balansa idxal-ixrac və xidmətlərin idxal-ixracı daxildir. Ölkəyə gələn və çıxan pullar, əmək haqları, Rusiyadan köçürmələr bu komponentlər də cari hesabda olur: “Bu göstəricilərə də baxsaq azalmanı görərik. Cari balansda kəsir daha böyük ola bilərdi. Amma təkcə ixracın yox, idxalın da azalması kəsirin şişməsini azaldıb. Azərbaycanda iş görən xarici şirkətlər bizim üçün mənqfidir. Amma Azərbaycan şirkətinin xaricdə iş görməsi müsbət məqamdır. Çünki Azərbaycanda iş görən xarici şirkət ölkədən dollar çıxarır”.
S.Əliyev onu da bildirdi ki, tədiyyə balansında 430 milyondan çox kəsir mövcuddur. Bu məqam manatın məzənnəsinə gələcək təsiri müəyyənləşdirir: “Kəsir artdıqca manatın məzənnəsi bir o qədər təzyiq altında olur. Nəticədə manatın məzənnəsinin aşağı düşməsi ehtimalı daha da artır. Bu baxımdan düşünürəm ki, ikinci və üçüncü rübün nəticələri əsasında vəziyyəti ətraflı təsvir edə biləcəyik”.(Azadliq.info)