DOLLARLA KREDİT: ÖDƏMƏK ÇIXIŞ YOLU DEYİL!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçməklə bağlı qərar qəbul edərək, manatı ABŞ dollarına qarşı kəskin ucuzlaşdırması (təxminən 50 faiz) təbii ki, hər bir vətəndaşımıza zərbə vurub. İl ərzində alınan 2 kəskin devalvasiya qərarı milyonlarla insanımızın real gəlirlərinin xeyli dərəcədə azalmasına (ən azı 60-70 faiz), həyat səviyyəsinin pisləşmə səbəb olub.
Xeberinfo.com: Əlbəttə, hökumətin bu qərarı istəyərək vermədiyi məlumdur. Neftin qiymətinin kəskin düşməsi, valyuta ehtiyatımızın sürətlə tükənməsi kimi obyektiv, eləcə də hökumətin maliyyə siyasətinin yarıtmazlığı, məmurların milyardlarla vəsaiti ölkədən çıxarması kimi subyektiv amillər belə bir qərarın verilməsi zərurətini yaradıb. Bunu dünən prezidenti İlham Əliyev də çıxışında vurğulayıb: “İndi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir”.
Dövlət başçısı bildirib ki, neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib: “Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi”.
YÜZ MİNLƏRLƏ İNSANA BİRBAŞA ZƏRBƏ!
Əlbəttə, prezidentin dedikləri həqiqəti əks etdirir, buna heç bir şübhə yoxdur. Narahatlıq doğuran da bu qərarın niyə verilməsi deyil, ölkə vətəndaşlarına mənfi təsirinin minimuma endirilməsi istiqamətində real addımların atılmamasıdır. Baxmayaraq ki, prezident bildirib ki, bu qaçılmaz qərarın fəsadlarınının azaldılması istiqamətində tədbirlər görülməlidir. Ancaq bunu həyata keçirməli olan hökumət orqanları – Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi və digərləri nə hansısa addım atır, nə də belə bir fikirlərinin olduqlarını bəyan edirlər. Bu isə təbii ki, narahatlıqlara və narazılıqlara səbəb olur.
Məsələ ondadır ki, bu qərar yalnız vətəndaşların gəlirlərinin kəskin azalmasına səbəb olmur, həmdə yüzminlərlə vətəndaşı HƏR ŞEYİNİ İTİRMƏK təhlükəsilə üz-üzə qoyub. Söhbət dollarla krediti və nağd dollar borcu olan vətəndaşlardan gedir.
Son məlumatlar açıqlanmasa da, bu il fevralın 28-ə olan məlumata görə, ümumilikdə iqtisadi regionlar üzrə xarici valyutada kredit portfelinin həcmi təxminən 8 milyard 300 milyon dollar olub. Bu məbləğ həm uzunmüddətli, həm də qısamüddətli kreditləri əhatə edir. Xarici valyutada kredit portfelinin təxminən 7 milyard dolları Bakının payına düşüb. Fevraldan sonra da bankların əsasən dollarla kredit verdiyini nəzərə alsaq, bu məbləğin hardasa 10 milyarda qədər yüksəldiyini söyləyə bilərik.
Dollarla kredit borcu olan vətəndaşların sayı ilə bağlı da dəqiq rəqəm açıqlanmır. Ancaq onların sayinin 1 milyon nəfərdən artıq olduğunu söyləmək olar. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs (borc alan) var. Onların böyük bir hissəsi –2 milyon 381 min 592 nəfəri fiziki şəxslər olub.
Onu da əlavə edək ki, fevral devalvasiyasından sonra bu rəqəm artmağa doğru gedib. Belə ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər olduğu halda, mayın 1-nə qeyd etdiyimiz kimi, 2 milyon 414 min 122 nəfər olub. Hazırda bu rəqəmin bir qədər də artdığı şübhə doğurmur.
Nəzərə alsaq ki, ölkədə təxminən 2 milyon ailə var, onda ailələrin 80%-inin banklara borclu olduğunu, onun da ən azı 40 faizinin dollar borcu olduğunu qeyd edə bilərik.
Bu isə o deməkdir ki, manatın devalvasiyası ən azı 600-700 min ailəyə cox ağır zərbə vurub. Onların əksəriyyətinin dollar kreditlərini fevraldan əvvəl gütürdüyünü nəzərə alsaq, hökumətin 2 devalvasiya qərarının bu ailələrin banklara olan borcunu 2 dəfədən artıq çoxaltdığını söyləyə bilərik.
Ölkədə iqtisadi vəziyyətin ağırlaşdığı, gəlirlərin azaldığı bir şəraitdə borcların birdən-birə 2 dəfə artırılması vətəndaşların onu ödəməsini faktiki olaraq mümkünsüz edir.
Daha açıq desək, dolarla krediti olanlardan borclarını yeni məzənnə ilə qaytarmağı tələb etmək, faktiki olaraq 100 minlərlə ailəni müflisləşdirmək, əmlakını əlindən almaq deməkdir. Buna isə nə hüquqi, nə də mənəvi bəraət qazandırmaq mümkündür.
Belə ki, BİRİNCİSİ, krediti dollarla almaq vətəndaşın seçimi olmayıb, bankların təklifi, hətta əsas tələbi olub. Bir sıra banklar isə kreditləşməni tamamilə dollarla həyata keçiriblər. Kreditə ehtiyacı olan vətəndaş isə bir tərəfdən məcburiyyətdən, bir tərəfdən də dollar-manat məzənnəsindəki illərdir davam edən sabitliyə aldanaraq, xarici valyuta ilə kredit götürüb. Buna görə də, bankların kreditləri yeni məzənnə ilə qaytarmağı tələb etməyə mənəvı haqları yoxdur.
İKİNCİSİ, bu heç hüquqi baxımdan da doğru deyil. Əsas qanunumuz olan Konstitusiyanın tələbinə görə, Azərbaycanda ölkənin milli valyutasından başqa pul vahidlərindən ödəniş vasitəsi kimi istifadə etmək qadağandır. Bu müddəaya əsasən, Azərbaycanda hər hansı maliyyə əməliyyatını həyata keçirəndə, əmanət qəbul edəndə, kredit verəndə – heç bir halda xarici valyutadan istifadə etmək olmaz.
Ancaq Mülki Məcəllənın bəzi müddəaları Əsas qanunumuzla ziddiyyət təşkil edir. Belə ki, Mülki Məcəllənin 439-cu (pul öhdəliklərinin icrası) maddəsində birmənalı şəkildə göstərilir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
Ancaq həmin maddədə həmçinin qeyd edilir: “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”.
Qeyd edək ki, fevral devalvasiyasından sonra bu məsələ Konstitusiya Məhkəməsi Plenumunda mezakirə olunarkən də mübahisəyə səbəb olmuşdu.
Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev bildirmişdi ki, Mülki Məcəllənin 439.1 maddəsinin birinci sətrində “Pul öhdəliyi manatla ifadə edilməlidir” yazıldığından, bankların bu günə qədər dollar ilə ifadə edilən kredit müqavilələrinin Konstitusiyaya zidd olduğu ortaya çıxır.
Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova da dollarla kredit verilməsinin qanuni olmadığını vurğulamışdı: “Öhdəliyin yaranması, kreditin verilməsi, borcun qaytarılması ödəmədirsə, belə çıxır ki, banklar 20 ildir Konstitusiyaya zidd kreditlər veriblər?! Çünki Konstitusiya xarici valyutanı ödəniş vasitəsi kimi qadağan edir. Bu, mənim subyektiv fikirimdir”.
Mərkəzi Bankdan isə bildirilib ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Ancaq qəribə də olsa, Mərkəzi Bank bu boşluqdan bankların xeyrinə istifadə edir.
Elə ötən dəfə Konstitusiya Məhkəməsinın bankların xeyrinə qərar çıxarmasının da əsas səbəbi Mərkəzi Bankın “kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər” deyə bəyanatla çıxış etməsi oldu.
Göründüyü kimi, dollarla kreditlərin verilməsi və eləcə də onun yeni məzənnə ilə qaytarılması hüquqi baxımdan mübahisəlidir. Mübahisəli hallar isə bütün hallarda vətəndaşın və müştərinin xeyrinə həll olunmalıdır.
Bu baxımdan Konstitusiya Məhkəməsi məsələyə yenidən baxaraq, obyektiv qərar çıxarmalıdır.
ÜÇÜNCÜSÜ, bu məsələdə əsas məsuliyyət hökumətin üzərinə düşür. Belə ki, hökumət rəsmiləri vətəndaşları nəinki devalvasiyanın aparılacağına dair əvvəlcədən xəbərdar edib,əksinə, manatın sabit saxlanacağına dair ən yüksək səviyyədə vədlər verilib. Hər iki devalvasiyadan öncə həm Mərkəzi Bankın rəhbərliyi, maliyyə naziri, həm də digər hökumət rəsmiləri manatın kursunun kəskin dəyişdirilməyəcəyini bəyan ediblər. Vətəndaş da öz hökumətinə inanıb, bankların şərtini qəbul edərək, krediti dollarla almağa razılaşıb. İndi belə çıxır ki, hökumət milyonlarla vətəndaşını aldadaraq borc bataqlığına salıb. Bunun məsuliyyətini niyə hökumət deyil, sadə vətəndaş daşımalıdır?
DÖRDÜNCÜSÜ və ən əsası, son devalvasiyadan sonra dollarla kredit götürən vətəndaşların əksəriyyətinin nəinki əsas vəsaiti, hətta faizləri belə ödəmək imkanı yox olub.
Beləki, 21 fevral devalvasiyasından öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci yekunda 2 dəfə, bu ilki iki devalvasiya arasındakı müddətdə kredit alanların xərci isə 50 faiz artıb. Bu isə o deməkdir ki, fevraladək 10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə, indi əsas məbləğ, faizlər hesablanmadan 15 550 – 16 000 manat olub. Aylıq ödənişi fevraladək 1000 dollar olan şəxs 780 manat verirdisə, indi 1600 manat ödəmək məcburiyyətindədir. Bunu isə vətəndaşların əksəriyyətinin ödəmək imkanı yoxdur. Üstəlik də, hələ bu da son deyil. Heç kim təminat vermir ki, məsələn, 3 aydan sonra yenidən devalvasiya qərarı verilməyəcək.
Təsadüfi deyil ki, fevral devalvasiyasından sonra problemli kreditlərin fəcmi 2 dəfəyə yaxın artıb. Hardasa 700 milyondan 1,3 milyard dollara yüksəlib. Son devalvasiya qərarından sonra dollarla kreditlərin yeni məzənnə ilə qaytarılmasının tələb olunması bu məbləğin dəfələrlə artmasına səbəb olacağı, 5-6 milyarda qədər yüksələ biləcəyi şübhə doğurmur.
Maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov da, problemli kreditlərin həcminin sürətlə artacağını bildirib:“Kommersiya banklarının problemli kreditləri daha da artacaq. Çünki indiyə qədər ödəyənlər də artıq bundan imtina edəcəklər. Söhbət yalnız əhalidən deyil, biznesdən gedir. Sahibkarların da dollarla, avro ilə olan kredit borcları çoxdur.
Onlar da bu yükün altına girə bilməyəcəklər. Bankların əhaliyə və sahibkarlara verdiyi kreditlərin problemləri artacaq. Bu vəziyyətdə banklardan əmanətlərin kütləvi şəkildə çıxarılması prosesi sürətlənəcək. Deməli, bankların xərcləri artacaq, gəlirləri isə azalacaq. Buna görə də bankların böyük əksəriyyəti bazarı tərk edəcək və bağlanacaq”.
Maliyyəçi hesab edir ki, bu məqamda kommersiya bankları əhaliyə qarşı daha da amansızlaşacaq: “Banklar indiyə qədər istifadə etdikləri qanunsuz metodlardan daha çox istifadə etməyə başlayacaqlar. Məlumdur ki, banklar insanları min cür hədə ilə qorxudur, vəsaitləri geri tələb edirlər. Proses güclənəcək. Məhkəmələrdə anlaşılmaz qərarların qəbulu çoxalacaq. Amma son nəticədə bunlar banklara heç nə verməyəcək”.
O, vəziyyətdən çıxış yolu kimi əhalini banklara qarşı birləşməyə çağırıb: “Onsuz da əhalinin gəlirləri yoxdur. Gəlir olmayan şəraitdə məhkəmə proseslərinin çoxluğu və uzunluğu əhalinin xeyrinə olacaq. Çünki onlar gəlirlərinin və işçilərinin azaldığı dövrdə çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini aparmağa qadir deyillər.
Dəfələrlə əhalinin qanuni yolla borclarını azaltmağın yollarını açıqlamışam.
Yəni vətəndaşın gəliri yoxdursa, ödəmir. Bu qədər sadədir. Bu vəziyyətdə borclu vətəndaşlarımız banklara qarşı birləşməlidirlər. Mən də bundan sonra fəaliyyətimi bu sahədə daha da genişləndirəcəyəm”.
Göründüyü kimi, hökumətin hərəkətsizliyi, bankların real bir təkliflərlə çıxış etməməsi vətəndaşların kütləvi şəkildə kreditləri qaytarmaqdan imtina etməsinə səbəb ola bilər. Ona görə də, dollar ilə kredit götürən şəxslərin yükünü azaltmaq üçün təcili tədbirlər görülməlidir.
Bu məsələdə əsas yük Mərkəzi Bankın üzərinə düşür. Mərkəzi Bank məzənnə fərqindən yaranan xərcin bir hissəsini kompensasiya etməlidir. Bir hissəsindən isə banklar imtina etməlidir. Çünki banklar onsuz da krediti dollarla verdiyindən heç nə itirməyib. Əsas vəsaiti yerində qalıb. Qazancı olan faizi isə yeni məzənnə ilə deyil, köhnə ilə almalıdır. Əks halda ümumiyyətlə verdiyi vəsaiti belə geri qaytarmaya, minlərlə insanla uzunmüddətli məhkəmə çəkişmələrinə düşə bilər.
NƏTİCƏ: ÖDƏNİŞ ETMƏKDƏN İMTİNA EDİN!
Bütün bu uzun-uzadı izahatlardan sonra hansı nəticəyə gəlmək olar? Dollarla krediti olan vətəndaşlar nə etməlidir?
Fikrimizcə, ilk və ən vacib addım, qeyri-müəyyənlik aradan qalxana qədər kredit ödənişini yeni məzənnə ilə ödəməkdən QƏTİ ŞƏKİLDƏ İMTİNA ETMƏKDİR! Çünki yaxın aylarda yeni devalvasiyanın olmayacağına, hətta dollar-manat nisbətinin 1-3-dək dəyişməyəcəyinə heç bir təminat yoxdur. Deməli ödənişi davam etdirməklə, borcdan yaxa qurtarmaq faktiki olaraq mümkün deyil!
Əyani bir misal: “AzPolitika”ya müraciət edən vətəndaş 2014-cü ilin yanvar ayında 21 faizlə bankdan 32 min dollar, yəni o vaxtkı məzənnə ilə təxminən 25 min manat kredit götürüb. Aylıq ödənişi 1200 dollar təşkil edib. 21 fevral devalvasiyasınadək banka 13 dəfə, yəni 15600 dollar və ya o vaxtkı məzənnə ilə 12300 manat ödəniş edib.
İki devalvasiya arasındakı müddətdə isə daha 12 000 dollar (10×1200), yaxud 13 000 manat ödəniş edib.
Deməli indiyədək vətəndaş banka ümumilikdə 27 600 dollar və ya 25 300 manat ödəniş edib. Bankdan isə cəmi 25 000 manat kredit götürmüşdü…
Vətəndaş bundan sonra hələ 13 ay da ödəniş etməlidir. Hazırki məzənnə ilə ödənişi, aylıq təxminən 1900 manat (!) təşkil edir. Bu da yekunda 24 700 manat deməkdir. Deməli vətəndaş 2 il əvvəl aldığı 25 min manat kreditə görə indiyədək 25 300 manat qaytardıqdan sonra banka hələ 24 700 manat borcludur.
Üstəlik, hələ bu da son deyil. Heç kim dollar-manat kursunun indiki nisbətdə nə qədar davam gətirə biləcəyinə dair proqnoz verə bilmir. Əksinə, hökumət də, Mərkəzi Bank da, müstəqil ekspertlər də növbəti kəskin devalvasiyanın anonsunu verməkdədirlər. Yəni, ola bilər ki, barəsində danışdığımız vətəndaş, məsələn, qarşıdakı 5 ay ərzində əlavə 10 min manat ödəniş etdikdən sonra yenidən banka 30-40 min manat borclu düşə bilər. Deməli, ödənişi davam etdirmək HEÇ BİR HALDA ÇIXIŞ YOLU DEYİL!
Ona görə də, ödənişlər qəti şəkildə dayandırılmalı, köhnə müqavilələrin ləğv olunaraq, yeni müqavilələr imzalanması üçün banka rəsmi ərizə verilməlidir. Hüquqşünas Qurban Məmmədov artıq belə bir ərizə formasını da hazırlayıb. (Bu linkin üzərinə vur:http://www.calxanhuquq.com/baza/dollarla-goturul%C9%99n-kreditl%C9%99r%C9%99-dair-iddia/).
Ərizəni verdikdən sonra bankın cavabını gözləmək, bank imtina edərsə, məhkəməyə müraciət etmək və ya sadəcə ödənişi dayandırmaq lazımdır!
Belə olduğu halda; ya hökumət milyonlarla insanı kredit bataqlığından çıxarmaq üçün tədbir görəcək, ya da banklar müflis olaraq bağlanacaqlar. Fikrimizcə, milyonlarla insanın batmağındansa, illərdir yüksək faizlərlə xalqın qanını soran və əksəriyyətinin arxasında oliqarx-məmurların durduğu bankların bağlanması daha yaxşdır!