Bank əmanətçilərinə xəbərdarlıq
"Xeberinfo.com": Yunanıstandakı siyasi və maliyyə böhranı Azərbaycanda da bu mövzunu xeyli aktuallaşdırıb. Bankların müştərilərə yaşatdığı çeşidli problemlər fonunda cəmiyyətdə də bir bəlli ajiotaj yaranıb. Mərkəzi Bankın rəsmi məlumatına görə, may ayı ərzində əhali banklardan külli məbləğdə -116 milyon manatdan artıq əmanət çıxarılması xəbəri isə daha vahim mənzərə yaradıb.
Odur ki, haqlı sual yaranıb, görəsən, Azərbaycanda da Yunanıstandakı kimi hər gün üçün bankomatlardan 60 avro çıxarmaq limiti qoyula bilərmi? Yəni təxminən buna oxşar situasiya ilə üzləşə bilərmi Azərbaycan əmanətçiləri? Banklardan əhalinin bu cür sürətlə pullarını çıxarmasının hansı riskli nətiucələri ola bilər bank-maliyyə sektoru üçün?
Məlumata görə, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, iqtisadçı millət vəkili Əli Məsimli Moderator.az - a açıqlamasında deyib ki, ”Bank Məcəlləsi” qəbul edilməlidir:
"Yunanıstan kimi kiçik bir ölkə 300 milyard avrodan artıq borc içində boğulur. Ona görə də vətandaşlara bank hesabından gündə və həftədə pul çıxarmağa belə sərt limitlər qoyublar.Yunanıstanda, bu ölçülü ölkə üçün yaranmış misli görünmmiş acınacaqlı durum təkcə Avropada yox, onun hüdudlarından kənarda da problemlər yaradır. Bu olayın nə ilə qurtaracağını proqnozlaşdırmaq da getdikcə çətinləşir.
Son zamanlar Yunanıstandakı defoltdan sonra bu ölkədə yaranmış durum Azərbaycanla müqayisə olunmağa başlanılıb. Fikrimizcə, belə təhlillər faydalı olsa da, yalnız avronun məzənnəsi və Azərbaycann Yunanıstanda gördüyü və görmək istədiyi işlərə, reallaşdırmaq istədiyi enerji layihəsinə təsiri kontekstindən maraqlıdır. Yunanıstandakı defoltdan müxtəlif miflər yaradıb Azərbaycan timsalında birbaşa müqayisələr isə fikrimizcə, məntiqsiz yanaşmadır. Düzdü, manatın 21 fevral devalvasiyasından sonra Azərbaycanda maliyyə sektorunda keyfiyyətcə tamamilə yeni situasiya yaranıb. Bu situasiya bankların fəaliyyətinə də mənfi təsir göstərib, durumu pisləşən bankların sayı artıb. Aldığı borcları vaxtında qaytarmaq iqtidarında olmayan banklar var. Problemli kreditlərin həcmi günü-gündən artır. Ötən illə müqayisədə bu ilin ortalarına maliyyə vəziyyəti pis hesab olunan bankların sayı təqribən 3 dəfə artıb. Bütün bunlar bir-birinə cəmləşərək son vaxtlar bank sisteminin durumunu yaxşıya doğru deyil, mənfi meyllərə doğru yönəldir. Həmin məqamlar təbii ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycanın bank sistemi üzrə proqnozlarında da öz əksini tapır və neqativə doğru dəyişikliklərə səbəb olur. Məsələn,"Moody’s" - beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun "stabil"dən "neqativ"ə doğru dəyişdiyi barədə məlumat yayıb. Bu nəticə başqa reytinq agentliklərinin də tədqiqatlarının nəticələrənə mənfi təsir edə bilər. Bu isə Azərbaycan banklarının xaricdən əlverişli şərtlərlə maliyyə resursu cəlb edilməsinə mənfi təsir edə bilər. Amma onu da nəzərə almaq lazımdır ki, durumun nəzərəçarpan dərəcədə pisləşməsini hər beş Azərbaycan bankından birinə şamil eləmək olar. Nə qədər insafsız yanaşma eləsək belə, qalan hər beş bankdan dördünün vəziyyəti kafi, orta və ortadan yüksək səviyyədədədir.
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu banklara yatırılan əmanətləri sığortalayır. Mövcud qanunvericiliklə, 10 faiz və ondan aşağı faizlə yatırılmış 30 min manatadək əmanətləri dövlət sığortalayır. Belə şəraitdə əgər sığorta hadisəsi baş verərsə, yəni hansısa bank müflisləşərsə, həmin bankda olan sığortalanma şərtlərinə cavab verən əmanətlər əhaliyə qaytarılacaq. Yəni dövlət yalnız 30 min manatadək əmanəti kompensasiya edir. Ona görə də insanlar risk dərəcəsini aşağı salmaqdan ötrü banka qoyduqları vəsaitləri hissələrə bölüb ən çoxu 30 min manat məbləğində qoymalıdır. Buna baxmayaraq hazırda banklarda həmin şərtlərdən kənar xeyli əmanət var. İnsanlar öz risklərinə yüksək faizlə əmanət qoyublar ki, çox qazansınlar. Bu halda bank müflisləşib bağlanarsa, əmanətləri sığortalanma şərtlərinə cavab verməyən hissəsi, yəni 30 min manatdan yuxarı olan hisssəsi təbii ki, «Əmanətlərin sığortalanması haqqında» Qanuna görə qaytarılmayacaq. Manatın 21 fevral devalvasiyasından əvvəl də söğorta şərtlərinə cavab verməyən əmanətlərin xüsusi çəkisi yüksələn xətlə artdığından, bu sahədə vəziyyət gərgin idi, indi də gərgindi...
O ki, qaldı əhalinin bir hissəsinin banklardan əmanətlərini geri götürməsinə, bu, bank sektorunda yaranmış qeyri - müəyyənliklə bağlıdır. Deməli, aidiyyatı qurumlar həmin qeyri - müəyyənliyi aradan qaldırmaqdan ötrü təsirli tədbirlər görməlidir. Aidiyyəti qurumlar obyektiv təhlillər apararaq bank sisteminin sağlamlaşdırılmasına dair sistemli tədbirləri özündə əks etdirən məqsədli proqram həyata keçirməlidir. Sizin qaldırdığınız məsələ ətrafında narahatçılıq olmasın deyə bank sisteminin fəaliyyətinin hüquqi bazası möhkəmləndirilməli, bankların hüquq vəzifə və öhdəliklərini dəqiq müəyyən edən “Bank Məcəlləsi” qəbul edilməsi işi sürətləndirilməlidir. Risklərin banklar və bank xidmətindən istifadə edənlər arasında balanslı bölgüsü istiqamətində tədbirlər görülməlidir. Yeni, daha mükəmməl kreditlərin verilmə qaydası və şəffaflığın artırılması sistemi müəyyənləşdirilməlidir."