Manatla əmanətlərin banklardan çəkilməsinin qarşısını necə almaq olar?
Banklarda vətəndaşların 7,2 milyard manatlıq əmanətinin olmasına baxmayaraq, milli valyutada olan əmanətlərin məbəği ötən ilin dekbard ayında əvvəlki ay ilə müqayisədə 4,482 milyard manatdan 4,422 milyard manatadək azalıb. Qonşu ölkələrdə müşahidə edilən milli valyutaların develvasiyası və neftin dünya bazar qiymətinin aşağı düşməsi dollara tələbatı artırmaqla manat təklifini çoxaldıb. Güman edilir ki, bu ilin ilk ayının yekunlarda manatla olan əmanatlərin həcmində daha ciddi azalmalar olacaq.
"Xeberinfo.com": Məlumata görə, İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, manatın dəyərdən düşəcəyindən narahat olan əmanətçilərin bir qismi pullarını banklardan çəkərək onu xarici valyutaya, əsasən də dollara çevrirlər: “Banklar vaxtından əvvəl əmanətlərini götürənlər üçün faiz cərimələri tətbiq edərək hesabladıqları dividentlərin bir qismini ödəməməklə müəyyən vəsaitə qənaət etsələr də bu hal bankların maliyyə likvidliyi baxımdan heç də arzuolunan deyil. Eyni zamanda, bu proses Mərkəzi Bankın intervensiya xərclərini də artırır. Baş bankda manata tələbi qarşılaşmaq üçün hər ay 1.5 milyard dollar yaxın pul bazara çıxarılır ki, bu da valyuta rezervlərinin həcminin azalmasına gətirib çıxarır”.
Bəs, manatla əmanətlərin banklardan çəkilməməsi üçün nə etmək lazımdır?Suala cavab verən ekspert deyir ki, , əmanətçilərin öz manatlarını banklardan çəkməsi bank sistemi üçün heç də arzuolunan deyil: “Əmanətlər bankların cəlb etdiyi vəsaitlərin əsas maliyyə mənbələrindən biridir. Bu maliyyə mənbəsinin kiçilməsi bankların fəaliyyətinin məhdudlaşmasına gətirib çıxaracaq. Son dekada da ilk dəfə olaraq ötən ilin yekunlarında bankların ziyanlarının mənfəətindən çox olduğunu nəzərə alsaq manatla əmanətlərdəki azalma tendensiyasının qarşısının alınması olduqca vacibdir. Bu sadəcə Mərkəzi Bank üçün əlavə xərc yaratmır, eyni zamanda bank sektoru üçün heç də asan olmayan bir mərhələnin başladığından xəbər verir.Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması və eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklardan olan əmanətlərin dollara indeksasiyasının həyata keçirilməsinə ehtiyac var. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır. Manatın məzənnəsinin stabil qalacağı ilə bağlı Mərkəzi Bankın əvvəlki açıqlamalarını nəzərə aldıqda isə bu xərc hətta yaranmaya bilər. Bu zaman kommersiya banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir.
Məsələn, vətəndaş bankda 10 min manatlıq əmanət yerləşdirir və ya hal-hazırda əmanəti var. Bu məbləğ Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən 12 750 dollar edir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi öz manatla olan pulu götürən zaman milli valyutanın dəyəri aşağı düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır. Bu o deməkdir ki, məsələn, 12750 dollarlıq manatla ifadə edilən əmanət milli valyuta develvasiya nəticəsində 11 100 dollardək azalarsa o zaman yaranan 1650 dollar fərq məhz dövlət tərəfindən qaşılana bilər. Amma əgər milli valyutanın məzənnəsi dəyişməzsə o zaman hər hansı fərq yaranmadığı üçün yeni xərc də formalaşmayacaq. Eyni zamanda fərq üçün minimum limitlər də müəyyənləşdirilə bilər. Məsələn, bu fərq 500 dollardan artıq olduğu halda qarşılana bilər. Əgər fərq 500 dollardan azdırsa o zaman həmin kəsir ödənilmir”.
Mütəxəssis deyir ki, potensial indeksasiya xərclərinin azaldılması üçün sığorta olunan, yəni müəyyənləşdirilmiş faiz limiti daxilində 30 min manatdan artıq olmayan əmanətlər dollara indeksasiya edilə bilər: “Bu isə o deməkdir ki, dövlətin potensial xərcləri kifayət qədər az olacaq. İndeksasiya sisteminin tətbiq edilməsi dollara tələbatı ciddi şəkildə azaldacaq. Monitorinqlər göstərir ki, dollara formalaşmış tələbin əhəmiyyətli hissəsi banklardakı manatını götürüb dollara çevirənlər hesabına baş verir. Develvasiya riskindən ehtiyatlanan əmanətçilərin bir qismi öz pullarını dollara çevriməyə başlayıblar.
Bu sistemin tətbiqi isə Mərkəzi Banka intervensiya xərclərinə qənaət etmək və bununla da valyuta rezevlərindəki azlmanın qarşısını almaq üçün vacibdir. Eyni zamanda, indeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardalı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər. Deməli, manatla əmanətləri indeksasiya etməklə valyuta bazarında dolları durdurmaq mümkündür. Bundan qazanan isə yalnız vətəndaşlar deyil, bank-maliyyə sistemi daxil olmaqla bütövlükdə dövlət olacaq”.