Vüqar Bayramovdan manat və dollar açıqlaması
Tanınmış iqtisadçı Vüqar Bayramov dollar və avronun məzənnəsinin artıb-azalmasına, eyni zamanda yatırım barədə ən çox maraq doğuran məsələlərə aydınlıq gətirib.
"Xeberinfo.com": Öz şəxsi facebook profilində geniş məlumat verən iqtisadçı hansı valyuta ilə yığım etməklə bağlı məsləhətlər də verib. V.Bayramovun statusunu təqdim edirik:
"Manatın ötən həftənin əvvəllərində dollara nisbətən zəifləməsi və avro ilə müqayisədə güclənməsi həftənin son doğru milli valyutamizin ABŞ puluna nisbətən möhkəmlənməsi ilə yadda qaldı. Baxmayaraq ki, amerika pulu bu həftəyə Bakıda cüzi möhkəmlənmə ilə başladı, amma manatın dövrü nisbi güclənməsi fonunda vəsaitlərini dollar ilə saxlayan vətəndaşlar arasında yenidən hansı valyuta ilə yığım etmək ilə bağlı suallara yaratdı. Bu gün ən çox verilən sualları qısa olaraq qruplaşdırsaq təbii ki, ən çox soruşulan məsələ milli valyutanın taleyi ilə bağlıdır.
1. Manatın məzənnəsi yaxın aylarda necə dəyişəcək?
- Milli valyutaımızın yaxın aylarda məzənnəsi daha çox dünya valyuta bazarında baş verənlərdən asılı olacaq. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əskinə: dollar ilə müqayisədə dəyər itirən avro manata qarşısında da zəifləyir. Deməli, bu artıq Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Əslində, bu artıq manatın avronun məzənnəsində tədricən asıllığın yaranması anlamına da gəlir. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər, avrozonada milli valyuta möhkəmlənəcəksə o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, Mərkəzi Bank hələlik mövcud məzənnə dəhlizindən kənara çıxmamağa çalışacaq.
2. Milli valyutanın məzənnəsində 1 Dollar yaxın zamanlarda 1 manatdan aşağı düşə bilərmi?
- Manatın məzənnəsini Mərkəzi Bank inzibati yol ilə müəyyənləşdirdiyi üçün milli valyutanın kursunu valyuta bazarında baş verənlərə əsasən proqnozlaşdırmaq mümkün deyil. Bununla yanaşı, son trendləri nəzərə aldıqda, yaxın zamanlarda manatın dolları “qəpiklərlə satın alması” mümkünsüz görsənir. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta va dünya neft bazarındakı mövcud vəziyyət, hətta iqtisadi hədəflər baxımdan da məqbul hesab edilmir. Çünki möhkəm milli valyuta hər zaman qeyri-enerji ixracatını tormuzlayır. Bu baxımdan, Mərkəzi Bank hətta xarici faktorlar arzuolunan olduğu halda belə kəskin məzənnə möhkəmlənməsinə gedəcəyi gözlənilmir".
Vüqar Bayramov növbəti devalvasiya ehtimalina və manatın kəskin ucuzlaşacağı iddialarına da cavab verib.
"3. Ölkəmizdə yeni develvasiya ola bilərmi?
- Əvəlla, bu ilin fevral ayından sonra yaxın zamanlarda yeni develvasiya olacağı və manatın kəskin ucuzlaşacağı ilə bağlı bir sıra xəbər portallarının maşet xəbərləri valyuta bazarına spukelyativ neqativ təsir göstərməklə yanaşı, vətəndaşlar arasında valyuta yığımları baxımdan süni ajotaj yaradırdı. Bəzi portallar mart ayında may ayınadək 1 dollar almaq 5 manat və bəzən hətta 20 manat ödəniləcəyi ilə bağlı əsaslandırılmayan məlumatları ictimai məsuliyyət baxımdan çox arzuolunmazdır. Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə baş bankda xirda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Dünya neft bazarındakı mövcud tendensiyanı nəzər alsaq Mərkəzi Bank hələ bir müddət mövcud məzənnə sərhədləri daxilində məzənnəni müəyyənləşdirməyə çalışacaq.
4. Manatın dollara məzənnəsi hansı halda bərabərləşə bilər?
- Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır. Neftin dünya bazar qiymətinin hər barel üçün 80 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Praktik olaraq milli valyutamız ilə dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi baxımdan, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımdan mümkündür.
5. Valyuta bazarında baş verə biləcək dəyişikliklərdən necə sığortalanmaq olar?
- Ötən ilin sonlarında tövsiyə etdiyimiz kimi, vəsaitlər nağd şəkildə saxlanan zaman səbətdən istifadə edilməsi məqsədəuyğundur. Xüsusən də, dünya valyuta bazarındakı mövcud vəziyyəti, milli valyutamızın mövcud dəhliz daxilində dəyişiklikləri nəzər alaraq nağd şəkildə saxlanan vəsaitlər bir valyuta ilə deyil, bir neçə valyuta ilə saxlanması arzuolunandır. Bu avro, manat və dollar ola bilər. Biz valyuta səbəti olaraq, vəsaitlərin 60 faizinin dollar, 20 faizinin manat, 20 faizinin isə avro kimi saxlanılmasının tərəfdarıyıq ki, bu da valyuta bazarındakı intensiv dəyişikliklərdən həmin vəsaitlərin sığorta olunmasına və onların dəyərinin itməsinin qarşının alınmasına şərait yaradacaq.
6. Pulu olan vətəndaşlarımız vəsaitini hansı istiqamətlərə yatrım etsələr əlverişli olar?
- Bakıda daşınmaz əmlaka yatırım etmək istəyənlər paytaxtdan kənarda yerləşən, qiyməti nisbətən ucuz olan torpaq sahələrini ala bilərlər. Xüsusən də, şəhərin mərkəzində sökülən məhəllələrdəki mənzil sahiblərinə verilən kompensasiyaları nəzərə alsaq, paytaxtdan kənardakı ərazilərdə torpaq sahələrinin qiymətinin daha da bahalaşacağı gözlənilir. Hətta neftin qiyməti ucuzlaşsa belə, bu torpaq sahələrinə tələbat yüksək olacaq. Daşınmaz əmlaka yatırım etmək istəyənlər daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə vəsait ayırması arzuolunandır. Xüsusən də, Çexiya, Polşa, Macarıstan və Bolqarıstanda hazırda daşınmaz əmlakın qiyməti ucuzlaşır. Bu ölkələrdə daşınmaz əmlaka sərmayə qoyuluşu bir müddət sonra yüksək gəlir gətirəcək. Bakıda daşınmaz əmlakın qiyməti isə 2015-ci ilin növbəti aylarında daha da azalacaq. Vəsaitlərini qızıla yönəltmək istəyənlərə gəlincə, isə maliyyə vəsaitlərinin zinət əşyası kimi satılan qızıla çevrilərək saxlanılması arzuolunan deyil. Çünki bu zaman qızılın alış və satış qiyməti arasında fərq olduğu üçün bu, birmənalı şəkildə imkan vermir ki, qızılda vəsait saxlamaqla gəlir əldə etmək mümkün olsun. Əgər 1000 manatlıq qızıl zinət əşyası alınıbsa, onu satarkən ən yaxşı halda, 700 manata geri alınır. Bu baxımdan, zinət xarakterli qızıla yatırım etmək doğru deyil. Ancaq bununla yanaşı, külçə halında satılan qızılın alınması arzuolunandır.
7. Xarici valyutalara tələbin azaldılması üçün nələrin edilməsinə ehtiyac var?
- Bu ayın əvvəlinə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsinə həm psixloji, həm də iqtisadi baxımdan müsbət təsir göstərə bilər. Baş bankda borclanmalar hesabına valyuta ehtiyatlarının həcmindəki azalmaların qarşısının alınmasına çalışılacağı gözlənilir. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələr ilə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarının inkişaf etdirməkləd əhalinin qeyri-valyuta yığım imkanlarını artırmaq və bütövlükdə dollara tələbin azalmasına nail olmaq mümkündür".