Sərmayə azadlığı yaxud neftlə bağlı olmayan gələcəyi necə təmin edək?
Dünyada ölkəyə sərmayə cəlb etməyin ən səmərəli və yayılmış üsulu müxtəlif sərbəst iqtisadi zonalar (SİZ) yaratmaq hesab olunur. Bu üsulun başlıca cəhətləri ayrı-ayrı bölgələrdə restrukturlaşma və sərmayədarlara vergi güzəştlərinin tətbiqi yolu ilə iqtisadiyyatı dərçəltməkdir. Belə bölgələrdə qabaqcıl əcnəbi sərmayə və texnologiyaları cəlb etməyə xüsusi diqqət yetirilir. Odur ki, SİZ-lərə xas olan xüsusiyyət burada 100% əcnəbi kapitalla yaradılan şirkətlərin də fəaliyyətinə yol verilməsidr.
Yenixeber.org: Sənaye yönümlü SİZ-lərə nisbətən Sərbəst Ticarət Zonaları (STZ) nisbətən kiçik yatırım müqabilində daha tez özünü doğruldaraq gəlir gətirməyə başladığına görə daha geniş intişar tapıb. Hazırda dünya boyu mövcud olan 1 000-ə qədər SİZ-in 1/3-i məhz STZ-lərdir ki, dünya ticarət dövriyyəsinin 25%-ə yaxını məhz onların payına düşür. Bu gün ABŞ-da 180, Avropada 150, Yaponiyada 23, Çində 14 STZ fəaliyyət göstərir. Bunlardan Çindəki Şenjen və yaxud Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Cəbəl Əli şəhərlərində yaradılmış STZ-lər bütün dünyadan sərmayə cəlb edərək dövlətə böyük gəlir mənbəyinə çevrilib, əhalinin həyat səviyyəsi xeyli yüksəlib.
Bu mənada ən uğurlu nümunə olan BƏƏ-dəki SİZ-lər 1985-ci ildən hökumət layihəsi qismində yaradılmış və özünü tam şəkildə doğruldub. Xüsusilə də 20 belə zonanın fəaliyyət göstərdiyi Dubaydə şirkət qeydiyyatları geniş vüsət alıb. Sonrakı dövrsdə yaradılmış SİZ-lərdə də qeydiyyatın cüzi fərqlə eyni qaydaları tətbiq edilir. Belə ki, həmin ərazi daxilində mülkiyyət hüququna 100% təminat verilməklə sıfır vergi tutulur, sadələşdirilmiş idxal-ixrac qaydaları təbiq olunur, sərmayədar, işçiləri və ailə üzvləri üçün 3 ildən başlayan müddətli viza ilə təmin olunurlar. Ölkənin əmək fəaliyyətinin təşkilinə dair qanunları SİZ-də qüvvədə deyil, yəni işçi tutmaq çox asandır. Sənədlər də son dərəcə tez və maneəsiz tərtib olunur.
Bununla yanaşı əksər sərbəst zonalar hansısa müəyyən sahədə fəaliyyət göstərən şirkətlərin qeydiyyatında “ixtisaslaşır”. Həmçinin SİZ-də müasir avadanlıq və texnologiyalar, infrastruktur, yəni sərmayədar üçün maksimum rahatlıq təmin olunur.
Azərbaycanda Xüsusi İqtisadi Zonalarının (XİZ) yaradılması 1990-cı illərin ikinci yarısından hökumət səviyyəsində müzakirə olunmağa başlayıb. Lakin daha çox bunun üçün düşünülən ərazilərdə müasir infrastrukturu sıfırdan yaratmaq zərurəti üzündən bu məsələnin həyata keçirilməsi xeyli uzandı. Əsasən nəqliyyat qovşaqlarının ön plana çəkilərək SİZ-lərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında, Heydər Əliyev Beynəlxalq Hava Limanında yaratmaq, həmçinin dəmir yolunda sərbəst ticarət depolarının yaradılması imkanlarına baxılıb. Belə ki, sərbəst zonalar adətən nəqliyyat-logistika qovşaqlarının yaxınlığında yaradılır.
Nəticədə SİZ yaratmaq üçün Ələt qəsəbəsində son illər inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı) ərazisi seçildi. Burada SİZ yaratmaq sahəsində dünyada bərqərar olunmuş standart və meyarlar mövcuddur. Belə ki, yaxınlıqdan keçən Bakı – Tbilisi – Qars dəmir yolu xəttilə birgə liman Böyük İpək Yolu beynəlxalq nəqliyyat dəhlizində əlverişli və rəqabətcil multimod nəqliyyat marşrutu təşkil edir. Həm də Şimal – Cənub, Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən belə bir SİZ Xəzər hövzəsinin ən böyük logistika mərkəzinə çevrilməlidir və yaxın gələcəkdə bura Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, Türkiyə, İran, Rusiya, Çin üçün daha böyük iqtisadi əhəmiyyət kəsb etməyə başlayacaq. Bununla da yeni Bakı Limanı Avrasiyanın mühüm nəqliyyat habları sırasına daxil olacaq.
Adıçəkilən ərazidə SİZ-in yaradılması və fəaliyyətinin təşkili barədə fərmanı Prezident İlham Əliyev bu il mayın 22-də imzalayıb. Əslində koronavirus pandemiyasının yaratdığı bir çox problemlərə baxmayaraq dövlətin belə bir irimiqyaslı layihəni həyata keçirmək əzmində olması çox məntiqlidir, çünki yük daşımaları istənilən böhran vəziyyətində belə ən gəlirli sahələrdən biri olaraq qalır.
Maraqlııdır ki, sözügedən SİZ-i yaratmaq üçün hökumət BƏƏ-nin təcrübəsini əsas götürməklə dünyanın ən böyük liman operatoru olan “Dubai Port World” şirkətini məsləhətçi qismində cəlb edib. Məsləhətçi şirkətə sərbəst zonanın ərazisinə dair baş planın tərtibi, STZ normativ sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması həvalə olunub.
Daha əvvəl qeyd olunduğu kimi Azərbaycanda SİZ yaratmağın konsepsiyası rəqabətcilliyi yüksəltmək, malların əlavə dəyərini yaratmaq kimi məsələləri əsas götürür. Bunun mənasını izah edək. Tutalım hər hansı yük konteyneri Avropaya yola salınmalıdır. Bakı Limanında bu yük müvafiq texniki proseslərdən keçirilməklə əlavə dəyər yaradır, sonra da yoluna davam edir.
Əvvəllər də dəfələrlə bildirildiyi kimi dünyada ən tanınmış SİZ-lərdə sınaqdan keçirilən təcrübənin tətbiqi sayəsində sözügedən layihə vasitəsilə ölkəyə 1 milyard ABŞ dolları məbləğində əcnəbi sərmayə cəlb ediləcək.
Beləliklə, Ələt qəsəbəsindəki SİZ indiki şəklində nəqliyyat-ticarət təmayüllü kimi dəyərləndirilə bilər. Yuxarıda göstərildiyi kimi ən tez özünü doğruldan bu növ SİZ-lər Azərbaycanın coğrafi mövqeyi baxımdan da daha əlverişlidir. Yeni SİZ-in fəaliyyətinə dair təfərrüatlar hələlik açıqlanmasa da, qabaqcıl beynəlxalq təcrübənin burada nəzərə alınacağını söyləmək olar.
Sənaye təmayüllü SİZ-lərdə isə müəyyən növ məhsullar buraxmaq üçün orta həcmli müəssisələr yaradılır və çox vaxt istehsalat zənciri də təşəkkül tapır. Hazırda ölkədə bu cür SİZ-lərin bənzər variantı olan texnoparklar və sənaye parkları, sənaye məhəllələri fəaliyyətdədir. Burada vergi və tarif imtiyazları, istehsalat sahələrinin icarəsində güzəştlər tətbiq olunur. Belə texnoparklara və ya sənaye parklarına yerli və əcnəbi sərmayədarların ləng cəlb olunması əalində bütövlükdə istehsalata yatırılan vəsaitin ticarətə və ya nəqliyyata yatırılandan daha böyük olması və daha gec özünü doğrultması, belə yatırımlar üçün daha ehtiyatla davranıldığı ilə bağlıdır. Vaxt ötdükcə məhz hansı növün daha səmərəli çıxdığı görünər, o zaman beynəlxalq səviyyəli SİZ yaratmaq məsələsi də gündəmə gələr.
Hər halda ekspertlərin yekdil qənaətinə görə sərbəst iqtisadi zonalar ölkə iqtisadiyyatı üçün yalnız müsbət amildir. Belə ki, müəyyən malların istehsalı idxaldan asılılığı azaltmaqla daxili bazarda qiymətlərin də əlverişli olmasını şərtləndirir. Odur ki, bu kimi layihələri istər ölkə daxilində, istərsə də xaricdə hərtərəfli təbliğ etmək rəsmi qurumlarının ümdə vəzifələrindəndir. Sərbəst iqtisadi zonalara nə qədər çox kapital axını təmin edilsə, ölkənin gələcəyini neft asılılığından bir o qədər tez qurtarmaq mümkün olar.
Qulu Nuriyev, ekspert