İqtisadçılar yanlış proqnozlarına görə cavab verdilər
Manatın və dolların məzənnəsi ilə bağlı analiz aparan, proqnoz verən iqtisadçılar sosial mediada tənqid hədəfinə çevriliblər. Sosial şəbəkə istifadəçiləri onları yanlış prqonoz verməkdə suçlayırlar.
"Xeberinfo.com": Məlumata görə, ünvanlarına söylənən irad və qınaqlara cavab olaraq sabiq maliyyə naziri Fikrət Yusifov öz sosial şəbəkə səhifəsində yazıb: "Bu gün milli valyutanın məzənnəısi ətrafında yaranmış anlaşılmazlıqlardan çirkin şəkildə siyasi məqsədlərə istifadə edənlərə: Siz əgər peyğəmbərlik etmək qabiliyyətində idinizsə, son iki ayda mətbuatda bütün səviyyədən olan iqtisadi yazarların manatın məzənnəsinin tədricən devalvasiya edəcəyi ilə bağlı dediklərini nə üçün təkzib edib Mərkəzi Bankın "şok effektli" addım atacağını soyləmirdiniz?
İndi Mərkəzi Bank fevralın 16- da manatın məzənnəsi ilə bağlı müvafiq addım atandan sonra özünüzü hamıdan ağıllı sayıb başqalarına yersiz iradalar tutmaqla məşğulsunuz. Manatın məzənnəsi ilə bağlı baş verən proseslərə dair geniş təhlilimiz olacaq. Təsləsmək lazım deyil!"
Daha sonra polemikaya iqtisadçı Samir Əliyev qoşulub: "Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşmazsa, yəni, 50 dollardan aşağı düşməzsə, ölkə iqtisadiyyatında gözlənilməz proseslər baş verməzsə, fikrimcə, ay ərzində ucuzlaşma 1- 1.5 faizdən çox olmayacaq. Bu isə ilin sonuna qədər manatın dollara nəzərən 10-15 faiz ucuzlaşması deməkdir. Buna görə də hesab edirəm ki, ilin sonuna kimi 1 dollar 1 manata bərabər olmayacaq, ən yaxşı halda, bu 90 qəpik olacaq, yəni bir dollar 90 qəpiyə qədər qalxacaq".
İqtisadçı Rövşən Ağayev yazıb: "Ən azından bu iqtisadçılar Fikrət Yusifov kimi israr etmirdilər ki, 70 milyard dollar (məlumat Fikrət müəllimə məxsusdur) valyuta ehtiyatlarımız imkan verəcək ki, manatın hazırkı məzənnəsi qorunsun. Yumşaq devalvasiya proqnozu isə ona görə verlirdi ki, hələ də hökumətin kəskin devalvasiyanın sosial nəticələrini hesablamaq imkanının qaldığına inam vardı. Artıq bu inam yoxdu və gələcək proqnozlar daha realist olacaq.
İqtisadçı Vüqar Bayramov da söhbətə qarışaraq öz şərhini verib: "Mən Mərkəzi Bankın rəsmi açıqlamarına istinad edərək manatin mərhələli və ilin sonunadək 15 faiz dəyər itirəcəyini gözləyirdim. Təbii ki, bütün hallarda manatin dəyərdən düşəcəyi gözlənilirdi və bu deyilirdi. Amma belə kəskin məzənnə azalması proqnozlaşdırılmırdı. Amma təəssuf ki, belə oldu. Əsllində mən ötən həftə məzənnənin yüksək olduğu zaman pulları saxlamaq üçün valyuta səbəti prinsipinden istifadə edilməsini, vəsaitin 50 faizinin dollar, qalan 50 faizinin isə yarı-yarı manat ve avroda saxlanmasını təklif edirdim. Bunu dəfələrlə mətbuata, o cümlədən "Yeni Müsavat" qəzetinə də bildirmişdim. Amma etiraf edək ki, iqtisadçı olaraq heç birimiz kəskin develvasiya gözləmirdik. Çünki Mərkəzi Bank sədri rəsmi olaraq bəyan etmişdi ki, Azərbaycanda devalvasiya olmayacaq. Manatin məzənnəsini bazar deyil, Mərkəzi Bank inzibati yolla tənzimlədiyi üçün biz də təbii ki, rəsmi açıqlamalara əsaslanib şərh vermeli idik. Mərkəzi Bankın əməli isə dediklərindən fərqli oldu.
Musavat.com