“Gülən tərəfdarları hələ də Azərbaycanda güclüdür…”
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə ötən həftə reallaşan səfəri kifayət qədər uğurlu hesab edilir. Səfərə Azərbaycanda yetərincə maraqlı yanaşmalar var.
"Xeberinfo.com": Məlumata görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məqaləsində bu səfərə ehtiyac olduğunu yazıb: “Çünki iki ölkənin liderlərinin sonuncu görüşündən sonra Azərbaycan-Türkiyə münasibətlərində bir neçə aktual məsələ var idi ki, onlar barədə müzakirə aparılmalıydı. Birincisi, bu Bakı-Tiflis-Qars layihəsidir. Bu layihənin icrası gecikir. Dəmiryolunun tikintisi Azərbaycan və Gürcüstanda başa çatıb, gecikməyə səbəb Türkiyədə işlərin ləngiməsidir. Rəsmi Bakı isə bu layihəni qısa müddətdə istifadəyə verməyə çalışır. Çünki layihə işə düşdükdən sonra Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq. Digər tərəfdən Bakı yaxınlığında – Ələtdə tikilən dəniz limanı vasitəsilə Çin və Mərkəzi Asiya malları Bakı-Tiflis-Qars dəmir yolu üzərindən Avropaya daşınacaq. Həmçinin, Azərbaycan bu layihə vasitəsilə Ermənistanın blokadasını gücləndirmək və bu ölkəyə qarşı təzyiqi artırmaq imkanı qazanacaq”.
E.Şahinoğlu İ.Əliyevin türkiyəli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında dediklərinə diqqət çəkib: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi strateji əhəmiyyətə malikdir və əminəm ki, bu layihə vaxtlı-vaxtında icra ediləcək”. Ekspertə görə, bu, Bakının Ankaraya növbəti mesajıdır ki, Türkiyə tərəfi tikintini sürətləndirsin: “Ərdoğanın cavabı isə belə oldu ki, ilin sonuna qədər dəmiryolu hazır olacaq. Halbuki, rəsmi Bakı layihəni ilin başlanğıcında istifadəyə verməyə çalışırdı”.
E.Şahinoğlu Türkiyənin bu il Azərbaycanın da dəvət aldığı G-20 sammitinə ev sahibliyi edəcəyini xatırladıb: “İlham Əliyevin G-20 zirvəsinə dəvəti həm Türkiyə-Azərbaycan strateji münasibətlərinin keyfiyyətindən xəbər verir, həm də Azərbaycan prezidenti üçün vacib bildiyi məsələləri böyük dövlətlərin liderlərinin diqqətinə çatdırmaq üçün şərait yaradır”. Politoloq hesab edir ki, Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasındakı iqtisadi hədəfləri bir daha təsdiq etdilər: “a) Türkiyə şirkətləri Azərbaycanda 10 milyard dollar həcmində layihələr icra edirlər; b) İki ölkə arasında ticarət dövriyyəsinin həcmi indiki 5 milyard ABŞ dolları təşkil edirsə, 2023-cü ildə bu rəqəm 25 milyard dollara çatdırılacaq; v) 2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq”.
E.Şahinoğlu Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın güclənməsini də xüsusi vurğulayıb: “İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla qapalı müzakirədə böyük ehtimalla hərbi əməkdaşlığın 2015-ci ildə də genişləndirilməsi planını müzakirə edib. Azərbaycan Türkiyədən xeyli silah alır və bu proses genişlənəcək. 2014-cü ildə Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər keçirildi və bu təlimlər bir neçə gün davam etdi. Birgə təlimlər 2015-ci ildə də davam edəcək. Digər tərəfdən iki ölkənin müdafiə sənayesi məshullarının birgə istehsalı artacaq”.
Ekspert Ankarada imzalanan sənədlər arasında bir protokolun diqqəti çəkdiyini vurğulayıb: “Bu, çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsindəki əməkdaşlıq protokolu idi. Bu protokol iki səbəbdən vacibdir. Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriya və İraqa gedib terrorçulara qoşulmaları haqqında məlumatlar rəsmi Bakını narahat edir. Azərbaycan hakimiyyət bu cür vətəndaşlar haqqında Türkiyədən dəqiq məlumatlar almaq istəyir. Protokolda Ankaranın da marağı var idi. Çünki Ərdoğan Fətullah Gülən qrupu ilə mübarizəni davam etdirir. Bu mübarizədə Ərdoğan Əliyevdən dəstək gözləyir. Ona görə ki, Gülən tərəfdarları hələ də Azərbaycanda güclüdürlər və Azərbaycanda böyük maliyyələri var. Türkiyə hökuməti isə bu pulları imzalanan protokola görə, “çirkli pul” sayır və deməli bununla mübarizə aparılmalıdır. Ankara gözləyir ki, Bakı Gülən tərəfdarları ilə mübarizəni genişləndirəcək və onların maliyyə imkanlarını məhdudlaşdıracaq”.
Səfərin əsas məqamlarından biri kimi E.Şahinoğlu Ankaranın Ermənistanla bağlı siyasətinin dəyişmədiyinə diqqət çəkib: “ İlham Əliyevin Ankaraya səfərinə qədər Bakı ehtiyat edirdi ki, Ankara erməni lobbisinin təzyiqini neytrallaşdırmaq üçün aprel ayına qədər Ermənistanla diplomatik münasibətləri bərpa edə bilər. Əksinə, aprel ayında İlham Əliyev yenidən Türkiyədə səfər edəcək və Ərdoğanla birgə “Çanaqqala savaşı”nın yüzilliyində iştirak edəcək. Bu isə bir daha göstərir ki, Ərdoğanın Ermənistan siyasətində dəyişiklik yoxdur”.
Politoloq Vəfa Quluzadə Ankara görüşündə Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunun müzakirə edildiyinə inanmır: “Çünki indiki beynəlxalq şəraitdə Türkiyənin Ermənistanla sərhəd açması məsələsi qeyri-realdır. Sərhədlərin açılması üçün gərək Ermənistan bir hərəkət etsin. Yəni Rusiyanın Gümrüdəki hərbi bazasını çıxartsın, Qarabağ məsələsinin həlli üçün Azərbaycanla masa arxasında otursun, Türkiyəyə qarşı ərazi iddialarından əl çəksin”. Politoloq qondarma “soyqırım”la bağlı ildönüm kampaniyası ilə əlaqədar Türkiyənin ermənilərə yönəlik hansısa ciddi güzəştlərə gedəcəyini güman etmir: “Soyqırım”ın qəbulu qeyri-real bir məsələdir. Erməni diasporu “soyqırım”ı Amerikaya qəbul etdirib Vaşinqtonun əli ilə Türkiyəni susdurmaq istəyir, bu da mümkün deyil”.
“Trend”in baş direktorunun müavini, siyasi icmalçı Arzu Nağıyev isə səfərin ən diqqətçəkən məqamlarından biri kimi Çanaqqala qələbəsinin 100 illiyi ilə bağlı tədbirə dəvəti xatırladıb: “Məlumdur ki, Ermənistan aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır və bununla bağlı bir sıra dövlət başçılarına ağlaşma, gözyaşı dolu dəvətlər göndərir və havadarları vasitəsilə şərtlər qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Çanaqqala savaşının yüzilliyində iştirakı ilə bağlı dəvət isə bir daha göstərir ki, Türkiyənin Ermənistan siyasətində heç bir ciddi dəyişiklik yoxdur”.