“Qara kassa”, Çinin “namizədi”, sirli dissident…-Şimali Koreya liderinin qardaşını kim aradan götürdü?
Fevralın 13-də Malayziyada – Kuala-Lumpura beynəlxalq hava limanında müammalı hadisə baş verdi. Şimali Koreya lideri Kim Çen İnin böyük qardaşı Kim Çen Nam sirli şəraitdə qətlə yetirildi.
Xeberinfo.com: Qətllə bağlı artıq bir nəfər – Doan Txi Xıonq adlı Myanma (bəzi məlumatlara görə, Vyetnam) vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Lakin onun bu olayda hansı rol oynadığı hələ ki qeyri-müəyyən qalır.
Xarici mətbuata istinadən Kim Çen Namın qətlinin arxasında duran müammaya aydınlıq gətirməyə çalışacağıq.
Bioqrafiya
Kim Çen Nam və atası
Kim Çen Nam 10 may 1971-ci ildə anadan olub. O, Kim Çen İrin vətəndaş nikahında olduğu birinci arvadından – Cənubi Koreyadan olan aktrisa Son Xe Rimdən olan oğludur.
Nam heç vaxt Şimali Koreyanın «birinci şəxsi» statusuna iddialı olmayıb. O, ilk dəfə dünya mediasının gündəminə 2001-ci ildə – Yaponiyanın sərhəd xidməti tərəfindən saxlanılarkən gəlmişdi.
Həmin vaxt onun üzərindən Dominikan vətəndaşı olduğuna dair saxta pasport çıxmışdı. Bu hadisədən sonra Nam uzun müddət gözlərdən uzaq qalmış və Şimali Koreyadan kənarda, əsasən Çin və Sinqapurda yaşamışdı.
«Pleyboy» həyatı sürən, kazino həvəskarı kimi tanınan Kim Çen Nam jurnalistlərlə ünsiyyətdən qaçır və siyasi söhbətlərdən uzaq durmağa çalışırdı. Lakin bəzi açıqlamalarında Şimali Koreyadakı rejimə qarşı yumşaq tənqidlər də səsləndirirdi.
2010-cu ildə – qardaşı Kim Çen İn atasının varisi olaraq hakimiyyətə gələndə Nam Yaponiya telekanalına maraqlı müsahibə verdi. O, hakimiyyətin miras yolu ilə ötürülməsinə qarşı çıxaraq yeni rəhbərin (Kim Çen İnin) Şimali Koreya əhalisinin həyat şəraitini yaxşılaşdırmaq üçün hər şey edəcəyinə ümidvar olduğunu dedi. Bu işdə ona kömək etməyə hazır olduğunu da bildirdi.
2012-ci ildə Kim Çen Namın yaponiyalı jurnalist Yolzi Qomi ilə maraqlı yazışması üzə çıxdı. Həmin yazışmada Nam açıq şəkildə bildirirdi ki, qardaşının heç bir liderlik qabiliyyəti yoxdur.
Bununla belə, ekspertlər hesab edir ki, Namı Şimali Koreya rejiminin sərt tənqidçisi, qardaşı Kim Çen İnin isə siyasi opponenti adlandırmaq düzgün olmaz.
Sirli həyat
Namın statusu və məşğuliyyəti heç kimə məlum deyildi. Elə buna görə də barəsində müxtəlif şayiələr dolaşırdı. Onu gah dissident, gah da Çinin Şimali Koreya liderliyinə «namizədi» adlandırırdılar.
İddialara görə, Pekin zərurət yaranacağı təqdirdə, Şimali Koreyada hakimiyyətə məhz Namı gətirməyi düşünürmüş. Məqsəd də bu ölkənin Çinin maraqlarına uyğun siyasət yürütməsini təmin etmək olub. Lakin bu iddialar çinli məmurlar tərəfindən hər dəfə təkzib olunurdu.
Belə söhbətlər də gəzirdi ki, Kim Çen İn dəfələrlə qardaşını aradan götürmək istəyib. Lakin Çin Dövlət Təhlükəsizlik Xidməti buna imkan verməyib.
Hər ilyarımdan bir bu iddia gündəmə gətirilirdi. İddianın müəllifləri isə adətən Cənubi Koreya və Qərb mətbuatı olurdu. İstinad mənbəyi kimi də anonim, lakin mötəbər mənbə göstərilirdi.
Məsələn, 2012-ci ildə Cənubi Koreya kəşfiyyatı tərəfindən həbs olunan Şimali Koreya agenti demişdi ki, Kim Çen İn onun əli ilə qardaşı Nama sui-qəsd planlaşdırırmış. Sui-qəsd yol nəqliyyat hadisəsi zamanı gerçəkləşdiriləcəkmiş.
Ortada başqa iddialar da dolaşırdı. Məsələn, biri bu idi ki, Kim Çen Nam Şimali Koreyanın «qara kassası» olub.
Mətbuat yazır ki, hər bir tiran kimi, Kim Çen İn də gizli sərvətə sahibdir və bu sərvətin üzə çıxmama səbəbi onun yaxşı gizlədilməsidir. Böyük pulları da «böyük qardaşdan» (Namdan) yaxşı kim gizlədə bilərdi?!
Sirli ölüm
Namın ölümü də həyatı kimi sirli oldu. Şimali Koreya mətbuatında yayılan xəbərlərdə deyilirdi ki, Kim Çen Nam iki qadın sui-qəsdçi tərəfindən qətlə yetirilib.
Qadınlar Namı zəhərli iynə ilə zərərsizləşdirəndən sonra taksiyə minərək hadisə yerindən qaçıblar. Cənubi Koreya mediasında yayılan versiya da belə idi.
Maraqlıdır ki, bu detallar Malayziya polisi hələ ölüm faktını təsdiqləməmiş mətbuatda yayılmağa başladı.
Malayziyanın özündə isə xəbər bu cür tirajlandı: “Makao reysini gözləyərkən Kim soyadlı bir nəfərin halı pisləşib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib”.
Aeroportun mühafizə xidmətinin rəisi mətbuata açıqlamasında deyib ki, Kim Çen Nam hava limanın tibb məntəqəsində başağrısından şikayət edib və huşunu itirib.
Tədricən yeni detallar üzə çıxmağa başladı. Məlum oldu ki, mərhumun üzərində Kim Çxolun adına sənədlər olub. Bu səbəbdən də onun kimliyini həmin dəqiqə müəyyən etmək mümkün olmayıb.
Polis idarəsindən isə bildiriblər ki, bir qadın Namı arxadan tutub. Sonra da zəhərli maye ilə isladılmış yaylığı onun ya başına, ya da gözlərinə tərəf atıb.
Nam gözlərində yanma olduğunu deyib və ona yerindəcə tibbi yardım göstərilib. Bunun ardından o, Pudratjay xəstəxanasına yola salınıb, lakin elə yolda həyatını itirib.
Maraqlıdır ki, polis zəhərli iynə barədə heç nə deməyib. Ekspertiza isə ölümün səbəbini müəyyənləşdirə bilməyib.
Fevralın 14-də yerli polis idarəsinin rəsmisi Məhəmməd Saleh bildirib ki, ölümlə bağlı təsdiqlənmiş versiya hələ ki yoxdur. Və hazırda polis ürəktutmanı qəfil ölümün səbəbi kimi araşdırır.
Müqəssir kimdir?
Məhkəmə-tibb ekspertizasının, eləcə də istintaqın nəticəsini gözləmədən Cənubi Koreya, ardınca da Qərb mətbuatı təqsirkarı müəyyən etdi.
Onlara görə, bu, Kim Çen İndir və qardaşını aradan götürməkdə məqsədi siyasi liderliyini möhkəmləndirməkdir.
Cənubi Koreya ekspertləri deyir ki, Kim Çen İnin sifarişi ilə gerçəkləşən bu siyasi qətl ona işarədir ki, hətta hakim ailənin üzvləri belə, istisna sayılmırlar və hər an qurban ola bilərlər:
«Şimali Koreya lideri ona açıq şəkildə meydan oxuyan sonuncu şəxsi aradan götürdü. Pxenyan elitasına siqnal göndərildi ki, ən yaxınlar belə, «şahın» qəzəbinə tuş gələ bilərlər”.
Bəzi iddialara görə, Kim Çen Nam siyasi sığınacaq almağa hazırlaşdığı, bəzi iddialara görə isə qardaşının Şimali Koreyaya qayıtmaq və orada yaşamaq tələbinə məhəl qoymadığı üçün öldürülüb.
Hələlik Cənubi Koreyanın rəsmi orqanları, eləcə də Kəşfiyyat Xidməti qətldə Şimali Koreya izinin olduğunu təsdiqləməyiblər. Amma hər ehtimala qarşı şimaldan qaçıb onlara sığınan koreyalıların mühafizəsini gücləndiriblər.
Birləşmiş Ştatlar da Kim Çen Namın Şimali Koreyadan olan xəfiyyələrin öldürdüyü barədə heç nə deməyib. Ümumiyyətlə,Vaşinqton hələ bu barədə rəsmi açıqlama verməyib.
Versiyalar…
Belə bir versiya da dolaşır ki, sui-qəsdi Cənubi Koreya kəşfiyyatı planlaşdırıb və Nam sadəcə qurban olub.
Məqsəd, dünya ictimaiyyətinin fikrini Şimali Koreya problemini güc yolu ilə həll etməyə kökləməkdir. Kim Çen İn haqda öz qardaşını öldürən rəhbər obrazı yaratmaqla həm də o təlqin edilir ki, bu cür rejimlə yalnız güc yolu ilə danışmaq mümkündür.
Başqa bir iddiaya görə, bu yolla bu yaxınlarda raket sınağı həyata keçirən Şimali Koreyaya mesaj göndərilib: «Qardaşına əlimiz çatdı, sənə də çata bilər».
Və nəhayət belə bir versiya da səslənir ki, Kim Çen Namı aradan götürməklə Şimali Koreyanı əsas valyuta mənbəyindən məhrum etməyə çalışıblar. Təbii ki, əgər iddia olunduğu kimi, Nam ailənin maliyyə məsələlərinə cavabdeh idisə.
Bu halda Şimali Koreyanın milyardlarının harada gizlədildiyini yalnız o bilə bilərdi.Məhz bu milyardların köməyi ilə Kim Çen İn illərdir sanksiyalara qarşı duruş gətirə bilir.
İstənilən halda səs-küylü siyasi qətl regiondakı gərginliyi bir qədər də artırdı və diqqətləri növbəti dəfə Şimali Koreyaya yönəltdi.
İndi ümid yalnız Malayziya polisinin əhatəli və obyektiv istintaq aparmasına qalıb. Əks halda bu hadisə təbliğat üçün alətə çevriləcək və tərəflərin hər biri qətlin sifarişçisi ilə bağlı öz marağına uyğun ünvan göstərəcək…