3 milyon manatlıq ziyan -"Yanan bina işi"
Bu gün ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xeberinfo.com: Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Öncə Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Akif Əlibəyovun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi Eldar Mahmudova məktubu elan olunub. Həmin məktubda bildirilir ki, sertfikatlar qanuni surətdə verilib.
Təqsirləndirilən Miryusif Mahmudov qısa arayış verib: "Cildləri oxuyuruq. Cinayət işinin içərisində bizi narahat edən fikirlər, sənədlər yoxdur. Şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verməmişəm".
M.Mahmudovun vəkili İlhamə Həsənova poliuretan məhsullarının odadavamlığını sınaqdan keçirən ekspertlərin məhkəmə prosesinə dəvət edilməsini xahiş edib: "Həmin ekspertlərin tədqiqatda iştirakı yolverilməzdir. Çünki onlar bu tədqiqatda maraqlı şəxs olub. Həmin ekspertlərin rəyi sübutlar siyahısından çıxarılmalıdır".
Vəkil Cavid Rzazadə təkrar ekspertizanın keçirilməsini istəyib.
Hakim ekspert rəyinə əsasən sözügedən binanın yanması nəticəsində ümumilikdə 2 milyon 951 min manat ziyan dəydiyini bildirib.
Cinayət işinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilib ki, üzlüklərin alınmasında istifadə olunan avadanlıqlara kənar müdaxilə qeyri-mümkündür: "Həmin qurğu ilə müdaxilə olunarsa, məhsulun fiziki-kimyəvi göstəriciləri dəyişər, bununla məqsədəmüvafiq keyfiyyət xarakteristikası pozular və istənilən poliuretan məhsulu alına bilməz. Xaricdən alınan xammal qapaqları hermetik bağlanan plomblanmış çənlərdə gəlir".
Həmin rəydə əlavə olaraq qeyd olunub ki, yanğının mənbəyi binaya bitişik yerləşən qeyri-yaşayış sahəsinin damının üstündə, binanın divarından 70-80 sm ara məsafədə yerləşib. Yanğının səbəbi kimi mənbə zonasında olmuş alışqan xüsusiyyətli zibil tullantılarının alışması və oradan yanğının binanın üzlük materialına keçib yanması olub.
Məhkəmə sabaha kimi təxirə salınıb.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.