“Həbs siyahısı genişlənə bilər”
“Kütləvi həbslər iqtidarın “biz hakimiyyəti nəyin bahasına olursa-olsun, qoruyacağıq” mesajıdır”
"Xeberinfo.com": Azərbaycan hakimiyyət düşərgəsində indiyə qədər analoqu olmayan olaylar baş verməkdədir. Hakim komandaya aid olan iri biznes strukturlarının sahibləri, eləcə də rəhbər vəzifələrdə təmsil olunan şəxslərin həbs edilməsi, toxunulmazlıq statusu olan deputatların saxlanması, evlərində axtarış aparılması xəbərləri yayılır. Hər keçən gün həbs dalğasının genişlənməsi hakim komanda içərisində çalxalanmanın uzun müddət sakitləşməyəcəyi, yeni qurbanlar aparacağı təəssüratı yaradır. Olayları neftin kəskin enişi ilə boşalan büdcənin doldurulması əməliyyatı kimi qiymətləndirənlər də var. Ancaq miqyas söhbətin yalnız “büdcə kəsiri” məsələsi olduğuna şübhələr yaradır.
Durumu “Yeni Müsavat”a şərh edən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu söhbətə durumun 2005-ci il olayları ilə müqayisəsindən başlayır: “Son günlər Azərbaycanda yaşananlar, istər-istəməz, 2005-ci il parlament seçkisinin ardınca başlayan olayları yada salır. 2005-ci ildə Rusiya xarici kəşfiyyat idarəsinin rəisi Yuri Lebedev Azərbaycan gəlmiş, bir neçə gün öncə Azərbaycanda olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin keçirdiyi formatda görüşlər keçirmişdi. Qısa müddət sonra Azərbaycanda səs-küylü həbslər başladı, bu dalğada iki nazir – səhiyyə naziri, YAP-ın əsas simalarından olan Əli İnsanov və hakim ailə ilə çox yaxın münasibətləri olan iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edildi. Həbslərin həmin nazirlər, onların sərvəti, mülkiyyəti üçün hansı nəticələrə gətirdiyinə toxunmaq istəmirəm. Ancaq bir məsələni vurğulamamaq mümkün deyil. İlk günlər həbslərin siyasi xarakterli olduğu açıq şəkildə bildirilirdi – prokurorluğun ilk rəsmi açıqlamasında nazirlərə dövlət çevrilişinə cəhd maddəsi ilə cinayət içi açıldığı yazılmışdı. Son günlər həbs xəbəri yayılan şəxslər hakimiyyət içərisində Rusiyaya loyal münasibəti olan qrupdan deyil. Daha dəqiqi saxlananlar Rusiyaya loyal olmayan qrupa yaxındırlar. Burada konkret xətt dəqiq görünür. Düşünmək olar ki, bu Rusiyanın son zamanlar Azərbaycanla bağlı qurduğu planların, həyata keçirmək istədiyi siyasətin tərkib hissəsidir. Əslində Azərbaycan hakimiyyəti Rusiyaya çox loyaldır. Bu hadisələr isə göstərir ki, hakimiyyətdə bu məsələ ilə bağlı fikir ayrılıqları da var. Bu aksiya həmin qrupun iqtisadi dayaqlarının sıradan çıxarılmasına yönəlib”.
Ərəstun Oruclu deyir ki, həbslərin arxasında mülkiyyətin yenidən bölgüsü məsələsi də ola bilər: “Sadə desək, söhbət həmin şəxslərin mülkiyyətinin əlindən alınmasından gedir. Bu vəsaitlərin bir hissəsinin sürətlə boşalan dövlət büdcəsinə yönəldiləcəyi də istisna deyil. Görünməyən səbəblərlə yanaşı, elan edilən səbəblərin də gerçəkliyi tam mümkündür. Hakimiyyətə yaxın olan iş adamlarının banklardan külli miqdarda kreditlər alıb qaytarmaması ilə bağlı ortada xeyli faktlar var. Görünür, bu məsələlərin də üstünü açmağın zamanıdır. Əli İnsanov və Fərhad Əliyev nümunəsindən fərqli olaraq son həbslər hüquqi cəhətdən daha çox əsaslandırılıb. Bu da təbiidir. 10 il bu işi öyrənmək üçün az müddət deyil. İndi artıq insanları dövlət çevrilişi cəhdi ehtimalı ilə həbs edib korrupsiyaya görə mühakimə eləmirlər. Ssenari reallığa daha yaxın məsələlər ətrafında qurulur”.
Politoloq bildirir ki, təhqiqat orqanı olaraq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin seçilməsi də bu məsələnin arxasında başqa səbəblər olduğunu sübut edir:“Əgər hər hansı şəxs, sahibkar kreditini qaytarmaq istəmirsə, bununla Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məşğul olmur. Bu məhkəmənin səlahiyyətinə aid məsələdir. Bunun üçün İqtisad Məhkəməsi var. İqtisad Məhkəməsi həmin şəxsi qanuni yollarla götürdüyü krediti qaytarmağa məcbur edir. Məcburiyyət mexanizmi işləməyəndə borclunun mülkiyyəti satışa çıxarılır, əldə edilən vəsait bankın ziyanının ödənməsinə yönəldilir. Bu da borcun ödənilməsinə yetərli olmasa şəxs haqqında cinayət işi qaldırıla bilər. Ancaq biz burada başqa tendensiya görürük. DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kredit məsələsinə heç bir aidiyyəti yoxdur. Heç bir halda insanlar kredit qaytarmayıb deyə həbs edilə bilməz. Bu qanunsuz əməldir. Prosesin bu şəkildə aparılması göstərir ki, burada siyasi səbəblər istisna deyil”.
Ərəstun Oruclu bu dalğada yeni səs-küylü həbslərin olacağını da istisna etmir: “Siyahı genişlənə bilər. Ölkədə ciddi maliyyə problemləri var, büdcədə böyük kəsir, ciddi boşluqlar var. Ancaq bir məsələ də var ki, daha böyük oliqarxlara toxunmaq, onların sərvətinə əl qoymaq bir qədər risklidir. Çünki indi Azərbaycan çox həssas bir dönəmdən yaşayır – bu, təzadlar yarada bilər. Hakimiyyət aşağı dayaqları sıradan çıxarmaqla onların yaxın olduğu siyasi dairələrin mövqelərini zəiflətməyə çalışır”.
Politoloq deyir ki, həbslərin baş verəcəyi haqqında bir həftə öncə Facebook sosial şəbəkəsində status yazıbmış. Yazılanların informasiya, yoxsa ehtimal olmasına gəlincə, politoloq bu suala sadəcə “bu mənim peşə sirrimdir” cavabını verir. Onun fikrincə, məsələ yalnız daxildə rezonans yaratmayacaq, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini də ciddi şəkildə zəiflədəcək: “Sosial şəbəkədəki statusumda bildirmişdim ki, həbslər aşağıdan yuxarıya olacaq. Belə də oldu. Onu da deyim ki, bütün hallarda mən bunu neqativ tendensiya kimi dəyərləndirirəm. Ən başda bu ölkənin biznes reputasiyasına xələl gətirir. Azərbaycanın maliyyə imkanları məhduddur, böyük investisiyalara ehtiyac var. Sahibkarların dəstə-dəstə tutulduğu, mülkiyyəti əlindən alındığı ölkəyə hansısa əcnəbi iş adamının investisiya qoyacağını gözləmək sadəlövhlükdür. Bu, potensial investorları ölkədən qaçırır, bazar iqtisadiyyatına zərbə vurur. Bir daha bildirirəm ki, mən əsla həmin sahibkarların imam övladı olduğunun iddia etmək fikrində deyiləm. Ancaq indiki iqtisadi-siyasi münasibətlər sistemində bundan yaxşı olmaq mümkün deyil. Reallıq budur. Əgər iqtisadi islahatlardan söhbət gedirsə, təbii, burada mülkiyyətə və kapitala daha geniş meydan vermək, daha geniş rəqabət mühiti yaratmaq gərəkdir. İqtisadi termin olaraq desək, bazarı liberallaşdırmaq lazımdır. Azərbaycanda isə əksinə kapitalın təmərküzləşməsi gedir. Bir müddət öncə xırda və orta sahibkarlıq sıradan çıxarılmışdı, indi artıq növbə oliqarxiyaya çatıb. Bu çox yanlış siyasətdir. Bu ölkənin həm sosial-iqtisadi durumu baxımından, həm də ictimai-siyasi baxımdan zərərli siyasətdir”.
Politoloqun fikrincə, həbslərin nəticələri yaxın aylarda ölkənin ictimai-siyasi həyatında baş verən olaylarda, o sıradan noyabrda gözlənilən parlament seçkisində də hiss ediləcək:“Kütləvi həbslər iqtidarın “biz hakimiyyəti nəyin bahasına olursa-olsun qoruyacağıq” mesajıdır. Olaylar bu mənanı verir. Bu mümkün olacaq, olmayacaq, bunu artıq zaman göstərəcək”.(musavat.com)