“Azərbaycan Qərbin sanksiyaları ilə üzləşə bilər”
“Qərb Azərbaycan hakimlərinin Avropa İnsan Haqları Məhkəməsinə daxil olan şikayətlərin baxılmasında obyektiv mövqe tutacağına inanmır”
"Xeberinfo.com": İyunun 9-10-da Parisdə keçirilən toplantıda Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın hakimliyə irəli sürdüyü şəxslərin namizədliyini təsdiq etməyib. Komitə hakim namizədlərinin iş təcrübəsini Avropa İnsan Haqları Məhkəməsi üçün yetərli saymayıb.
Avropa İnsan Haqları Konvensiyasında göstərilir ki, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri yüksək mənəvi dəyərlərə və kvalifikasiyaya sahib olmalı, hüquq ictimaiyyəti arasında nüfuzlu şəxs kimi tanınmalıdırlar. Dövlətlər öz namizədlərini təqdim edərkən həmin şəxsin ədalətli, açıq və şəffaf prosedurla seçildiyinə təminat verməlidirlər. Hakimliyə namizədliyi irəli sürülən şəxlərdən zəngin iş təcrübəsi ilə yanaşı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yazıldığı ingilis və ya fransız dillərini mükəmməl bilmələri tələb olunur. Avropa İnsan Haqları Məhkəməsinin rəsmi səhifəsində bildirilir ki, namizədliyi irəli sürülən Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışovanın kvalifikasiyalı tələblərə cavab vermir. Prosedurlara görə, Azərbaycan quruma yeni siyahı təqdim etməli olacaq.
Prosedurlara görə, hər bir ölkənin namizədlərini parlament müəyyən edir. Milli Məclisin siyahısı AİHM-nı bir neçə ay öncədən təqdim edilib. İyunun 9-da başlanan müzakirələrə qədər namizədliyi irəli sürülən şəxslərin şəxsiyyti və fəaliyyəti araşdırılıb. Bizə ekspertləri iddia edir ki, bu addım Azərbaycanın Avropa strukturlarında sıxışdırılması anlamına gəlir. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə söhbətdə yaramam durumun səbəb və nəticələrini araşdırmağa çalışdıq.
- Ərəstun bəy, sizcə hansı səbəblərdən Azərbaycanın siyahısından imtina edilib? Bu qərarın verilməsində siyasi səbəblər olduğunu düşünürsünüzmü?
- Fikrimcə, burada siyasi səbəblərdən çox, Azərbaycan məhkəmələrinin müstəqilliyi məsələsi var. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə ən çox müraciət göndərən ölkələrdən biridir. Azərbaycan məhkəmələrinin ədalətsiz qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin sayı hər il artır. Aydındır ki, bu durum Qərbin bir sıra institutlarında, o sıradan Avropa Şurasında, Avropa İnsan Haqları Məhkəməsində təhlil olunur. Onların qənaəti belədir ki, Azərbaycanda məhkəmə sistemi müstəqil deyil. Ona görə də bu sistemdə işləmiş şəxslərin Avropa İnsan Haqları Məhkəməsi kimi nüfuzlu qurumda hakim olması məqbul sayılımır. Mən Azərbaycanın siyahısının geri qaytarılmasını belə izah edərdim. Məsləyə siyasi rəng də vermək olar - belə cəhdlər var. Ancaq ortada statistikaya əsaslanan fikir varsa, ehtimallar üzərində dayanmağa ehtiyac yoxdur. Məhkəmə anlayışı Avropada, bütünlükdə demokratik dünyada bizdəkindən çox fərqlidir. AİHM-nin Azərbaycandan olan hakimi Azərbaycanı təmsil etmir, istəsə belə bunu edə bilməz. Ona görə də hakimin siyasi mənsubiyyəti, hakimiyyətə bağlılığı və başqa kriteriyalar nəzərə alınmaya bilər. Ancaq ortada bir məqam var. Azərbaycan məhkəmə sistemi beynəlxalq səviyyədə özünü diskriminasiyaya uğradıb. Yəni sifarişli hökmlər, məhkəmələrin ədalətsiz qərarları, siyasi məhbus məsələsi Azərbaycan məhkəmə sistemi haqqında yetərincə mənfi imic formalaşdırıb. Sadaladığım məsələlərin hamısı Avropa Şurasının müzakirə pridmetidir. Siyasi məhbus kimi qəbul edilən şəxslərə saxta hökmləri çıxaran Azərbaycan məhkəmələridir.
- Yəni artıq Avropa institutları Azərbaycandakı məhkəmə sistemi içərisində heç bir hakimin ədalətli, tərəfsiz olduğunu qəbul etmir...
- Bəli. Qərb Azərbaycan hakimlərinin Avropa İnsan Haqları Məhkəməsinə daxil olan şikayətlərə obyektiv baxacağına inanmır. Hakimliyə namizəd olan şəxslərin hakimiyyətə yaxın olmaması AİHM-nin kriterilərindən biridir. Bu məqam ciddi şəkildə yoxlanır. Ona görə də Azərbaycan hakimiyyəti bu məqamı nəzərə almalıydı.
- Sizcə, hakimliyə namizədlər məhz hakimiyyətə yaxın sayıldıqları üçün onlardan imtina olunub?
- Yaranan durumu maraqların toqquşması kimi qiymətləndirirəm. Həm Avropa İnsan Haqları Məhkəməsində, həm də istənilən beynəlxalq qurumda təmsil olunan şəxslər azərbaycanlı Azərbaycan hakimiyyətinin nəzarətindədir. Beynəlxalq qurumlarda bir nəfər də olsun müstəqil şəxs yoxdur. Azərbaycan Milli Məclisinin tərtib etdiyi siyahıda adı keçən Çingiz Əsgərov Azərbaycanın qurumda rəsmi nümayəndəsidir. Rəsmi nümayəndə tərəfsiz şəxs kimi hakim təyin edilə bilərmi? Aygün Abdullayevanı tanıyıram. Bakı Apelyasiya Məhkəməsinin hakimidir. Normal iş təcrübəsi var. Hesab edirəm ki, o, Azərbaycanı təmsil edə bilərdi. Hakimiyyət bu siyahıya müstəqil hüquqşünasların da adını sala bilərdi. Çünki namizədin hakimlik təcrübəsinin olması şərt kimi irəli sürülmür. Görünür, hakimiyyətin də bu məsələyə yanaşmada öz motivləri var.
- Avropa İnsan Haqları Məhkəməsinin praktikası necədir, hakimlər öz ölkələrindən göndərilən şikayətlərə baxa bilərlərmi?
- Xeyir, bu mümkün deyil. Məhkəmə araşdırmasını başqa ölkədən olan hakimlər aparmalıdır. Bu prinsip Avropa İnsan Haqları Məhkəməsinin tərəfsiz, ədalətli mövqe tutmasından irəli gəlir.
- Azərbaycanın seçim imkanlarını əngəlləyən bir də dil baryeridir, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri qərarların verildiyi ingilis və fransız dillərindən birini mükəmməl bilməlidir. Ölkədə əcnəbi dilləri mükəmməl bilər hakimlər azdır. Siz bu məsələni Azərbaycan üçün ciddi problem sayırsınızmı?
- Təbii, siyahının tərtib olunmasına bu məsələnin təsiri var. Ancaq bayaq dediyim kimi, Avropa qurumları Azərbaycan məhkəmə sistemimə ümumi yanaşma sərgiləyir.. Ümumi yanaşmaya görə, irəli sürülən şəxslərdən heç birinin namizədliyi qəbul olunmayıb. Təsəvvür edin, bu gün Azərbaycandan Avropa İnsan Haqlar Məhkəməsinə ən çox şikayət göndərən vəkil İntiqam Əliyev Azərbaycan məhkəməsinin qərarı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Qərb onun Avropanın demokratik institutları ilə əməkdaşlıq etdiyi üçün cəzalandırıldığı fikrindədir. Məslənin başqa bir tərəfi də Azərbaycan insan haqlarının durumu ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Biz Avropa İnsan Haqları Konvensiyasına qoşulmuşuq. Vətəndaş cəmiyyəti fəallarına, siyasi fəallara qarşı məhkəmə iddiaları, onların uzun müddətliyə azadlıqdan məhrum edilməsi qərarları Konvensiyanın maddələrini pozur. İllərdir Azərbaycandan siyasi məhbusları azad etmək, siyasi təqiblərə son qoymaq tələb edilir. Ancaq Azərbaycan üzərinə görtürdüyü öhdəlikləri yerinə yetirməmək üçün dirəniş göstərir. Bu durum belə davam edə bilməz, Azərbaycan belə inadı bir yerə qədər davam etdirə bilər.
- Bu ilin oktyabrında Azərbaycanın AİHM-dəki təmsilçisi Xanlar Hacıyevin səlahiyyət müddəti bitir. Azərbaycan hakimiyyətinin bu dirənişi ölkənin qurumda təmsilçisiz qalmasına səbəb ola bilərmi?
- Əgər ATƏT-in ofisi Azərbaycanda çıxarılırsa, demək hər şey mümkündür. Ola bilər ki, Azərbaycanın bir sıra beynəlxalq qurumlarda səlahiyyəti başa çatmış şəxslərinin yerinə yeniləri təyin olunmasın. Bunu Qərbin Azərbaycan hakimiyyətinə öz öhdəliklərini yerinə yetirmək üçün basqısı kimi də qiymətləndirmək olar.
- Azərbaycanın qurumda nümayəndəsinin olmamasa vətəndaşların AİHM-nə müraciət etmək hüquqlarını məhdudlaşdırırmı?
- Xeyir. Bu Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına qoşulmaqla vətəndaşların əldə etdiyi hüquqdur. Azərbaycan vətəndaşlarının şikayətini AİHM-nə göndərən şəxs Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaya da bilər. İstənilən sıravi vəkilin şikayət göndərmək hüququ var.
- Bir neçə gün sonra başlayacaq Avropa Şurasının yay sessiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin durumu ilə bağlı müzakirələr keçiriləcək. Sessiyada səsləndiriləcək hesabatın yetərində sərt tonda hazırlandığı haqqında informasiyalar var. Sizcə, bu, Azərbaycanın getdik Avropa strukturlarından sıxışdırılmasına, bunula da inteqrasiya prosesinin tamamilə dayanmasına səbəb ola bilərmi?
- Avropa Azərbaycanı təcrid etmir. Azərbaycan özü Avropadan uzaqlaşır. Azərbaycan Avropadan gələn heç bir çağırışa müsbət reaksiya vermir. Hansısa öhdəliyin yerinə yetirilməsi haqqında məsələ qaldırılanda da “biz müstəqil siyasət yürüdürük” ritorikası işə düşür. Ancaq nədənsə “müstəqil siyasət yürütmək” mexanizmi Rusiyaya gələndə işləmir. Mən düşünürəm ki, Azərbaycan düşünülmüş şəkildə Avropadan uzaqlaşmağa can atır. Özü də bu, yeni tendensiya deyil. Son 2-3 ildə rəsmi Bakı ilə Qərbin münasibətlərini analiz edəndə bu, aydın görünür. Ancaq son 1 ildə bu tendensiya daha qabarıq şəkildə özünü göstərir. Bu Azərbaycana yaxşı heç nə vəd etmir. Əgər Azərbaycanın demokratik institutlarla münasibətlərdə sərt dirənişi davam etsə, Azərbaycana qarşı sanksiyalar gündəmə gələ bilər. Söhbət həm iqtisadi, həm də siyasi sanksiyalardan gedir. Bəzən bildirirlər ki, Qərbin Azərbaycana təsir mexanizmləri yoxdur. Mən bu fikirlər razı deyiləm. Azərbaycana təsir mexanizmləri çoxdur. Dünyada ciddi proseslər gedir. Hər bir ölkə bu proseslərdən özü üçün ciddi nəticələr çıxarmalıdır. İndiki zamanda siyasət çox rasional qurulmalıdır. Ancaq təəssüf ki, biz getdikcə irrosionallığın şahidi oluruq. Bu durum mütləq öz fəsadlarını göstərəcək.
Musavat.com