Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycanla sərhəddə yoxsulların üsyanı-Paşinyana ilk ciddi xəbərdarlıq doğma rayonundan gəldi...

 

Ermənistanın Azərbaycanla sərhəd İcevan rayonunda iyulun 17-də baş vermiş hadisələr baş nazir Nikol Paşinyan və hökuməti üçün ölkəni bürümüş yoxsulluq və işsizlik problemlərindən qaynaqlanan ilk ciddi siqnal hesab edilə bilər.

Yenixeber.org: Həmin gün hökumətin meşələrin qırılmasına qarşı qanunları sərtləşdirməsinə, odunsatanlar qarşı yollarda postlar qurmasına etiraz olaraq bir neçə min (rəsmi məlumata görə 500-ə yaxın) yerli sakin İcevan-Yerevan avtomobil yolunu, İcevanın mərkəzindəki yolları bağlayıb. Bölgəyə ətraf rayonlardan və Yerevandan əlavə polis qüvvələri göndərilib. Jurnalistlər Dilican-İcevan yolu boyunca və şəhərdə polisləri daşıyan 30 avtobus sayıblar.

Etirazçılarla polis arasında toqquşma olub.  Etirazçılar polisi daşa basıblar və onları geri çəkilməyə məcbur ediblər. 13 nəfər, o cümlədən 11 polis əməkdaşı xəsarət alıb. 40-a yaxın etirazçı saxlanılıb, onlardan 22-i həbs edilib.

 

Rəsmi məlumatda deyilir ki, iyulun 17-də 500-ə yaxın insan "maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaq" üçün küçələri bağlayaraq etiraz keçiriblər.

İki həftə əvvəl Ermənistan parlamenti meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericiliyə dəyişiklər edib. İşsizlikdən gileylənən İcevan sakinləri isə jurnalistlərə odun satmağı "yeganə qazanc yeri" adlandırıblar.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə bağlı saxlanılanlar "bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən silah və müxtəlif əşyalardan silah kimi istifadə edərək xuliqanlıq və hakimiyyət nümayəndəsinə orta ağırlıqda zərər yetirərək müqavimət göstərmək" maddələri ilə şübhəli bilinir. Bəziləri ölkəni tərk etməmək imzası ilə buraxılıb.

Polis tərəfindən saxlanılanların qohumları vilayət administrasiya binası yaxınlığındakı meydana toplaşıb, həbs olunanlar barədə məlumat olmadığından gileylənirlər. Ertəsi gün sakinlər yolu bağlamaq üçün daha bir neçə cəhd göstəriblər, amma İcevana yeridilmiş əlavə polis qüvvələri onlara imkan verməyiblər.

Hadisələrlə bağlı  Ermənistan Polis və Milli Təhlükəsizlik Xidməti rəhbərliyi İcevana yollanıblar. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan xəbərdarlıq edib ki, həmin hadisələrin təşkilatçıları müəyyən edilib və onlar cəzasız qalmayacaqlar. Vanetsyan etirazların arxasında bölgədə meşələri talamaq yolu ilə varlananların dayandığını deyib.

Vanetsyan vilayət administrasiyasının binasında müşavirə keçirəndən sonra etirazçılar onun da yolunu kəsiblər. Xüsusi xidmət rəhbərini müşaiyət edən polislər etirazçılara müdaxilə edərək yolu açıb.

İcevan hadisələri Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasının əsas məsələsi olub. Baş nazir Paşinyan öz doğma şəhərindəki etiraz aksiyasının "meşələrdə qeyri-qanuni ağacları kəsib odun satmaqla məşğul olanlar tərəfindən" təşkil edildiyini bildirib.

"Dünən İcevanda yolverilməz hadisə baş verib. Meşə ağaclarını kəsməklə məşğul olanlar tərəfindən təşkil edilmiş aksiya iştirakçıları, polisin qanuni tələblərinə tabe olmayaraq, onlara bədən xəsarəti yetirib", - deyə Paşinyan Polis rəisi müavini Vardan Movsisyandan izahat tələb edib.

Polkovnik Movsisyanın sözlərinə görə, Ermənistanın Lori və Tavuş vilayətlərində meşələrin qeyri-qanuni yarılmasının qarşısı alınması çərçivəsində müvafiq tədbirlər keçirilirmiş. Və bu, həmin "bizneslə məşğul olanlarda narazılıq doğurub".

"Onlar küçələri bağlamaqla məsələ həll etmək istəyiblər. Bir neçə dəfə İcevan-Noyenberyan yolu, İcevanın Yerevan küçəsini bağlayıblar. Beş yüzə yaxın insan keşikçi məntəqələrin çıxarılmasını və vilayətdən qeyri-qanuni kəsilmiş ağacların çıxarılmasına maneə olmamağı tələb ediblər", - polis rəisinin müavini deyib.

Polis rəisinin müavini  etirazçıların daş və çubuqlarla polisə hücum etdiyini bildirib.

Baş nazirin sualına cavab olaraq, Ermənistan ətraf mühiti naziri Erik Qriqoryan iki həftə bundan əvvəl Milli Məclisdə meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericilik dəyişikliklər paketi qəbul olunduğunu bildirib.

Eyni zamanda o, əhaliyə yanacaq üçün pulsuz odun verildiyini deyib. Nazir hesab edir ki, aksiyanın məqsədi maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaqdır, "lakin postlar buna mane olur".

Onun sözlərinə görə, hazırda müxtəlif meşə təsərrüfatlarında qeyri-qanuni ağacların kəsilməsi ilə bağlı onlarla cinayət işləri qaldırılıb. Ekologiya naziri deyib ki, müxtəlif hesablamalara görə, odun tədarükünün kölgə illik kölgə dövriyyəsi 500 mindən 1 milyon kub metr təşkil edir.

"Bunu 40 dollara (1 kub metrin qiyməti) vursaq, ildə təxminən 40 milyon dollar təşkil edir", - cümə axşamı Hökumətin növbəti iclasında Erik Qriqoryan deyib.

Nazir etirazların arxasında duranların qanunverici hakimiyyətə də təsir etmək iqtidarında olduğuna işarə edib. Lakin heç bir konkret ad açıqlamayıb.

Baş nazir Paşinyan etirazçıların tələblərini əsassız adlandırıb və meşə ağaclarını qırmaq məsələsində güzəşt edilməyəcəyini bildirib.

"Heç bir kompromis, qeyri-qanuni kompromis olmayacaq. Mən hüquq-mühafizə sistemi qarşısına çox aydın tapşırıq qoyuram və burada söhbət Polis, Milli Təhlükəsizlik Xidməti və başqa hüquq-mühafizə orqanlarının funksionallığından gedir. Qeyri-qanuni fəaliyyətlə heç bir kompromis olmayacaq. Heç kəs Ermənistan hökuməti ilə şantaj dilində danışa bilməz və bunun praktik tətbiqi hüquq-mühafizə sisteminin borcudur", - Paşinyan deyib.

Baş nazir bildirib ki, qeyri-qanuni odun satışının sadə odun yaranların vəziyyətini yaxşılaşdırmır: onlar necə yoxsuldurlar, elə yoxsul da qalırlar.

"Bəli, onları istismar edən kiçik bir qrup varlanır, əlində mişar odun daşıyıb, yükləyən qara fəhlələrin həyatında isə heç nə dəyişməyib", - Paşinyan deyib.

Jurnalistlərlə danışan yerli sakinlər isə işsizlikdən gileylənib və odun satmağı yeganə "dolanışıq imkanı" olduğunu deyirlər. Məsələ belədir ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrində ölkənin digər yerlərində olduğu kimi total yoxsulluq və səfalət hökm sürür. Doğrudur, yaşayış məntəqələrinin çoxunda təbii qaz va və hökumət sərhədyanı kəndlərin sakinəri üçün güzəştli tarif tətbiq edir.

Lakin əhali olduqca yoxsul olduğundan istifadə edilən təbii qazın haqqını güzəştli tariflərlə də ödəyə bilmir və nəticədə yanacaq kimi odundan istifadə edir. İcevan meşələri həm də əhalinin dolanışıq mənbəyidir, onlar meşələrdən indiyədək maneəsiz odun tədarük edərək satırdılar. İndi isə hökumətin tətbiq etdiyi qadağalar əhalini əsas dolanışıq mənbəyindən məhrum etmiş olur. Paşinyanın hökuməti isə əhaliyə dolanışıq üçün alternativ imkanlar yaratmaq, yeni iş yerləri açmaq və kənd təsərrüfatının inkişafını stimullaşdırmaq imkanında deyil. Onun hakimiyyətə gələrkən verdiyi populist vədləri reallaşdırmaq elə də asan deyil, bütün cəhdlərə və “məxməri inqilab”la bağlı təbliğata baxmayaraq Ermənistana sanballı investisiyalar cəlb etmək mümkün olmur.(virtualaz)

F.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam