Dünyada buzlaqların həcmi hesab edildiyindən daha azdır
Qrenlandiya və Antarktidada buzlaqların əriməsinə dair həyəcan siqnallarına tez-tez rast gəlinir və buzlaqların bu vəziyyəti qlobal iqlim dəyişikliyinə əsas sübutlar sırasında durur. İsveçrəli alimlər dünyadakı buzlaqların həcmini yenidən hesablayaraq müəyyən ediblər ki, hazırda dünyadakı daimi buzlaqların həcmi hesab edildiyindən daha azdır.
Yenixeber.org: Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalarda dünyanın bir çox ərazilərində, xüsusilə də Asiyada buzlaqların həcminin indiyədək hesab edildiyindən az olduğunu və sürətlə əriməsini müəyyən ediblər. Antarktida və Qrenlandiya istisna edilməklə, ümumilikdə 215543 buzlağın daxil edildiyi reyestrdə buz örtüyünün həcmi bir neçə il bundan əvvəlki göstəricidən 18 faiz az olub. Xüsusilə Himalay sıra dağları, Tibet yaylası və Mərkəzi Asiya dağlarında daimi buz qatının həcminin 25 faiz az olduğu müəyyən edilib. Əgər vəziyyət bu cür davam edərsə, alimlər 2060-cı ilədək Asiyadakı dağlarda buz örtüyünün yarısının yox olacağını ehtimal edirlər. Bu isə dünyada orta temperaturun 1,8 dərəcə istiləşməsi fonunda baş verə bilər.
İsveçrə alimləri hesablamalar zamanı peyk məlumatları və havadan çəkilmiş fotolarla yanaşı, buzlaq ərazilərinin rəqəmsal səth modellərindən istifadə ediblər. Bu zaman yalnız bir kompüter modelinə istinad etməklə kifayətlənməyən alimlər bir-birindən müstəqil beş fərqli model əsasında simulyasiyalar apararaq, öz hesablamalarını həyata keçiriblər.
Alimlər hesab edirlər ki, dünyanın şirin su ehtiyatlarının cəmləşdiyi buzlaqların əriməsi materiklərdə ilkin mərhələdə böyük daşqınlar, sonrakı mərhələdə isə içməli su çatışmazlığı və quraqlıqla müşayiət oluna bilər. Həmçinin dünyadakı buzlaqların əriməsi dünya okeanlarında suyun səviyyəsinin 30 santimetrədək artmasına aparıb çıxara bilər. (AzərTAc)