Yenixeber.org: Ölkədə bütün sahələrdə  bahalaşma müşahidə edilir.  Yeni il qabağı qiymətlər daha da artıb. Subyektiv qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir. Bundan da əsasən sahibkarlar sui-istifadə edir. Buna səbəb olaraq sadə əsaslandırma gətirirlər. Məhsulu xaricdən idxal etdiklərinə görə qiymətləri bahalaşdırdıqlarını deyirlər. 
Ekspertlərin fikrincə, növbəti ildə də subyektiv qiymətlərdə artım davam edəcək. Hətta xidmət  və kommunal sahələrdə də müəyyən artımlar gözlənilir.  Millət vəkili Vahid Əhmədovhesab edir ki, manat sabit qalsa da,  növbəti ildə metroda gediş haqqı arta bilər. 
İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qiymətlərin formalaşması təkcə obyektiv səbəblərdən deyil: "Buna təkcə dünyada gedən proseslər, dünya bazarındakı qiymət dəyişimi kimi məqamlar təsir etmir, həm də rəqabətin  çox zəif olduğu mühitdə də qiymətlərin yüksəldiyini görürük. Ərzaq və digər sahələrdə bu daha tez nəzərə çarpır. Ciddi rəqabətli mühit olsa, qiymət artımında olan bu sürət xeyli dərəcədə zəifləmiş olar. Gələn illə bağlı gözləntilər ondan ibarətdir ki, ərzaq məhsullarında qiymət artımı davam edəcək. Bura həm də mövsüm də öz təsirini göstərəcək. Çünki yerli məhsullar artıq bazardan çəkilməyə başlayıb. Gələn ilin yaz aylarına, yəni yerli məhsul çıxana qədər müxtəlif ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edəcəyik. Spesifik ənənə də var ki, hansısa bayramqabağı qiymətlərdə hədsiz yüksəliş hiss olunur. Çünki tələbat artır. Tələbat artan kimi qiymət də qalxır və bu bir müddət sonra düşmür, həmin qiymətlər yenidən öz yerindəcə qalır. Gələn ilin əvvəlində də bu tendensiya davam edəcək”.
Ekspert qeyd edib ki, əslində metroda gediş haqqının artacağı ilə bağlı çoxdan söhbətlər gedir: "Bakı Metropoliteni”nin rəsmi açıqlamasına görə zərərlə işləyirlər. Bir sərnişinin daşınma xərcinin hardasa 50 qəpik olduğunu açıqlayıblar.  Ona görə də gələn ilin büdcəsində metro ilə bağlı dotasiyalar xeyli azaldılıb. Bütün bu faktorları nəzərə alsaq, gələn il metroda gediş haqqının artırılması real görünür. Bundan əlavə dizel yanacağı ilə də bağlı qərarın verilməsi gözlənilir. Belə ki, dizel yanacağı ilə 92 markalı yanacaq arasında qiymət fərqi kifayət qədər çoxdur. 30 qəpik fərq var. Bu da Azərbaycanda dizel yanacağının istehsalını da xeyli azaldıb. Rəsmi rəqəmlərə görə bu istehsal bu il 20 faiz aşağı düşüb. Bu o deməkdir ki, artıq istehsalçılar belə dizel yanacağını istehsal etməkdə maraqlı deyillər.  Bu səbəbdən dizel yanacağının da qiymətlərinin artırılacağı ehtimalı yüksəkdir. Bu qiymət artımı isə demək olar ki, bütün sahələrə kənd təsərrüfatından tutmuş nəqliyyata qədər bütün sahələrdə qiymət artımına səbəb ola biləcək amildir. Kənd təsərrüfatında və nəqliyyat daşımalarında ən çox dizel yanacağından istifadə olunur. Bu artım baş versə, zəncirvari digər sahələrə də ciddi təsir göstərəcək”.
Natiq Cəfərlinin qənaətinə görə başqa kommunal xərclərin, elektrik enerjisi və qazla bağlı hələ ki gözləntilər yoxdu: "Bu hamısı həmin sahələrdə gələcəkdə Azərbaycan büdcəsinin imkanlarına və neftin qiymətlərinə bağlı olacaq. Neftin qiymətində ciddi ucuzlaşma yenidən müşahidə olunsa, digər sahələrdə, o cümlədən, kommunal sahədə də qiymət artımı müzakirəyə çıxarıla bilər”.