Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda təmiz su fırıldağı:qapı-qapı gəzən təhlükə

Son bir neçə ayda Bakıda su filtri satışı ilə məşğul olan firmalar fəallaşıblar.

Xeberinfo.com:    Qapı-qapı gəzərək sakinləri içdikləri suyun yararsız olmasına inandıran belə şirkət nümayəndələri filtri satmayana qədər əl çəkmirlər. Onlar daha çox axşam saatlarında, bütün ailə üzvlərinin evdə olduğu vaxtda mənzillərin qapısını döyürlər. Əvvəlcə işi mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olan xanım əməkdaş göndərilir. Daha sonra bir neçə qurğu ilə ailənin istifadə etdiyi suyun heç texniki suya da yaramadığını “sübut edir” və sağlam yaşamağın yeganə yolunun su filtri almaq olduğuna inandırırlar.

Şikayətçilərin virtualaz.org-a bildirdiyinə görə, təcrübə zamanı istifadə edilən su elektroliz cihazı ilə parçalanır və mineralları ayrılır. Bu zaman suyun üzünə qara palçığa bənzəyən maddə çıxır ki, sakinlərin də təşvişinə səbəb olan məhz budur. Çirkli su içdiklərini düşünən istehlakçılar nəyin bahasına olursa olsun dərhal su filtrini almağa razılaşırlar.

Şikayətçilər deyirlər ki, fırıldaqçılıqla məşğul olan bu şirkətlərin əksəriyyəti rəsmi qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərirlər.

 

500 manatlıq filtri 1200 manata satırlar

Şikayətçi Vüsalə Rüstəmovanın sözlərinə görə, fırıldaqçılıqla məşğul olan şirkət həm də filtri bazar qiymətindən bir neçə dəfə baha satır.

“Bizə tez-tez gəlirlər. Hətta bir dəfə evə buraxdım ki, görüm necə yoxlayacaqlar. Qaynanmış su ilə qaynanmamış suyu yoxladılar. Şirkət nümayəndəsi dedi ki, suyunuz təmiz deyil, mütləq aparat alıb süzməlisiniz. Qiyməti də 1200 manat. Sonra həmin filtri 500 manata “Sədərək” ticarət mərkəzində gördüm”.

Digər bir şikayətçi Rəşad Süleymanov isə yaşadığı binadan belə fırıldaqçılıqla məşğul olan şirkətin 10 nəfərlik qrupunu qovduğunu deyir.

“Çox həyasızlıq edir, mənzilə zorla girirlər. Bu işdə xüsusən də, qadın əməkdaşlar canfəşanlıq edir. Binada 1100 manata təklif etdikləri filtri mənə 470 manata satırdılar”, - deyə şikayətçi bildirir.

 

“Su filtri bazarında hərcmərclikdir”

Bəs filtr satan firmaların fırıldaq olduğunu necə bilək? Onlar istehlakçıları necə aldadırlar? Əslində içdiyimiz suyun təmiz olduğuna əminikmi? Virtualaz.org bu suallara aydınlıq gətirmək üçün araşdırma aparıb. Məlum olub ki, su filtrlərinin satışı ilə məşğul olan firmalardan Azad İstehlakçılar Birliyinə (AİB) xeyli şikayət daxil olub. AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər hallarda filtri quraşdırıb gedəndən sonra belə firmaları tapmaq müşkülə çevrilir.

“Ötən həftə bizə su filtri quraşdıran şirkətlə bağlı belə bir şikayət daxil olmuşdu. Biz araşdırdıq, məlum oldu ki, su filtri satan şəxsin heç ofisi də yoxdur, internet vasitəsilə sifariş edir, gətirib insanların evinə quraşdırır, sonra da telefon nömrəsini dəyişib aradan çıxır. Biz bu şikayəti araşdıraraq zərərçəkmiş şəxsin pulunu geri qaytarmağa nail olduq”, - deyə AİB sədri bildirir.

Ekspertin sözlərinə görə, su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əhalini suya elektroliz cihazı qoymaqla aldadırlar. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur. Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Gördüyü qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan mineralların yanması nəticəsində əmələ gəlir ki, bu da normal prosesdir.

Bu su filtrləri həm də ona görə təhlükə mənbəyidir ki, suda insan bədəni üçün əhəmiyyətli olan kalsium, natrium, maqnezium, fosfor, kalium, dəmir, mis və sink kimi mineralları yox edir.

Hazırda ölkədə su filtri bazarında hərcmərclik olduğunu deyən E.Hüseynov hesab edir ki, bunda həm də əhali günahkardır. Kanalizasiyaya içalat, pampers və digər tullantıların atılması təmizləyici qurğuların işini çətinləşdirir. Bu vəziyyətdən istifadə edən su filtri satanlar da at oynadırlar. AİB sədri hesab edir ki, problemin hökumət səviyyəsində qaldırılmamasının səbəbi ölkədə istehlakçı hüquqlarının qorunmamasıdır. “Bu qədər şikayət olsa da, heç bir dövlət qurumu problemin qarşısını almaq istəmir. İqtisadiyyat Nazirliyi heç bir müraciət olunan şikayəti araşdırmır”, - deyə AİB sədri bildirir.

 

Əhaliyə verilən su standartlara cavab verir?

“Azərsu” ASC-dən isə su filtri satan fırıldaqçılarla bağlı dəfələrlə əhaliyə xəbərdarlıq edildiyini deyirlər. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, əhaliyə verilən su standartlara cavab verir:

“Bu məhsulları satan şəxslərin şirkəti qeydiyyatdan keçməyib, onlar fərdi qaydada işləyirlər. Onlara qarşı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti mübarizə aparmalıdır və bu məsələdə vətəndaşlar da fərdi qaydada iş görməlidirlər. Biz deyirik ki, bizim suyumuz standartlara cavab verir və suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyi də bunu təsdiqləyir”, – deyə A.Cəbrayıllı bildirir.

Şikayətlər araşdırılır, tədbir görülür, amma...

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən virtualaz.org-a verilən məlumata görə, nazirliyinə bununla bağlı hər hansı şikayət daxil olsa, araşdırılaraq tədbir görülür:

“Bizə bu il bir şikayət daxil olub. Belə ki, istehlakçı mağazadan su filtrini alıb, amma onun reklamındakı göstəriciləri real göstəricilərlə üst-üstə düşməyib. Biz bunu araşdırmışıq və həmin istehlakçının pulu geri qaytarılıb. Əgər bizə belə şikayətlər olarsa, biz araşdırmağa hazırıq”, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

 

“Beynəlxalq sertifikatımız var, fırıldaqçı deyilik”

Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını öyrənmək istədik. Lakin əksər şirkətlərin nə adlarını, nə də telefon nömrələrini tapa bilmədik. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da cavab vermək istəmədilər. Yalnız “Dinamik Okean” şirkəti ilə əlaqə saxlaya bildik ki, onlar da fırıldaqçılıqla bağlı deyilənlərlə razılaşmadılar. Şirkətdən Amerika və Almaniya texnologiyalarla çalışan su filtrləri satdıqlarını və hətta beynəlxalq sertifikatlarının da olduğunu dedilər. Məlum oldu ki, günahkar mineralların təhlükəli olduğunu anlamayan əhalidir.

“Azərbaycanda mineralları faydalı şey kimi başa düşürlər. Əslində isə bunların normadan artığı ziyandır. Düzdür, təcrübə zamanı suyun qaralması elektroliz cihazı ilə parçalanma ilə bağlıdır. Biz filtrdən keçən suyu da elektroliz aparatına qoşuruq. Orada nisbətən az saralma olur. Bu orada mineralların miqdarında olmasını göstərir, burada heç bir fırıldaq yoxdur. Qiymətlərə gəlincə isə, bir məhsulun müxtəlif qiymətlərə olması normaldır, bizim satdığımız filtrlər keyfiyyətli olduğuna görə bahadır”, - deyə şirkətdən bildirdlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam