AP-nin Azərbaycanla bağlı hesabatının xülasəsi:"Pozuntulara göz yummayacağıq"
Xəbər verdiyimiz kimi, Avropa Parlamentinin xorvatiyalı deputat, Azərbaycan üzrə məruzəçi Zelyana Zovkonun hazırladığı “Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr” hesabatını səs çoxluğu ilə qəbul edib.
Yenixeber.org: Səsvermə zamanı 50 deputat lehinə, 6-sı əleyhinə səs verib. 4 deputat bitərəf qalıb.
Sənəddə Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının məhdudlaşdırılmasında iştirak edən məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Dinləmələrdə çıxış edən avropalı deputatlar Azərbaycan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirməməsi, əsas azadlıqların və insan hüquqlarının pozulması hallarının artması ilə bağlı tənqid ediblər.
Hesabatda insan haqları, media, siyasi məhbuslar, qadınlara qarşı zorakılıq, Azərbaycan-Ermənistan münasibətləri, enerji resurslarının Qərbə daşınması kimi məsələlər ətraflı şəkildə əksini tapıb.
“Rusiyanın Ukraynaya təcavüzü Aİ-nin Azərbaycanla enerji sektorunda əməkdaşlığını gücləndirib. Lakin Aİ Azərbaycanda insan haqları və demokratiyanın pozulmasına göz yuma bilməz”, - hesabatda deyilir.
Avropalı deputatlar Azərbaycanı ifadə və media azadlığına qoyulan məhdudiyyətləri aradan qaldırmağa, elementar insan haqlarını təmin etməyə, siyasi məhbusları azad etməyə çağırır.
Hesabatda qeyd olunur ki, 44 günlük müharibədən sonra imzalanan atəşkəs razılaşmasına baxmayaraq, Azərbaycanla Ermənistan arasında vaxtaşırı qanlı toqquşmalar baş verir.
Avropa Parlamenti bildirir ki, Azərbaycan “Ermənistanın suveren ərazilərini işğal edib”, “2022-ci ilin sonundan isə Laçın dəhlizi ilə mülki nəqliyyatın hərəkətinə mane olub, bu regionun ərzaq və dərmanla təminatına mənfi təsir edib”.
Hesabatda o da vurğulanır ki, Azərbaycan rəsmilərinin təminatlarına əsasən, dərman və məhsulların Dağlıq Qarabağa çatdırılmasında heç bir maneə yoxdur.
Hesabatda bildirilir ki, 2022-ci ilin sentyabrında baş verən qarşıdurmalardan sonra “erməni hərbi əsirlərə qarşı fiziki zorakılıq və alçaldıcı hərəkətlər” iddiaları dinlənilib.
“Görünür, regionda yerləşən Rusiya sülhməramlıları Azərbaycan tərəfinin mümkün hücumlarını dayandırmaq istəmirlər və ya bacarmırlar, sanki Rusiyanın Ukraynaya qarşı cinayətkar işğalçı müharibəsi başladıqdan sonra bölgədə sülhməramlıların mövcudluğu hiss olunmur”, - sənəddə vurğulanır.
Avropa Parlamenti Ukraynadakı müharibənin Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini çətinləşdirdiyinə diqqət çəkir.
Sənəd hər iki tərəfin öhdəliklərini yerinə yetirməsini tələb edir: “Hər iki ölkənin inkişafına, Azərbaycan və Ermənistan hökumətlərindən dinc yanaşı yaşama, azlıqların təhlükəsizliyinə və hüquqlarına hörmətlə bağlı təminatlara nail olmaq mümkündür. Çünki iki ölkə arasında silahlı münaqişələr regionun mədəni, dini və tarixi irsinə fəlakətli zərbə vurur”.
Avropa Parlamenti hesabatında qeyd olunur ki, Azərbaycanın insan hüquqları və fundamental hüquqlara hörmətlə bağlı fəaliyyəti hələ də çox zəifdir.
Avropa ölkələri ilə siyasi və enerji tərəfdaşlığını dərinləşdirməzdən əvvəl bütün bu kimi problemlərin həllinə ehtiyac var: “Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq və birləşmək azadlığını təmin edən Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərir. Azərbaycan hakimiyyəti azadlıqları ciddi və metodik şəkildə məhdudlaşdırmaqla görüşlərin faktiki olaraq qadağan olunduğu şərait yaradıb. Müstəqil fəallıq, tənqidi jurnalistika və müxalifətin siyasi fəaliyyəti üçün məkan olduqca məhduddur. Fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin, müstəqil qrupların fəaliyyətini məhdudlaşdıran qanun və qaydalar var, siyasi həbslər var”.
Sənəddə qeyd edilir ki, ölkədə hələ də müstəqil məhkəmə sistemi yoxdur. Vəkillərin işinə və müstəqilliyinə geniş müdaxilələr var.
Həbsxanada da polis zorla etiraflar edir, zorakılıq halları müşahidə olunur: “Həbs olunanlara ailələri və vəkilləri ilə görüşmək üçün məhdudiyyətlər tətbiq edilir. Onlar tibbi yardımdan məhrumdurlar”.
Avropa Parlamenti hesabatında müstəqil media ilə bağlı vəziyyətdən, jurnalistlərin təqibindən də bəhs edilir.
Bildirilir ki, Azərbaycan hakimiyyəti sistemli şəkildə müstəqil mediaya təzyiqlər edir, ifadə azadlığını məhdudlaşdırır. Hökumətin siyasi rəqibləri, hüquq müdafiəçiləri və jurnalistlər sərt çıxışlara və siyasi motivli zorakılığa görə hədəfə alınırlar: “Onları heç bir səbəb olmadan saxlayırlar. İşlər düzgün araşdırılmır. 2021-ci ilin iyul ayında jurnalistləri təqib etmək üçün “Pegasus” casus proqramından istifadə edildiyi bildirildi”.
Azərbaycan İsrailin “Pegasus” casus proqramından istifadə edərək jurnalistlərə casusluq etməkdə şübhəli bilinir
OCCRP-nin yeni təhqiqatı hökumət orqanlarının İsrail istehsalı olan “Pegasus” proqramından istifadə edərək 1000-dən çox azərbaycanlı jurnalist və fəala qarşı casusluq etdiyini ortaya çıxarıb.
Avropa Parlamentinin sənədində bildirilir ki, Azərbaycan qadınlara qarşı zorakılığın qarşısının alınması, bu kimi faktların araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmir və bu istiqamətdə təsirli addımlar atmır.
Avropa Parlamenti Azərbaycanda da korrupsiyanın geniş yayıldığını bildirir.
Sənəddə AŞPA-nın bəzi keçmiş deputatlarının 2018-ci il aprelin 15-də dərc edilmiş Azərbaycanın xeyrinə fəaliyyətlərinin korrupsiya xarakteri xatırlanır.
Sənəddə qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazın qlobal enerji bazarında strateji mövqeyə malikdir. Həmçinin son illərdə Aİ üçün strateji enerji resurslarının ixracatçısına çevrilmişdir: “Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi zərurətini nəzərə alaraq, Azərbaycan hər il bu rolda daha mühüm yer tutur”.
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü vasitəsilə Azərbaycanla daha geniş inteqrasiyanı dəstəklədiyi vurğulanır, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Aİ Azərbaycanın ÜTT-yə daxil olmasını, həmçinin Azərbaycan iqtisadiyyatının bifurkasiyasını, rəqəmsallaşdırılmasını və karbonsizləşdirilməsini dəstəkləyir.
Sənəddə vurğulanır ki, bütün bunlara baxmayaraq, Aİ Azərbaycanda insan haqlarının pozulmasına, sərhəddə dəfələrlə atəşkəs rejiminin pozulmasına, həbslərə, medianın məhdudlaşdırılmasına göz yummamalıdır.
Qəbul edilmiş sənəddə Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak edən məmurlara, xüsusən də belə tədbirlərə yol verən hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı sanksiyaların tətbiqinə çağırır: “Azərbaycan senzuraya yol verməməli, internet azadlığı ilə bağlı qanunlar Avropa standartlarına uyğun olmalıdır”.
Avropa Parlamenti Azərbaycan hökumətini vətəndaş cəmiyyəti ilə sıx dialoqa, demokratiyanı və insan hüquqlarına hörməti təmin edən islahatları həyata keçirməyə çağırır.
Sənəddə jurnalistlərin, siyasi fəalların, hüquq müdafiəçilərinin daxildə və xaricdə təqib edilməsi, cinayət məcəlləsindən qisas almaq üçün istifadə edilməsi tənqid olunur.
Hesabatda Azərbaycan hökuməti insanların sərbəst toplaşmaq hüququnu təmin etməyə çağırılır.