"ÇÖRƏYİN QİYMƏTİ SUBSİDİYADAN ASILIDIR..." -Hökumət bahalaşmanın qarşısını ala bilərmi?
Hələ bir neçə gün öncə sosial şəbəkələrdə un məmulatlarının qiymətinin artmasıyla bağlı xəbərlər yayılmışdı. Vətəndaşlar kisə ilə satılan unun qiymətində 15-30 faiz bahalaşma olduğunu bildirirdilər. Sonradan bu məlumatlar öz təsdiqini tapmağa başladı.
Yenixeber.org: Rəsmi açıqlama olmasa da, artıq bəzi paytaxt mağazalarında "zavod" çörəyinin 60 qəpikdən satıldığı barədə məlumatlara rast gəlinir. Eyni zamanda, unun kisəsinin də 10 manat civarında bahalaşdığı bildirilir. Bölgələrdə isə vəziyyət daha mürəkkəbdir. Belə ki, bəzi un istehsalçıları vahid qiymət tətbiq edilənədək, satışı dayandırıblar. Nəticədə bəzi bölgələrdə un qıtlığı yarandığı barədə xəbərlər yayılır.
Sözügedən problemlə bağlı ölkədəki iri un və çörək istehsalçıları müraciət yayıblar: "2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub. Dövlətin sahibkarlara göstərdiyi dəstək nəticəsində 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamaq mümkün olub. Amma mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu ərzaq məhsulu ilə təminatı, qıtlığın yaranmaması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb. Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi "zavod" çörəyinin qiymətinin 10-15 qəpik artması ehtimal olunur".
Xatırladaq ki, ölkədə çörəyin qiymətini Tarif Şurası müəyyənləşdirmir. Azərbaycan buğda idxalçısı olduğundan, çörəyin qiyməti qlobal bazardakı vəziyyətdən aslıdır. Bazardakı vəziyyət isə heç də ürəkaçan deyil. Belə ki, daha çox Rusiyadan idxal olunan ərzaq buğdasının qiymətində bahalaşma müşahidə edilir və yaxın tarixdə həmin qiymətin bir qədər də artacağı gözlənilir. Çünki hökumət buğdanın ixrac rüsumunun 2022-ci il yanvarın 12-dən artaraq, 1 ton üçün 98,2 dollar olacağını açıqalyıb. Qeyd edək ki, hazırda bu göstərici 94,9 dollardır. Rusiya hökuməti bu yolla əldə olunan gəliri buğda istehsalçılarına subsidiya şəklində ödəməyi planlaşdırır.
Məlumat üçün qeyd edək ki, hazırda 500 qramlıq çörəyin qiyməti Türkiyədə 1,06 manat, Rusiyada 80 qəpik, Ukraynada 80 qəpik, Gürcüstanda 50 qəpik, Ermənistanda isə 1 manatdır.
Azərbaycanda isə hökumət qısamüddətli strategiyalarla çörəyin qiymətini stabil saxlamağı bacarırdı. Məsələn, 2020-ci ildən buğda təchizatı ilə məşğul olan şirkətlərə subsidiyalar ayrılmağa başlandı, eyni zamanda, bu sahə 2024-cü ilə qədər ƏDV-dən azad olundu. Təkcə ƏDV-nin ləğvi çörəyin qiymətinin 18 faiz bahalaşmasının qarşısını alırdı. Lakin buna baxmayaraq ölkədə buğda istehsalının zəif inkşafı, xarici bazardan asılılığın yüksək olması qəbul edilən qərarların effektivliyini azaldır.
Azərbaycan buğda istehsal etsə də, daxili təlabatı tam ödəyə bilmir. Ölkədə istehsal olunan buğdanın keyfiyyəti aşağı olduğundan əsasən, mal-qaranın qida ehtiyaclarını qarşılmağa yönləndirilir. Daxili təlabatı ödəmək üçün isə Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan ərzaq buğdası idxal olunur. Dövlət Statisitika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan xarici ölkələrdən 262,5 milyon dollar dəyərində, 1 milyon tondan artıq buğda idxal edib.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son vaxtlar qlobal bazarda dənli bitkilərin qiyməti sürətlə artmaqdadır: "Təkcə ötən ilin noyabr ayında dənli bitkilərin qiyməti 3,1 faiz artıb. Ümumilikdə isə ötən il dünya bazarında dənli bitkilərin qiymətində 23 faizdən artıq bahalaşma qeydə alınıb. Xüsusilə də, pandemiyadan sonra Rusiya və Qazaxıstan taxıl qıtlığı təhlükəsini nəzərə alaraq dənli bitkilərə ixrac vergisi tətbiq etməyə başladılar. Qeyd edək ki, pandemiya dövründə dünya əhalisinin buğda istehlakı da xeyli artıb. Ona görə də, əksər ölkələr indiki dövrdə taxıl anbarlarını doldurmağa çalışırlar. Eyni zamanda daşıma xərclərinin artması, iqlim problemləri, quraqlılqlar da bahalaşmanın əsəs səbəblərindəndir".
Ekspert qeyd edib ki, Azərbaycanda bu sahəyə hökumətin ciddi subsidiya dəstəyi var: "Hökumət bəlkə də, təkcə bu sahədə qiymət artımıyla ciddi mübarizə aparır. 2021-ci ildə may və sentyabr aylarında iki mexanizm irəli sürüldü və müəyyən subsidiyalar yaradıldı. Bu mexanizmə əsasən, taxılın topdan satış qiyməti 520 manat oldu və un istehsalçılarına 25 faiz marja müəyyənləşdirildi. Eyni zamanda hökumət 31 dekabr tarixinə qədər dayanıqlı mexanizm təklifi irəli sürməli idi. Lakin vaxt bitib və ortada heç bir təklif yoxdur".
X.Kərimli xatırladıb ki, əvvəlki illərdə un istehsalçılarına büdcədən subsidiya ayrıldığına görə, əhali qiymət artımını hiss etmirdi: "Hazırda kisə ilə satılan unun qiymətinin bahalaşması bazarın buna reaksiyasıdır. Əgər hökumət subsidiya dəstəyini davam etdirməsə, çörəyin qiyməti 30 faizə qədər bahalaşacaq. Və ya əksinə, subsidiya yardımları davam etdirilsə qiymət stabil olaraq qalacaq. Çörəyin qiymətinin artması, tamamilə hökumətin verəcəyi qərardan asılı olacaq"."Azpolitika"