İRAN AZƏRBAYCANLA GƏRGİNLİKDƏN İQTİSADİ ZƏRBƏ ALAR –Şimal-Cənub dəmir yolu layihəsi dayana bilər
İranla Azərbaycan arasında gərginlik iqtisadi münasibətlərə, o cümlədən regional layihələrə necə təsir edə bilər?
Yenixeber.org: Ekspertlərə görə, yaranmış böhran həm də tərəflər üçün mümkün iqtisadi itkilər riskini artıra bilər. Məsələn, Şimal-Cənub dəmir yolu layihəsinin tikintisi əngəllənə bilər. Bu layihə İrandakı Astara ilə Azərbaycandakı Astaranı birləşdirəcək Şimal-Cənub xəttini Şimali Avropa və Hindistanla bağlamalıdır. Onun istifadəyə verilməsi Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyə imkan verəcək.
ADA Universiteninin "Baku Dialogues" nəşrindəki təhlilə əsasən, nəqliyyat layihəsi (INSTC) çərçivəsində İranın Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkəsinə çıxışı Tehran üçün əsas tranzit və iqtisadi imkanlardan birini təşkil edir.
Moskvanın "Xalqlar Dostluğu" İnstitutunun professoru Əhməd Vaxşetəh BBC-yə artan gərginliyin bu layihəyə maneə ola biləcəyini qeyd edib: "Hər iki ölkə üçün bu bağlantını itirmək riski yaranır. Bu yol Rusiya ilə birbaşa dəmir yolu ilə əlaqəni təmin edir". Onun sözlərinə görə, bu layihəyə alernativlər mövcud olsa da, bu, xətt İran üçün Rusiya ilə ən qısa dəmir yolu əlaqəsi kimi itki ola bilər.
İqtisadi şərhçi Natiq Cəfərli Şimal-Cənub layihəsinin əhəmiyyətini dəyərləndirərək bildirir ki, onunla bağlı aparılan danışıqlar çox güman ki, gərginliyin çox da yüksəlməməsinin əsas səbəblərindən biri ola bilər.
Hazırda gərginliyin ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təsirinə gəlincə, N.Cəfərli bildirib ki, İran Azərbaycana daha çox mal satdığı üçün ticarətdən daha çox mənfəət əldə edir. Onun sözlərinə görə, cari ilin ilk 8 ayında iki ölkə arasında artan iqtisadi ticarət mübadiləsi 270 milyon dollara yaxın olub və bunun cəmi 19 milyonu Azərbaycanın payına düşür. Yerdə qalanı İranın ixracatıdır: "Onların bizə 10 dəfə artq mal satdığını görürük. Yəni Azərbaycan bazarı İran üçün kifayət qədər cəlbedicidir".
Ötən il ümumi həcmi 25 milyard dollara çatan Azərbaycanın xarici ticarət mübadiləsində İranın payının davamlı artdığını da görmək olar. 2015-ci ildən bəri 125 milyon dollar təşkil edən bu rəqəm 2019-ci ildə az qala yarım milyard dollara yaxınlaşıb.
Professor Əhməd Vaxşetəh deyir ki, gərginliyin artması nəticəsində əziyyət çəkən sahələrdən biri də yerli sahibkarlıq proqramları ola bilər. O, bu müstəvidə xüsusən, Şərqi Azərbaycan sahibkarlarının Azərbaycandakı layihələrə marağının zərbə altına düşə biləcəyini qeyd edir. Onun sözlərinə görə, Azərbaycanda biznesin fəallığı həm də o cəhətdən vacibdir ki, İran burada Qərb şirkətləri, xüsusilə İsrail və Türkiyə ilə rəqabətdə itirmək istəmir.
Azərbaycan-İran gərginliyi həm də İkinci Qarabağ müharibəsindən sonra elan olunan ən iri nəqliyyat layihəsinə təsirsiz ötüşməyib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin təşəbbüsü ilə irəli sürülən və İranla Gürcüstanın iştirakını da nəzərdə tutan "Altılıq" platforması üçün "Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan" dördlüyünün kifayət etdiyini bildirib. "Kim istəyir qoşulsun, kim istəmir özü bilər", - İlham Əliyev vurğulayıb.
"Altılıq" platforması məsələsi çərşənbə günü Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahianın görüşündə də qaldırılıb. Lavrov bu layihədən bütün region ölkələrinin qazanacağını deyib.
Azərbaycanın və İranın son bəyanatları kifayət qədər sərt səslənir və bəzi təhlillərdə vəziyyətin kəskinləşdyini göstərən məlumatlar yayılıb. Lakin ekspertlər hazırda bölgəni silkələyən ritorikaya rəğmən, ortaq maraqların tərəfləri eskalasiyadan çəkindirdiyini vurğulayırlar.
BBC Fars Televiziyasının redaktoru İbrahim Xəlili deyir ki, İran daxilində bu məsələyə yanaşma birmənalı deyil, media və ictimai müzakirələrdə bəzən sərt ifadələr nəzərə çarpsa da, rəsmilərə gəlincə bəyanatların daha təmkinli olduğunu görmək olar: "İran hakimiyyətinin iqtisadiyyat və nüvə danışıqları kimi, o qədər daxili problemləri var ki, onun üstünə daha bir diplomatik böhranı gətirmək istəmirlər".
İran məsələləri üzrə şərhçi Əsgər Əbdi isə deyib ki, İranla-Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı hazırda siyasi amillərin kölgəsində qalsa da, beynəlxalq sanksiyalara görə Tehranın qərar qəbul etməsində iqtisadi amillərin əhəmiyyəti artıb. Hər iki ekspert həmfikirdirlər ki, İran üçün iqtisadi amillər mühüm olsa da, hazırkı böhranda bu, təhlükəsizlik məsələlərindən sonra ikinci yerdə gəlir.(azpolitika)