Yenixeber.org: İyunun 18-də İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. Hazırda prezidentliyə 592 namizəddən 7-nin namizədliyi təsdiqlənib. Bunlar İranın Məhkəmə Sisteminin sədri Ayətullah Seyid İbrahim Rəisi, SEPAH-ın sabiq komandiri Möhsin Rzayi, sabiq vitse-prezident Möhsin Mehrəlizadə, Ali Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili, İran Mərkəzi Bankının sədri Əbdünnasir Himməti, İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimi, Parlamentin sabiq üzvü Əlirza Zakanidir. Prezidentliyə namizədlərdən İbrahim Rəisinin şansının daha çox olduğu deyilir. İranın hazırki Prezidenti Həsən Ruhani isə artıq iki dəfə seçildiyi üçün yenidən prezident seçilə bilməz.
Mövzu ilə bağlı “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Eurasia Diary-yə açıqlama verib.
Politoloqun sözlərinə görə, İbrahim Rəisi ötənilki seçkilərdə prezidentliyə namizəd kimi iştirak edib və Həsən Ruhaninin rəqibi olub: “Rəisi indiki Ali rəhbər Ayətullah Seyid Əli Xameneinin və mərhum Ayətullah Behiştinin yetirməsidir. Hakimiyyətdəki mühafizəkar xəttin təmsilçisi sayılır. Bu səbəbdən böyük ehtimal ilə Rəisinin prezident olacağı gözlənilir. Çünki prezidentliyə ciddi namizədlər sayıla bilən Əli Laricani, əvvəlki prezident Əhməd Necati və başqalarının namizədliyinin qeydiyyata alınmaması Rəisi üçün prezidentliyə yolun açılması deməkdir və prezident olması ehtimalı böyükdür”.
Ekspert həmçinin əlavə edib ki, Rəisi bəzilərinin iddia etdiyi kimi azərbaycanlı deyil, Xorasanda anadan olub, farsdır, 60 yaşı var. İranda müxtəlif dövlət vəzifələrində – prokuror, dini xadimlərin məhkəməsinin hakimi olaraq çalışıb. Ayətullah Seyid Əli Xameneinin ən yaxın adamlarından sayılır.
S. Soltan, seçkilərdə qazanacaq yeni prezidentin xarici siyasət kursunun İranın dünya siyasəti və Azərbaycanla bağlı siyasətindəki mövqeyinə necə təsir etməsi barədə sualı cavablandırarkən bildrib ki, İranda xarici siyasəti prezident müəyyənləşdirmir: “İranda xarici siyasəti və ölkənin bütün məsələlərini Ayətullah Seyid Əli Xameneinin başçılıq etdiyi dövlət strukturu müəyyənləşdirir. Hökumət isə icraçıdır. İbrahim Rəisinin şəxsiyyəti və s. göstəriciləri İran-Azərbaycan münasibətlərini nə artıra, nə də azalda bilər. Çünki siyasəti o müəyyənləşdirmir”.
İran hazırda ciddi iqtisadi problemlərlə üz-üzədir. Buna görə də yerli etirazların baş qaldırması ehtimalı barədə danışılır. Bu barədə fikrini bildirən politoloq xatırladıb ki, pandemiyadan əvvəl 2019-cu ildə İranda çox böyük etiraz aksiyaları keçirilmişdi: “Pandemiya İranda bu etiraz aksiyalarını yatızdırdı. Həm ehtiyat edildi, həm də insanları hədələdilər. Ölkədə iqtisadi və sosial vəziyyət günü-gündən ağırlaşır. Bunun da başlıca səbəbi İranın nüvə proqramı ilə bağlı ona tətbiq olunan sanksiyadır. Düzdür, İran son zamanlar bəyan edir ki, Vyanada İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlarda ABŞ-la mübahisəli məsələlərin böyük bir qismini həll edib. Ancaq hələ ki, nəticə yoxdur. Çünki İranın neft sektoruna sanksiyanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp tətbiq edib və hakimiyyətə gələndən sonra 2015-ci ildə qəbul olunmuş razılaşma sənədindən ABŞ-ı çıxardı. Və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar qüvvədə qaldı. Bu həm də ABŞ-ın müttəfiqlərinin İranla iqtisadi əlaqələri genişləndirməsinə mane olur. Odur ki, yaxın perspektivdə İrana qarşı tətbiq olunan sanksiyaların aradan qalxacağı və İranda iqtisadiyyatın yüksəliş tapacağı və bunun nəticəsində də əhalinin firavan həyat tərzinin təmin olunacağını ehtimal etmək sadəlövhlük olardı. Buna görə də ölkədə vəziyyət perspektivə İranda sosialyönlü şüarların verildiyi etirazların artacağı hadisələr baş verəcək. Bunu İranın mövcud həm iqtisadi, həm siyasi və s. vəziyyəti şərtləndirir. Çünki ölkənin həyatını, gündəliyini əhatə edən sahələrdə islahatlar aparılmır. İslahatların aparılmaması isə artıq cəmiyyətin tələbatının ödənilməməsi deməkdir. İranda etiraz aksiyalarının baş verəcəyi istisna olunmur. Bu etirazlar nə ilə nəticələnəcək və nə qədər xeyirli ola bilər, kim bu etirazlardan qazanacaq, bu isə artıq başqa mövzudur”.