Yenixeber.org: İşğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrin icrası istiqamətində son aylar ciddi hərəkətlilik müşahidə olunur. İndiyə qədər Azərbaycana investisiya yatırmaq istəyən, amma münaqişə səbəbindən buna risk etməyən ölkələr artıq rəsmi Bakıya öz layihələrini təklif edirlər. Xüsusən də işğaldan qurtarılan ərazilərin bərpasında iştirak üçün xarici şirkətlər sözün əsl mənasında rəqabətə giriblər. Artıq həmin şirkətlərin rəhbərləri və təmsilçiləri ilə rəsmi görüşlər keçirilib, müzakirələr aparılıb, bəziləri ilə konkret əməkdaşlıq müqavilələri imzalanıb. Buna misal kimi, Türkiyə, Rusiya, Böyük Britaniya, Pakistan, İtaliya, Fransa, Niderland, İran və digər ölkələri göstərmək olar.
Xatırladaq ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu ölkənin şirkətlərinin Qarabağın bərpasında iştirakı etmək niyyətini hələ yanvar ayında elan etmişdi. Elə həmin ərəfədə Azərbaycanın hökumət nümayəndələri ilə bu məsələləri müzakirə edən macarıstanlı nazir “Eximbank”ın bərpa proqramında iştirak etmək istəyən şirkətlər üçün 100 milyon dollarlıq kredit ayırdığını söyləmişdi. Martın 10-da P. Siyarto Azərbaycan prezidentinin qəbulunda olarkən də əsas müzakirə mövzusu macar şirkətlərinin işğaldan azad olunan ərazilərdə iştirakı məsələsi idi. Nazir Bakıda keçirdiyi digər görüşlərdə Macarıstan şirkətlərinin ərazilərin bərpasında, xüsusən də “ağıllı şəhər” tikintisində iştirak etməkdə maraqlı olduğunu vurğulamışdı. “İşğaldan azad edilən ərazilərdə su idarəetməsi böyük əhəmiyyət kəsb edir və bu sahədə Macarıstanın təcrübəsi var. Eyni zamanda, heyvandarlıq sahəsində təcrübəsi olan macar şirkətləri mövcuddur. Bu şirkətlər Qarabağın yenidən qurulmasına böyük töhfə verə bilər”, – deyə P. Siyarto bildirmişdi.
Azərbaycan hökuməti Macarıstan tərəfinin minaların təmizlənməsi işinə könüllü ianə edilməsinə dair təklifini də yüksək qiymətləndirib.
Bəs, hanşı ölkələrin şirkətləri bərpa və yenidənqurma layihələrinin icrasına başlayıb?
Ərazilərin bərpası “Zəfər yolu”ndan başlayıb
Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin icrasına başlayan şirkətlər arasında Türkiyə şirkətləri ön sıradadır. Artıq türk şirkətləri Azərbaycan üçün önəmli infrastruktur layihələrini icra etməyə başlayıblar. Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində onlar Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. “Zəfər yolu” adlandırılan 101 kilometrlik yolun çəkilişində Türkiyənin 2 şirkəti – “Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş” və “Özgun Yapı Sanayi ve Ticaret AŞ” şirkətləri iştirak edir. Ötən il noyabrın 16-da təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Bu yol Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2 hərəkət zolaqlı və ikinci texniki dərəcəyə uyğun inşa edilir.
Hazırda sözügedən avtomobil yolu boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsü inşa edilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla, yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. “Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə Füzuli və Şuşa şəhərləri də daxil, 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. İş həcminin böyüklüyü və layihənin qısa müddətdə yekunlaşdırılmalı olduğu nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı”, “7 nömrəli Magistral Yolların İstismarı” və “Azvirt” MMC-lər də tikintiyə cəlb olunub.
Türkiyə şirkəti Murovda tunel tikir
Murov istiqamətindən Kəlbəcərə çəkiləcək yeni yol və tunellər, digər infrastruktur layihələrinin də icrasına başlanıb. Belə ki, Toğana-Kəlbəcər yolunun Ömər aşırımına qədər olan hissəsində torpaq işləri atıq başa çatdırıb və hazırda həmin ərazilərdə mövcud olan 80 kilometrlik yol genişləndirilib. Yolun eni bəzi hissələrdə 15 metrə çatdırılıb. Yolun hər iki istiqamətdə 2 metr eni olan mühafizə zolağı da inşa olunacaq. Hazırda Murov yolunun Kəlbəcər-Ömər aşırımı hissəsinin də yenidən qurulması davam etdirilir.
Artıq Türkiyə şirkətlərinin bilavasitə iştirakı ilə tunelin də inşasına başlanıb. Ömər aşırımından keçməklə Murovdağın Toğanalı istiqamətindəki “Yol evi”ndən Kəlbəcərə çəkilən və ümumi uzunluğu 11,2 kilometr olan tunellərin də inşası Türkiyə şirkətlərinə həvalə olunub.
Ümumilikdə Kəlbəcər rayonunda böyük qayıdışa hazırlıqlarla bağlı işlər aprelin sonlarından xeyli sürətlənib. Artıq kiçik çaylar üzərindəki su elektrik stansiyalarının, düşmənin 10 noyabr razılaşmasından sonra rayonu tərk edərkən məhv etdiyi qurğu və avadanlıqların bərpasına start verilib. Hazırda Kəlbəcərdə inşa edilən yeni paylayıcı yarımstansiyada tamamlanma işləri aparılır. Bu yarımstansiya üçün Daşkəsən rayonundan yeni elektrik xətti çəkilir və hazırda Qoşqar dağı istiqamətində quraşdırma işləri davam etdirilir. Yaxın aylarda istifadəyə veriləcək bu yarımstansiya Kəlbəcəri elektrik enerjisi ilə təmin edən əsas qurğulardan biri hesab olunur.
Ağdamda da bərpa işlərinə başlandı
Ərazilərin bərpası ilə paralel olaraq, infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması da davam edir. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin iqtisadi məsələlər üzrə işçi qrupunun məlumatına əsasən indiyədək 13 mindən çox əmlakın inventarlaşdırma işləri tamamlanıb.1532 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin inventarlaşdırılması başa çatdırılıb. Ümumilikdə 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir.
Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində bu rayonda infrastrukturun bərpası ilə bağlı təməlqoyma mərasimlərində iştirak edib. Belə ki, dövlət başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, eləcə də Bərdə-Ağdam avtomobil yolunun təməlini qoyub. Ağdamda Zəfər Muzeyinin və açıq hava altında İşğal Muzeyinin yaradılacağı da planlaşdırılır.
Prezident İlham Əliyev Ağdam Sənaye Parkının yaradılması haqqında fərman da imzalayıb. Fərmana əsasən işğaldan azad edilmiş Ağdam şəhəri yaxınlığında 190 hektar ərazidə Sənaye Parkının fəaliyyətinin təşkili və infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması məqsədilə İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Millət vəkili Malik Həsənov deyib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarəti altındadır. Onun sözlərinə görə, prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri həmin ərazilərdə bərpa məsələlərinə xüsusi diqqət göstərildiyinə işarədir:
“Dövlət başçısının Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri də bunun bariz nümunəsidir. Əsas hədəf Qarabağda infrastruktur layihələrinin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına nail olmaq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa zəmin yaratmaqdır”.
Hazırda işğaldan xilas olunmuş ərazilərdə şəhərlərin baş planının hazırlandığını deyən deputatın fikrincə, Qarabağda həyat şəraiti daha rahat və cəlbedici olacaq:
“Əgər nəzərdə tutulan digər layihələrə də nəzər salsaq, görərik ki, bərpaolunan enerji növlərinin bu bölgələrdə çox böyük potensialı var. Dövlət başçısı da işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini xüsusi qeyd edir. Düşmənin Laçın rayonu ərazisində məhv etdiyi 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq. Təkcə bu fakt işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa hazırlığın yüksək səviyyədə aparıldığını göstərir”.(pressklub)
Elxan Salahov