Amerikalı məmur və diplomatların beynini xarab edən gizli silah-şübhələr GRU-ya yönəlib...
Amerika hakimiyyəti şübhələnir ki, son bir neçə il ərzində Birləşmiş Ştatların dövlət qulluqçularına, diplomatlarına və kəşfiyyat əməkdaşlarına qarşı istiqamətləniş enerjidən istifadə edilməklə həyata keçirilən hücumların arxasında Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsi (GRU) dayanır.
Yenixeber.org: Bu barədə “Politico” nəşri məsələni araşdıran üç indiki və keçmiş amerikalı məmura istinadən yazır.
Publik qaydada çıxış etmək səlahiyyəti olmayan həmin mənbələr deyirlər ki, hakimiyyət nümayəndələrinin əlində həmin hücumların GRU tərəfindən törədildiyinə dair birbaşa sübutlar yoxdur. Kəşfiyyat cameəsi hələlik hücumları kimin törətdiyinə dair yekdil mövqeyə gəlməyiblər. Lakin son həftələr ərzində ABŞ-ın bütün 18 kəşfiyyat strukturunun cəlb olunduğu araşdırma aparılır və əsas şübhələr GRU-ya yönəlib.
Ağ evin nümayəndəsi anonimlik şərti ilə bildirib ki, Birləşmiş Ştatların ölkə ərazisində və xaricdə işləyən hökumət nümayəndələrinə qarşı son illər ərzində dəfələrlə baş vermiş, onların səhhətində ciddi problemlərə səbəb olmuş hücumlarla bağlı araşdırma getsə d hələlik yetərli dəlillər əldə edilməyib.
Belə hücumlara məruz qalanlar 2016-cı ildə ilk dəfə qeydə alınmış “Havana sindromu”nun simptomlarını hiss etdiklərini deyirlər. O vaxt ABŞ-ın bəzi kəşfiyyat agentləri və diplomatları daimi baş ağrılarından, baş gicəllənməsindən və eşitmə qabiliyyətinin pozulmasından, bəzən isə beyin fəaliyyətinin uzunmüddətli korlanmasından şikayətlənmişdilər. Bu əlamətlərin səbəbinin istiqamətləniş enerji silahı olduğu haqda təxminlər irəli sürülmüşdü. Sonradan həmin simptomlarla üzləşən amerikalı məmurların sayı artmağa başladı.
ABŞ rəsmiləri həyacan təbili çalmağa başladılar və Konqres üzvlərini xəbərdar etdilər ki, onlar Birləşmiş Ştatların dövlət qulluqçularına qarşı istiqamətlənmiş enerji ilə hücumların həyata keçirilməsi təhdidlərinin artdığını hesab edirlər. İki mənbə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bu təhdiqatda iştirakını artırıb və hər gün təhqiqatın gedişi barədə operativ informasiyalar alır. Berns habelə təhqiqat barədə ona gündəlik informasiyalar təqdim etmək üçün baş zabit təyin edib.
GRU Rusiyanın xarici ölkələrdə sui-qəsdlərdən tutmuş müxtəlif diversiyalara qədər məxfi əməliyyatlar həyata keçirən qorxunc kəşfiyyat strukturudur. ABŞ bu srukturun 2016 və 2018-ci illərdə bu ölkədə seçkilərə kiberhücumlar vasitəsilə müdaxilə etdiyini təsdiqləyib. Mənbələr deyiblər ki, GRU Rusiya hökumətində istiqamətlənmiş enerji silahı ilə hücumlar həyata keçirə biləcək yeganə strukturdur. “Zahirən, xaraktercə bu baş verənlər GRU-nun işləridir. Ümumi mənzərəyə əsasən çox az adam belə əməllərə qadirdir və onları həyata keçirmək üçün texniki vasitələrə malikdir”,-araşdırma ilə tanış olan keçmiş kəşfiyyat məmuru bildirib.
Digər keçmiş milli təhlükəsizlik əməkdaşı isə deyib ki, İsrail və Çin də bu cür texniki vasitələrə malik ola bilər, amma bu ölkələrin heç biri hücum hallarının baş verdiyi yerlərdə işləmirlər və ümumiyyətlə, onların amerikalılara qarşı belə hücumlar həyata keçirmək arzusu da yoxdur.
Bildirilir ki, ötən ilin sonlarında ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Kris Miller hərbi əməliyyatlarda iştirak etmiş və istiqamətlənmiş enerjinin təsirinə məruz qaldığı bildirilən veteranlarla söhbətindən sonra təhqiqat başlatmağı əmr edib. Ötən həftə Miller “Politico” nəşrinə deyib ki, bu cür hücumlar hərbi əməliyyatlarla eynidir. Belə insidentlər isə dünyanın bir çox ölkələrində, o cümlədən Avropada, ABŞ-ın Mayami və Virciniya ştatında, Ağ evin yaxınlığında qeydə alınıb.
Keçmiş amerikalı məmurlardan biri deyib ki, Rusiyada istiqamətlənmiş enerji texnologiyası hələ XX əsrin ortalarında işlənib hazırlanıb. Söhbət hədəfə elektromaqnit şüalanması yönəldən elektromaqnit silahından gedir. Bu, gizli əməliyyatlarda istifadə edilmək üçün ideal silahdır, çünki şüalanmanın mənbəyini müəyyən etmək olduqca mürəkkəbdir. Hələlik bu silahın özünü görən olmayıb, amma ehtimal edilir ki, elektromaqnit silahı elə də böyük deyil və adi çiyin çantasına yerləşə bilər. Onun vasitəsilə insana 400-950 metr məsafədən təsir etmək mümkündür.(virtualaz)