Yenixeber.org: 2020-ci ilin mart ayından koronavirus pandemiyasına görə fəaliyyəti dayandırılan (qısa müddətə açılsa da, yenidən qapadıldı) metroda gediş haqqının bahalaşacağı barədə xəbərlər yayılır. Buna əsas verən səbəblərdən biri bugünlərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) mətbuata verilən açıqlamadır. Xatırladaq ki, yeraltı nəqliyyatda gediş haqqı 2018-ci il iyul ayının 31-də Tarif Şurasının qərarı ilə 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bahalaşma qərarının səbəbi kimi metronun öz xərclərini ödəyə bilməməsi göstərilmişdi.
“Bakı Metropoliteni”ndən verilən açıqlamada bildirilir ki, iyunun 1-dən metronun fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün proqnozlaşdırılan 132.6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0.97 manat təşkil edəcəyi gözlənilir. Qeyd olunur ki, 2019-cu ildə bir sərnişindaşıma 51 qəpiyə başa gəlsə də, sərnişin 30 qəpiyə daşınıb: “2020-ci ildə bir sərnişinin daşınması isə 1 manat 54 qəpiyə başa gəlib, amma yenə də 30 qəpiyə daşınıb”.
Bununla belə, Metropoliten qiymət artımı ilə bağlı hələ Tarif Şurasına müraciət etməyib. QSC-dən “Turan”a deyiblər ki, qiymətin 97 qəpik olacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Burada planlaşdırmadan söhbət gedir. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir”.
Xatırladaq ki, bu ilin fevral ayında prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. QSC-yə verilən dövlət dotasiyasının məbləği də azalıb. Ötən il quruma dövlət büdcəsindən 40 milyon manat verilsə də, bu il dotasiyanın məbləği 39.2 milyon manata düşüb.
Azərbaycanda dövlət şirkətlərində qeyri-effektiv idarəetmə, korrupsiya, mənimsəmə adi haldır. Bir qayda olaraq xərclər şişirdilir, mənfəət azaldılır, büdcə investisiyaları müxtəlif yollarla talanır. Ölkə başçısı İlham Əliyev də çıxışlarının birində bu barədə danışıb. “Əgər dövlət şirkətlərinin vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz”, – deyə prezident vurğulayıb.
Metropolitendən bir sərnişinin daşınma xərcinin 97 qəpik olması barədə verilən açıqlama qiymətlərin bahalaşacağı barədə narahatlıq yaradıb. Maraqlıdır, bu rəqəm necə formalaşır, burada məqsəd qiymətləri artırmaqdırmı və nəhayət, Azərbaycan İnvestisiya Holdinqi “Bakı Metropoliteni” QSC ilə bağlı hansı tədbirləri görməlidir?
İqtisadçı ekspert Rövşən Ağayev bildirdi ki, əvvəlcə metroda bir sərnişinin daşınmasının maya dəyərinin necə formalaşmasına aydınlıq gətirmək lazımdır. Onun sözlərinə görə, bunun üçün il ərzində fəaliyyətlərə sərf olunan xərclərin həcminin daşınan bir sərnişinə nisbəti tapılır:
“2020-ci ilin rəqəmləri məlum deyil, 2019-cu ildə müəssisənin əməliyyat xərcləri 170 milyon manatdan bir qədər çox olub. Daşınan sərnişinlərin sayı isə 239 milyon nəfərə yaxındır. Bura investisiya xərcləri daxil deyil”.
Əməliyyat xərclərinə nələr daxildir? R. Ağayev ilk növbədə amortizasiya xərclərini qyed etdi:
“Məlumdur ki, işlənən avadanlıqlar köhnəlir, yaxud aktivlər dəyərdən düşür. 2019-cu ildə 170 milyon manat əməliyyat xərcinin 53 milyon manatı amortizasiya xərcləri olub. İkinci yerdə isə işçi heyətinin saxlanması xərcləridir, bu məqsədlə 46,1 milyon manat sərf edilib. Beləliklə, il ərzində şirkətin əməliyyat xərclərinin 90 faizi bu iki xərc maddəsinə gedib. Yerdə qalan 10 faizə isə digər xərclər daxildir – elektrik enerjisi, kommunal ödənişlər, cari fəaliyyətlər üçün mal-materialların alınması və s…”
İqtisadçının sözlərinə görə, maya dəyərinın real formalaşmasını araşdırmaq üçün alternativ audit aparılmalıdır:
“Audit ilk növbədə onu yoxlamalıdır ki, amortizasiya və dəyərsizləşmə xərcləri nə dərəcədə şəffaf hesablanıb. Başqa dövlət şirkətlərinin təcrübəsində belə hallar var. Məsələn, “Azərsu” ASC-də amortizasiya və dəyərsizləşdirmə üçün böyük xərclər ayrılıb, bununla da şirkətin mənfəətlə işləməsinin qarşısı alınıb. Mən “Bakı Metropoliten”inə qarşı bu ittihamı irəli sürə bilmərəm, əlimdə fakt yoxdur. Bunun üçün müstəqil, alternativ audit ciddi şəkildə işləməlidir. İnvestisiya Holdinqinin qarşısında duran vəzifələrdən biri də bununla bağlıdır. İkincisi, işçi heyətə çəkilən xərclərin nə qədər şəffaf olub-olmaması da yoxlanılmalıdır. Bir çox müəssisələrdə, şirkətlərdə işçilərə çəkilən xərclərin şişirdilməsi halları olur. Beləliklə, maya dəyərinin necə formalaşdığını müəyyən etmək üçün bu iki xərc maddəsi audit və təftiş edilməlidir. Ondan sonra qərar vermək olar ki, Metropolitendə maya dəyərinin formalaşması nə dərəcədə etibarlı və şəffafdır”.
Ekspert daha sonra qeyd etdi ki, 2019-cu ildə 230 milyondan artıq sərnişini 30 qəpikdən daşıyan “Bakı Metropoliteni”nin 124 milyon manat əməliyyat gəliri formalaşıb. Onun sözlərinə görə, gəlirlər il ərzində xərclərdən təxminən 55 milyon manat az olub:
“Bu həcmdə əməliyyat zərəri yaranıb. Şirkətin cari əməliyyat gəlirlərinin 40 faizi dövlət büdcəsindən gəlir. 2019-cu ildə 49,4 milyon manat büdcədən alıb, qalan 60 faizin 56 faizi sərnişindaşımadan, 4 faizi isə reklam, ticarət obyektlərinin icarəyə verilməsi və sair istiqamətlərdən formalaşıb”.
Qiymət artımının baş verməsinin nə qədər real olmasına gəlincə, R. Ağayev deyir ki, rəqəmlərdən Metropolitenin böyük zərəri olduğu aydın görünür:
“Burada iki variant var. İnvestisiya Holdinqi araşdırma aparıb, əməliyyat xərclərində ehtimal olunan şişirtmələri aradan qaldırır. Paralel olaraq, gizlədilən gəlirləri leqallaşdırır. Bu zaman qiymət artımından qaçmaq mümkündür. Yox, əgər xərcləmələr obyektivdirsə, yəni gəlir və xərclər realdırsa və dövlət bu zərəri üzərinə götürmürsə, qiymət artımına gedilə bilər. Artıq bu, hökumətin verəcəyi qərardan asılıdır. Bəlkə hökumət bəlli bir zamana qədər zərəri ödəməkdə davam edəcək”.
İqtisadçı onu da vurğuladı ki, 2019-cu ildə şirkətin əməliyyat xərcləri ilə yanaşı, 120 milyon manat investisiya xərcləri olub:
“Bu vəsaitin 76 faizi yenə dövlət büdcəsindən qarşılanıb. Yerdə qalan 24 faizi isə şirkətin öz mənbəyi hesabına ödənilib. Beləliklə, Metropolitenin bir il ərzində əməliyyat və investisiya xərclərinin ümumi həcmi 300 milyon manatdır. Onun da 45 faizindən çoxu dövlət büdcəsi hesabına təmin olunub. Məlum olur ki, Metropolitenin həm əməliyyat, həm də investisiya xərclərində büdcədən ciddi asılılığı var”.
Rövşən Ağayev hesab edir ki, İnvestisya Holdinqi ilk növbədə “Bakı Metropoliteni” QSC-də şəffaflığa nail olmalıdır:
“İki istiqamətdə təcili fəaliyyət həyata keçirilməlidir. Birincisi, əməliyyat xərclərinin nə qədər etibarlı formalaşdığını alternativ audit vasitəsilə müəyyənləşdirməlidir; ikincisi, büdcədən investisİya xərclərinin nə qədər şəffaf xərcləndiyi yoxlanılmalıdır. Məncə, Holdinqin görəcəyi ilk iş bundan ibarət olmalıdır”.(pressklub)
Turqut