Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünya yeni ədalətsizliklə üz-üzə -COVAX özünü doğrultmur - ŞƏRH

Dünya yeni ədalətsizliklə üz-üzə - COVAX özünü doğrultmur - ŞƏRH

Koronavirusa qarşı mübarizədə dünyanın iddialı dövlətləri həmkarlıq etmir. Onlar öz aralarında daha çox vaksin satmaq və “kimin vaksini daha güclüdür” yarışını aparırlar. Bu mübarizə daha çox ABŞ, Çin və Rusiya arasında gedir. Xəbərlərə görə, bu istiqamətdə kiberhücumdan tutmuş sənaye casusluğunadək qanunsuz fəaliyyətlər də göstərilir. BMT-nin baş katibi Antonio Quterreş bir neçə ay əvvəl dövlətlər arasındakı bu yarışı “vaksin milliyyətçiliyi” adlandırmışdı.

Yenixeber.org: Düzdür, pandemiyaya qarşı vaksinin hamıya əlçatan olması haqqında bəyanatlar verilir, çıxışlar edilir. Ancaq təəssüf ki, dünyada ədalətsizliklər bu məsələdə özünü göstərir. Belə ki, varlı dövlətlər daha çox vaksin əldə edir, ölkənin ehtiyacı olduğundan artıq sifariş edirlər. Almaniyanın səhiyyə naziri Yens Şpan bildirib ki, hökumət əhalinin immunitetini qorumaq üçün ehtiyat məqsədilə 2022-ci il üçün də koronavirusa qarşı vaksin sifariş edib: “Hazırda biz əlimizin altında olması üçün faktiki olaraq 2022-ci il üzrə də vaksin sifariş edirik. Ancaq bunun bizə lazım olub-olmayacağını da heç kim bilmir. Biz peyvənd preparatının sifarişini ehtiyat tədbiri kimi görürük”. Almaniya “Moderna”, “Pfizer” və “AstraZeneca” vaksinlərini sifariş edib.

Yeri gəlmişkən, “Vaksinlər və immunitet uğrunda qlobal Alyans”ın (GAVI - “Global Alliance for Vaccines and Immunisation”) hesablamasına əsasən, dünya əhalisinin 14 faizinin yaşadığı dövlətlər hazırda istehsalı planlaşdırılan peyvənd preparatlarının 53 faizini qabaqcadan sifariş ediblər. Məsələn, dünya əhalisinin 18 faizinin yaşadığı ölkələr “Pfizer/BioNTech” vaksininin 96 faizini sifariş veriblər. “Bloomberg”in araşdırmasına görə, ən çox vaksin sifariş verən ölkələr bunlardır: Hindistan 2,2 milyard doza, Avropa İttifaqı 1,3 milyard dozadan artıq, ABŞ 910 milyon doza, Böyük Britaniya 357 milyon doza və Yaponiya 210 milyon doza. Bunların arasında yalnız Hindistana bu miqdarda preparat yetərli olmayacaq. Digərlərinin vaksin ehtiyatı yaranacaq. Kanada alacağı preparatlarla əhalisinin 4 dəfə peyvənd edə bilər. “The Economist”in hesablamasına əsasən, Avropa İttifaqı dövlətləri də daxil olmaqla dünyanın varlı dövlətlərində 2021-ci ilin payızına və 2022-ci ilin ortalarınadək hamı üçün əl çatan olacaq. Hazırda bu ölkələrdə yaşlı sakinlər və tibb işçiləri vaksinasiya olunurlar. Ancaq kasıb ölkələrdə kütləvi vaksinləşmə 2023-cü ildə mümkün olacaq.

Əslində, preparatın dünya ölkələri arasında bərabər paylanması üçün Ümudünya Səhiyyə Təşkilatı yanında vaksinləri alaraq ehtiyacı olan ölkələrə paylamaq üçün fond yaradılıb. COVAX (Vaccines Global Access Facility) adlanan bu qurumda dünya əhalisinin 3,6 milyard sakini yaşayan 92 dövlət birləşib. COVAX reallaşmaqda olan bu təhlükəyə qarşı yaradılmışdı. 2020-ci ilin aprelindən fəaliyyətə başlayan COVAX BMT, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və iki peyvənd təşviqat qrupu tərəfindən idarə olunur. Ancaq bu qurumun da əhəmiyyətsizliyinin təsdiqlənməsi uzun sürmədi. COVAX 2020-ci ilin noyabrında elan etdi ki, 2 milyard dollar cəlb etməyi planlaşdırır. 2021-ci ildə isə 5 milyard dollar cəlb ediləcəyi nəzərdə tutulmuşdu. Ancaq ÜST-nin baş katibi Tedros Adanom Gebreisus qlobal proqram üçün 7 milyard dollar deyil, 28 milyard dollara ehtiyac olduğunu açıqlayaraq COVAX-ın əlində olan məbləğin "nəzakət jestindən başqa bir şey olmayacağı”nı bildirib. Deməli, COVAX-ın nəzərdə tutduğu proqramı icra etməsi üçün kifayət qədər maliyyə vəsaiti yoxdur. Bundan başqa, qurumun daxili sənədləşmə işində də bir sıra bürokratik əngəllər mövcuddur. Koronavirusa qarşı peyvəndin hazırlanması elmi inkişafın göstəricisi sayılır. Hazırda qlobal miqyasda peyvəndlər istehsal olunur. Sağlamlıq üzrə mütəxəssislər hamının peyvənd olunmasını vacib sayır. Keçən il peyvənd yarışları sürətləndikcə zəngin ölkələrin yoxsul ölkələrə qarşı peyvənd hazırlayacaqları qorxusu var idi. COVAX bu ədalətsizliyi aradan qaldımaq məqsədilə yaradılsa da, hələ ki işinin öhdəsində gələ bilmir.

Azərbaycanda koronavirusa ilk yoluxma hadisəsi fevralın 28-də qeydə alınıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa qarşı mübarizədə bir sıra mühüm addımlar atıblar. 2020-ci il martın 19-da Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Elə həmin gün dövlət başçısının sərəncamı ilə Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Prezident İlham Əliyev pandemiyaya qarşı qlobal mübarizəyə yardım edir. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Sammitdə pandemiyaya qarşı birgə mübarizə, qarşılıqlı yardımların olunmasına dair razılıqlar əldə edilib.

Hazırda Azərbaycanda da koronavirusa qarşı peyvənd prosesi başlayıb. Prezident pandemiyaya qarşı mübarizə ilə bağlı dəfələrlə çıxış edib. Bu istiqamətdə görülən işlərin yetərli olmadığını vurğulayıb. Fevralın 26-da yerli və beynəlxalq mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında da vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməməsi məsələsindən bəhs edib: “Bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə də bu vəziyyət bir daha göstərir ki, həmrəylik, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün, Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar".

Beləliklə, iddialı dövlətlərin təsis etdiyi daha bir təşkilatın ədalətsizliyi yaranmasının bir ili tamam olmadan aşkarlandı. Dünyada sosial ədalət başqa məsələlərdə olduğu kimi, peyvəndləmədə də özünü açıq-aşkar göstərir. Odur ki, nəzərdə tutulan işinin öhdəsindən gələ bilmədiyi üçün COVID-19-a qarşı olan COVAX əhəmiyyətsiz bir quruma çevrilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam