Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Rüşvətxorun yuxusu–hekayə

 

Evinizə haram ruzi gətirməyin. Bilin ki, qarşılığı hədsiz ağırdır.
Onu da bilin ki, haram ruzinin əvəzi sizdən deyil, övladlarınızdan çıxacaqdır.
Həz. Muhəmməd (s.a.v.)

Yenixeber.org: Mədətəli yuxudan qan-tər içində oyandı. Oyanandan sonra da gördüyü yuxunun dəhşətindən bir müddət özünə gələ bilmədi. Yuxuda rüşvət aldığı yerdə yaxalanan Mədətəli məhkəmə qarşısında cavab verirdi. Neçə illərdən bəri tutduğu yüksək vəzifədə vətəndaşların hüquqlarını kobud şəkildə pozaraq rüşvətxorluğa qurşanması sübuta yetirilmişdi. Məhkəmə sədri əmlakının müsadirə olunması şərti ilə Mədətəliyə on yeddi il iş kəsmişdi. Özü də cəzasını islah əmək koloniyasında çəkməli idi.
Mədətəli dikələrək yatağında oturdu və xeyli fikirləşdikdən sonra öz-özünə mızıldandı: ”Bu nə yuxu idi, əəə, mən gördüm?”
Gördüyü yuxunu necə yozacağına qərar verə bilməyən Mədətəli ozünü arvadı Sənəmin yataq otağına ataraq qışqıra-qışqıra dedi:
– Oyan, ay Sənəm xanım, oyan! Evimiz yıxılıb, ay Sənəm xanım, oyan!
Yuxudan hövlnak oyanan Sənəm yatağının içində oturdu və tənbəl-tənbəl əsnəyərək gərnəşdikdən sonra saymazyana:
– Nə olub, ay Əlişka, – dedi və gözlərini dikdi ərinin kündə sifətindəki kalafanı xatırladan ağız dəliyinə.
Mədətəli hələ də gördüyü yuxunun vahiməsindən xilas ola bilməmişdi. Odur ki, qorxa-qorxa ora-bura boylanaraq dedi:
– Yaman pis yuxu gördüm. Yuxuda gördüm ki, rüşvət aldığım yerdə tutulur və on yeddi il həbs cəzasına məhkum olunuram.
Qorxudan titrəyən ərini dinlədikdən sonra cin atına minən Sənəm yumuşaq yerindən it qapıbmış kimi qəflətən bağırdı:
– Daha sənə nə deyim? Məni yuxudan buna görəmi qaldırdın? Nə olsun, yuxudur da görmüsən. Sənin işin-peşən elə yuxu görmək deyilmi? Bu qədər də yatmaq olar? Evdə də, işdə də, hələ iclaslarda da yatırsan. Zalım oğlu, sabahın yuxusunu mənə niyə haram elədin?  Qoy yatım da, – dedi və yaşdığını düzəldərək yorğanı yenidən başına çəkdi.
Yuxuda da olsa həbs edilməsinə arvadının bu qədər laqeyd qalmasından xeyli pərt olan Mədətəli Sənəmin də narahat olmasını, onun da canına qorxu düşməsini istəyərək dedi:
– Hə, yadımdan çıxdı deyəm, həm də əmlakım müsadirə olundu, nəyimiz vardısa əlimizdən aldılar, özümüzü də əynimizdəki paltarla atdılar küçəyə.
Müsadirə olunma məsələsini eşidən Sənəm indicə əziz bir adamının ölüm xəbərini alıbmış kimi yatağında dikəldi və gözləri bərəlmiş halda dedi:
– Nə danışırsan, həm səni tutdular, həm də əmlakımızı müsadirə etdilər?
Nəhayət Sənəmin də qorxuya düşdüyünü görən Mədətəli məmnun halda:
– Hə, məhkəmə sədrinin oxuduğu hökm belə oldu, – dedi və xanımının rənginin saraldığını görüncə əlavə etdi: – Dedim axı, bütün bunları yuxuda gördüm.
Sənəm astadan:
– Nə olsun yuxuda görmüsən? Bu gün yuxuda gördüyün sabah real həyatda başına gələ bilər, təcili nəsə düşünməliyik, – dedi və başını əlləri arasına alaraq fikrə getdi.
Ailənin bütün problemlərinə, adətən, laqeyd qalan Sənəmin də bu dəfə xeyli narahat olması Mədətəlinin qorxusunu daha da artırdı. Elə bil vücuduna adamyeyən qarışqalar daraşmışdı. Lakin anladı ki, onun həbs edilməsi Sənəmi əsla maraqlandırmır. Odur ki, qorxusuz, sakit yaşamaq üçün bir çıxış yolu aramaq qərarına gəldi.
Fikirləşdi ki, yəqin bu yuxu bir xəbərdarlıqdır. Bu yaxınlarda məni dolaşdırmaq istəyirlər. Beş ay əvvəl başqa bir nazirliyə rəhbərlik edən dostunun başına gətirilənləri xatırlayınca ürəyi ağzına gəldi. Dostunu elə kabinetində rüşvət aldığı yerdə yaxalamışdılar. Yuxarılarda xeyli vəzifəli qohumunun, üç aydan bir “dolya" verdiyi yüksək vəzifəli şəxsin olmasına baxmayaraq, dostunu elə kabinetindəcə danaboyun eləyib həbsxanaya atmışdılar. Üç aya qədər istintaq getdikdən sonra dostunun və onun rəhbərlik etdiyi nazirliyin nəzdindəki bir neçə idarənin rəisinin bütün cinayətləri sübut olundu. Həmin şəxslər neçə illərdən bəri vəzifə səlayiyyətlərindən sui-istifadə edərək minlərlə iş adamını sıxışdırmaq yolu ilə hər il onlardan külli miqdarda rüşvət almış və müxtəlif monopolistlərin cinayətlərinə şərait yaratmışdılar. Əmlakı müsadirə olunmaqla dostuna ömürlür həbs cəzası verildi. Digərlərinin də əmlakı müsadirə olundu və hər birinə on iki ildən iyirmi ilə qədər iş kəsildi.
Mədətəli “Gərək son dərəcə ehtiyatlı olam”, deyib evdən çıxdı və bayaqdan həyətdə onu gözləyən idarə avtomobilinə oturub işə yollandı.
İdarə abtomobilinin sürücüsü Qulu Mədətəlinin kefsiz olduğunu o dəqiqə anladı. Bu gün “şef”dən bir az xərclik istəyəcəkdi. Lakin kefi olmayanda “şef”dən nəsə istəməklə onun qəzəbinə tuş gələ biləcəyinə əmin olan Qulu susdu və anladı ki, axşam evə əliboş dönəcək.
Nazirliyin qarşısında avtomobildən düşən Mədətəli birbaşa kabinetinə gəldi. Paltosunu, şərfini və papağını soyunub paltar şkafına asdıqdan sonra iş stolunun arxasındakı rahat kresloda büzüşərək oturdu və dərin fikirlərə qərq oldu. Uzun-uzadı fikirləşdikdən, necə deyərlər, dağı arana, aranı dağa çəkdikdən sonra belə bir qərara gəldi ki, bir müddət soyuq suyu da üfürüb içməli, idarəyə müraciət edən vətəndaşları incitməməli, kimsədən heç nə qəbul etməməlidir. İdarədə, hətta bütün nazirlikdə özünü təmiz adam, rüşvətin qatı düşməni kimi göstərməlidir. Düşündü ki, yalnız bu yolla xatanı sovuşdurmaq olar.
Həqiqətən də Mədətəli bir ay heç kimdən heç nəyin təmənnasında olmadı. Tabeliyində olan bütün işçilərə də qəti şəkildə bildirdi ki, vətəndaşları incidənin, rüşvət götürənin atasına od vuraram. Başınızı aşağa salıb xalqa yüksək səviyyədə mədəni xidmət edin.
İşi düzəldikdən sonra ona “şirinlik” vermək istəyənlərə Mədətəli bir sifət göstərdi ki, gəl görəsən. “Siz məni dilənçimi sayırsınız, bu nədir hərəniz bir ad qoymusunuz? Biriniz “hörmət”, o biriniz “şirinlik”, digəriniz nə bilim nə deyirsiniz. A kişilər, a millət, bu şoğəribin bir adı var, o da rüşvətdir. Şərəfi, qeyrəti olan məmur da vətəndaşı incidərmi, vəzifəsindən sui-istifadə edərək soydaşından rüşvət alarmı? Bizi burada bu xalq oturdub. Oturdub ki, ona, vətənimizə vicdanla, namusla, qeyrətlə xidmət edək. Fahişə bədənini, rüşvətxor isə vicdanını, qeyrətini, şərəfini... satan əxlaqsızdır... Vəzifə kürsüsündə əyləşənlər unutmamalıdırlar ki, kasıb-kusubun öz balalarının boğazından, əynindən kəsib halalca haqqına qovuşmaq naminə vəzifə sahibinə verdiyi rüşvət bir gün ilan sümüyü kimi məmurun özünün və ailə üzvlərinin boğazında qalacaq. Mən anlamıram, dövlətin verdiyi maaş, mükafat, güzəştlər nəyimizə bəs deyil axı? Bizi adam eləyib ortaya çıxaran müəllimlərin, gecə-gündüz bilmədən sağlamlığımızın keşiyində dayanan həkimlərin, alimlərin, qurub-yaradan digər insanların əmək haqqı bizimkindən az qala on-on beş dəfə azdır. Biz onlarla müqayisədə bu xalqa nə xeyir veririk ki? Heç nə! Çoxumuz bütün günü iş yerində bekarçılıqdan əldən düşürük, yayda iş yerində milçək qovmaqdan, qışda çay içməkdən həlak oluruq. Yay məzunuyyəti zamanı bəziləri Azərbaycanımızın dilbər güşələrində dincəlməyi bəyənməyib özünü verir xarici ölkələrə. Malta və İbitsa adaları, Antaliya, Karlovi Vari, Хаnya, Rimini, Şarm əl Şeyx, Kosta Dorada və s. kimi məşhur kurortlarda kef çəkirlər. Əlbəttə, həmin şəxslər o kurortlarda il boyu topladıqları haram pulları xərcləyirlər. Əks təqdirdə, o yerlərə getmək üçün aldıqları aylıq əmək haqqının on misli də bəs eləməz. A kişilər, mən anlaya bilmirəm, rüşvərxorlar niyə ölən günlərini yada salmırlar? Dünyadan aparacaqları beş metr ağ olduğunu niyə unudurlar? Dövlət idarəsində, dövlər vəzifəsində oturanlar niyə vicdanlarına tüpürüb, namuslarını çeynəyərək dilənirlər? Kişi də başqa bir kişinin alın təri ilə qazandığı pulla pal-paltar alıb arvadına, qızına geyindirərmi? Bu rüşvətxor dilənçilər niyə ölüb yerə girmirlər? Hələ bu harasıdır? Daha böyük vəzifəli rüşvətxorların hər birinin dünyanın neçə-neçə ölkələrində villası, xarici banklarda milyardlarla dolları var. Xarici ölkələrdə zavod, fabrik, korporasiya  ortağıdırlar. Bunların etdikləri insafsızlıqların, zalımlıqların, qansızlıqların, yıxdıqları evin sayı-hesabı yoxdur. Odur ki, bu xalqdan it selbədən qorxan kimi qorxurlar. Vallah bir gün Azərbaycanda ara qarışsa, bunların hamısı dabanına tüpürüb aradan çıxasıdı. Anlaya bilmirlər ki, qaçmaqla da canlarını qurtara bilməyəcəklər. Bu xalq hər şeyin haq-hesabını aparır. Harada olmasından asılı olmayaraq bu talançılar ölkəyə gətirilib xalqın qarşısında cavab verməli olacaqlar.”
Mədətəlini yaxından tanıyanlar, necə deyərlər, onun dabbaqda gönünə bələd olanlar, onun özünün qatı rüşvətxor olduğunu bilənlər dediklərini eşidib şoka düşür, çiyinlərini çəkərək dodaq büzürdülər. Hətta Mədətəlinin xəstələndiyini düşünüb qeydinə qalanlar da olurdu. Bəziləri üzünə tüpürərək “Ay alçaq, bu nazirlikdəki ən qansız rüşvətxorlardan biri də elə sən deyilsənmi?” deməkdən özlərini güclə saxlayırdılar.
...Bir ay başa çatdı. Mədətəli gecələr rahat yatır, işdə hamı ilə mehriban davranır, hətta hərdən bəzi əməkdaşlarla zarafatlaşırdı da. Belə yaşamağa çoxdan bəri həsrət qalmış Mədətəli həyatdan ləzzət almağa başlamışdı. Lakin ayın sonunda Çil Gülmirzə kabinetinə girəndə Mədətəli elə bil komadan oyandı.
Çil Gülmirzə bu nazirlikdə ən arzuolunmaz adam idi. Əslində nazirlikdə onun hansı vəzifəni tutduğunu dəqiq bilən bir Allah bəndəsi tapa bilməzdin. Lakin Çil Gülmirzə hər ayın sonunda idarə rəislərindən nazirin “dolya”sını toplayırdı. Əməkdaşlar öz aralarında onu nazir “Dadaşağa müəllimin bazarkomu” adlandırırdılar.
Bircə nəfər idarə rəhbəri nazirin “dolya”sını verməsəydi, dərhal tutduğu vəzifəsindən azad olunurdı. Belə hallarda həmin şəxslərin öz canlarını salamat qurtarmaları da müşkül məsələyə çevrilirdi. Belələrinin idarəsində bir həftənin içərisində təftiş başlanır, sonda barələrində cinayət işi qaldırılır və həbs olunurdular. Bu səbəbdən də kimin nə həddi vardı ki, “nazirin dolyası”nı ikicə gün gecikdirsin və ya əskik ödəsin.
Çil Gülmirzə Mədətəlinin kabinetinə daxil olan kimi saymazyana dedi:
– Salam, rəis! “Kişinin “dolya”sı hazırdırmı?
Mədətəli özünü itirməyərək:
– Mirzə bəy, əlbəttə hazırdır, sabah iş başlayan kimi gəl götür, – dedi.
Çil Gülmirzə:
– Oldu, qadaşı! Varam da sənin səliqə-sahmanına, – dedi və kabinetdən çıxdı.
Çil Gülmirzə gedəndən sonra Mədətəli havalı adamlar kimi öz-özünə danışmağa başladı: “Həə, Mədətəli bəy, indi canın çıxar nazirin “dolya”sını evindən gətirib verərsən. Mənə deyən gərəkdir ki, a kölgəsindən qorxan mişoppa, yuxu görməklə rüşvətdən imtina edib nə dəyişə bilərsən axı? Bu ölkədə rüşvət vermədən vəzifəyə keçmək, rüşvət alıb-verməyi bacarmadan vəzifədə qalmaqmı olar? Rüşvət alıb-vermədən nəinki vəzifəni, hətta başının salamatlığını da qoruya bilməzsən. Yırtıcılar sürüsünə qoşulursansa, sən də yırtıcı olmalısan, sən də bu xalqı bir yandan söküşdürməli, talamalısan.
Səhəri gün işə gedərkən Mədətəli Sənəmə dedi:
– Xanım, seyfdəki yüzlük dolların on paçkasını mənə gətir.
Elə ərinin bu sözlərinə bənd imiş kimi Sənəm gözlərini yumub ağzını açdı:
– Bu nə deməkdir? Son bir ayda evə bir qəpik gətirməməyin cəhənnəm, hələ məndən də pul istəyirsən? Neynirsən o qədər pulu? – dedi və ikrahla ərini süzdü.
Mədətəli söhbəti uzatmamaq məqsədilə:
– Ortaqlı iş görmək üçün lazımdır. Yaxşı bir iş fikirləşmişik, mayamızı uzağı iki aya çıxaracaq, ondan sonra qaz vurub qazan dolduracağıq, – dedi.
Mədətəlinin “qaz”, “qazan” söhbəti Sənəmin içini də, çölünü də güldürdü, odur ki, tez özünün yataq otağındakı seyfdən istənilən məbləği gətirib ərinə verdi. Pulları çantasına yerləşdirən Mədətəli Sənəmin kələm dolmasına bənzəyən burnundan öpərək evdən çıxdı.
Danışdıqları kimi, Çil Gülmirzə səhər iş başlayan kimi gəlib pulları apardı. Çil Gülmirzə gedəndən sonra Mədətəli bu gündən etibarən köhnə qayda ilə işləməyə qərar verdi. Odur ki, katibəsini yanına çağıraraq dedi:
– Gülya xanım, bu gün saat ikiyə iclas çağıraraq mavinlərimi və şöbə müdirlərinin hamısını kabinetimə toplayın. Gündəlikdə iki vacib məsələ var.
Katibə:
– Baş üstə, Mədətəli müəllim! – dedi və kabinetdən çıxdı.
Saat iki tamamda dəvət olunan əməkdaşlar Mədətəlinin kabinetində idilər. Mədətəli həmişə olduğu kimi iclasın protokolunu yazmaq məqsədilə kabinetə daxil olmaq istəyən katibəyə üz tutaraq:
– Gulya xanım, bugünkü iclasda protokol yazılmayacaq, odur ki, yerinizdə əyləşin və mənim kabinetimə heç kəsi buraxmayın, – dedi.
Gülya xanım:
– Baş üstə, Mədətəli müəllim, – dedi və qəbul otağına qayıtdı.
İclası açan Mədətəli dedi:
– Əziz əməkdaşlar, bildiyiniz kimi, keçən ay hörmətli nazirimiz Dadaşağa müəllimin “dolya”sını mən öz cibimdən ödədim. Birinci məsələmiz həmin yüz min dolların aramızda ata malı kimi bərabər bölünməsi ilə əlaqədardır. Bir mən, üç müavinim və səkkiz şöbə müdiri, bu da edir on iki nəfər. Deməli, yüz mini on iki nəfər arasında böləndə hərəyə 8340 dollar düşür. Sabah hər kəsin verəcəyini hazır istəyirəm. Aydındırmı?
Əməkdaşlar bir ağızdan:
–  Aydındır, Mədətəli müəllim! – deyə cavab verdilər.
Mədətəli iclası davam etdirərək dedi:
– İkinci məsələ gələn ay vətəndaşların qəbulu ilə bağlıdır. Sabahdan etibarən qəbulda bizim hər birimiz iştirak edəcəyik. Bundan ötrü elə bu gün təqvim tutulsun və hər birimizin qəbul günləri, saatları həmin təqvimdə göstərilsin. Vətəndaşların xahişləri mütləq “şirinlik” alınaraq təmin olunacaq. Vətəndaşlardan “şirinlik” qoparılmasında yenə də əvvəllər işlənib hazırlanmış, uzun müddət idarəmizdə sınaqdan keçirilmiş mexanizmlərdən istifadə edəcəyik. Bilirsiniz də, vətəndaşların get-gələ salınması, xahişlərinin yerinə yetirilməsinin müxtəlif bəhanələrlə ləngidilməsi və ya rədd  edilməsi, “buna qanun yol vermir”, “sizdən ötrü mən başımı niyə bəlaya salmalıyam axı?” və s., və s. Hər müavin ayda on iki, şöbə müdirləri isə on min dollar “qazanmalıdır”. Mənə dəxli yoxdur istəyirsiniz vətəndaşlardan qoparın, istəyirsiniz evinizdən gətirib verin. Deyilən məbləq hər ayın iyirmi səkkizi günü mənim stolumun üstündə olmalıdır. Ya pul, ya da işdən azad olunma barədə xahiş ərizəsi. Aydındırmı?
Hamı bir ağızdan:
– Aydındır, rəis, – deyə cavab verdi.  
...Aradan üç ay keçmişdi. Mədətəlinin işləri əla gedirdi, lakin vətəndaşların şikayətləri görünməmiş həddə çatmış, zülm ərşə dirənmişdi. Şikayətlərin maksimal həddə çatması nəticəsində nazirlikdə qəflətən başlanan yoxlama zamanı üzə çıxarılan qanun pozuntuları əsasında nazirliyin üç idarə rəhbərinin qurban verilməsi zərurəti yarandı. Bu zaman nazir Mədətəlini və digər iki “etibarlı” idarə rəhbərini kabinetinə çağıraraq cinayətin hamısını öz üzərlərinə götürmələrini əmr etdi. İdarə rəhbərləri bütün cinayətləri öz üzərlərinə götürəcəklərinə nazir qarşısında and içdilər. Başqa cür ola da bilməzdi. Əks təqdirdə alacaqları cəza daha ağır olardı, övladları və yaxın qohumları da ciddi şəkildə cəzalandırılardılar.
Aparılan ilkin istintaqın nəticələri əsasında məhkəmə sədri hər üç idarə rəhbərinə əmlakı müsadirə olunmaqla on yeddi il iş kəsi.
Mədətəlinin adına əmlak olmadığından müsadirə ondan yan keçdi. Gördüyü yuxunun sayəsində ona məxsus əmlakın hamısı yaxın qohumlarının adına köçürülmüşdü. Əlbəttə bu işlər Sənəmin təkidi ilə vaxtında baş tutmuşdu.
Babək XALİSTÜRKYazar-publisist
İyun, 2018-ci il,
Kazan.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam