KÜRÜN SAHİLİNDƏ BİR QƏRİB ADAM
Xeberinfo.com: Bu necə zəmanədi İlahi!
- Dünənin çobanı çomağı atıb, əlinə qələm götürüb. Mizan-tərəzi qalıb Arazın o tayında. Dəli Kür isə yenə tutqun, bulanıq, ilan kimi qıvrıla-qıvrıla üzü ummanlara yan almaqdadır. Bakı məktəblərinin son zənglərinin birində, bir məktəb qapısında gördüklərim hələ də yadımdan çıxmayıb: Orta məktəbi qurtarmalarına “sevinc” əlaməti olaraq məktəblilər, qələmləri məktəb qapısından küçəyə kimi yerə səpələmişdilər. Bu mənzərəni görəndə indi haqq dünyasında olan dəyərli şairimiz Eldar Baxışın qızıl misraları yadıma düşdü:
Nə yaxşı ki, qələm otuz qəpikdi,
Nə yaxşı ki, deyil od qiymətinə,
Nə yaxşı ki, qələm bazarda getmir,
Maşın qiymətinə at qiymətinə.
Küçəyə qədər səpələnmiş qələmləri bir-bir yerdən qaldıraraq onları çantama yığdım. Hələ də o atılmış qələmlərdən istifadə edirəm. Cəmiyyətdə qələmə, jurnalistə, şairə münasibət qənaətbəxş deyil. Elə qələm adamlarımız var ki, onlar bu gün də arı zəhməti ilə işləyirlər. Səttar Zərdabini oxuculara təqdim etməyə o qədər də ehtiyac yoxdu. Yazımın sərlövhəsində xatırlatdım ki, çoxları əlinə çomaq alanda Səttar Zərdabi qələmlə ömür boyu baş-başa, ürək-ürəyə qalıb. Bu nurani insan heç bir zaman qələmə xəyanət etməyib. Həmişə bir yazı adamı, qələm adamı kimi haqqın yanında olub. Özünün müdrik aforizmi ilə desək:
Haqqın dərgahında
incimə məndən,
Haqqın dəzgahında
paz yonanam mən.
Yaşadığı zaman içərisində haqqı nahaqqa verməyən Səttar Zərdabi jurnalistikamızın naməlum əsgərləri tərəfindən həmişə bostanına daş atılıb. Ancaq ustad yazar bu yaramazlara, Vətən xainlərinə fikir verməyib, başını aşağı salıb, öz yaradıcılığı ilə məşğul olub. Bu ağayanalıq, zadəganlıq ulu yazarımız Həsən bəy Zərdabidən gəlir. Bu gün inamla deyə bilərik ki, Həsən bəy Zərdabidən qaynaqlanan milli-mənəvi dəyərlər Səttar Zərdabi qələmində bir daha cilalanaraq, cəmiyyətin üzünə, sifətinə güzgü tutmaqdadı. Həsən bəy Zərdabi ilə Səttar Zərdabi arasında həm də qohumluq, yaxınlıq əlaqələri var. Ulu soy-kökə bağlılıq, sözün varisliyinə söykənmək, tarixiliklə yaşadığımız zaman arasında mənəvi körpü yaratmaq doğrudan da yaşının bu “cal vədəsində” - Səttar Zərdabinin ömür salnaməsinə yazılıb.
Mətbuatın içərisində olan naməlum əsgərlər ondan yalançı müxalifətçi obrazı da yaradıb, bunun arxasında namərdcəsinə gizlənmək istəyiblər. Ancaq çox keçməyib ki, ulu öndər Heydər Əliyev bu bəd niyyətdən tez hali olub və dərhal Səttar Zərdabini yanına çağırtdırıb. Ulu öndər Səttar Zərdabini görən kimi tanıyıb və onun qələminə hörmət etdiyini xatırladıb. Onun sosial şəraiti ilə maraqlanıb, öz müdrik tövsiyələrini verərək onu mehribanlıqla yola salıb. Səttar müəllim yorulmadan, inamla, əzmkarlıqla “Güzgü” və “Bəhlul Danəndə” satirik qəzetlərini buraxmaqla öz işlərini davam etdirdi.
Sovet dönəmində nəşr olunan “Kirpi” jurnalında onun saysız-hesabsız satirik yazıları, felyetonları çap olunub. O vaxt sözə münasibət indiki kimi deyildi. Söz adamlarına, jurnalistlərə cəmiyyətin başqa marağı var idi. Bax, ay adamlar, siz dostu, düşməni tanıyırsınızsa, gərək bu kişini qələmindən tanıyasınız ki, bu ulu yazarımız Həsən bəy Zərdabinin qohumu Səttar Zərdabi idi.
“Azərbaycan” nəşriyyatından ən gec çıxıb evinə gedən də bu insan idi. Yazıya-pozuya o qədər sevgisi var idi ki, nəşriyyatın qapılarını bağlamasalar, bəlkə də heç evə də getməz, yatıb qalardı burda. Sözə ulu məhəbbət, sevgisi müdrik çağında da tərk etmədi onu. Zarafatla deyərdi ki, - saata baxın görün komendant saatı başlamayıb ki? Bir azdan bizi çölə tökəcəklər, - deyə nəşriyyatın qapılarının tez bağlanmasına öz münasibətini belə bildirdi. Onunla təmasda olmaq, söhbət etmək bir özgə aləm idi.
Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti kimi fəaliyyəti də önəm daşıyırdı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə bu Xeyriyyə Cəmiyyəti Dünya Azərbaycanlılarını bir araya topladı. Tale oxşarlığı Həsən bəy Zərdabi ilə Səttar Zərdabi arasında milli-mənəvi körpü rolunu oynadı. Həsən bəy Zərdabi 1837-ci ildə anadan olub. 1937-ci ildə isə Səttar Zərdabi mayın 5-də (Sovet mətbuatı günündə) anadan olub. Daha bir tale sevgisi bu iki yazarın ömür salnaməsinə daha bir sevinc yağışı ələdi. Səttar Zərdabinin nəvəsi Səda Zərdabi 22 iyul Mətbuat günündə dünyaya gəldi və onun ailəsinə bu gəlişlə böyük sevinc gətirdi.
Haqsızlıqla ömür boyu Səttar Zərdabi mübarizə aparıb. Hələ gəncliyində Teatr İnstitutunda oxuyarkən ilk yazdığı pyes böyük mübahisələrdən sonra səhnəyə yol tapır və əyalət teatrlarında onun pyeslərinə satirik felyetonlarına, yumoristik hekayələrinə geniş yer verilirdi. Nəğməkar şair Məmməd Rahim, ölməz satirik yazar Seyfəddin Dağlı, İslam Səfərli Səttar Zərdabiyə həmişə arxa duraraq, onu o dövrün bədxah, naqis, xəbis adamlarından qoruyaraq, onun yaradıcılığına yüksək qiymət verərək, gələcəyin yazarının qələminin gücünə, qüdrətinə böyük inam bəsləmişdilər. Bu inam indi daha bariz şəkildə özünü doğrultdu. Qələmində olduğu zəhməti Səttar Zərdabi torpağın da üzərində nümayiş etdirirdi. Özü dediyi kimi o, torpağın, daşın da dilini gözəl bilərdi. Əvvəllər tez-tez doğulub boya-başa çatdığı Zərdaba gedər, bağında, bağçasında alın təri tökməkdən hədsiz zövq alardı. Kürün sahilində gecə ulduzları saymaq nə qədər ona hədsiz zövq verib. Onun həmişə bir müqəddəs arzusu olub ki, bu şəhərin hay-küyündən uzaqlaşıb, Kürün sahilində nəfəsini torpağın nəfəsinə qatıb, rahat uyusun, Kürün doğma pıçıltılarını eşidib, ömrünün uşaqlıq çağlarına qayıtsın.
Ana Kürün nəğməsini dinləyə-dinləyə Səttar Zərdabi ömrünün ixtiyar çağını yaşayırdı, o, bu namərd zəmanənin əsl Bəhlul Danəndəsi idi. Yaza-yaza artıq o müdrik, hazırcavab, Bəhlul Danəndə meridianını arxada qoyaraq üzünü gələcəyə tuturdu. Onun ideyalarında yaşatdığı cəmiyyət, məmləkət isə hələ də qış yuxusundan ayılmayıb. İndi səssiz-səmirsiz üzü ümmanlara gedən Dəli Kürün kölgəsində sanki elə bil bir qərib adam bizdən qabaqda ulu bir yol gedir. Bitməz, tükənməz ulu bir ağ yol. Bu yolda o, qərib bir qaraltıdı. Beləliklə, “Xoş gördük, a uzaq, qərbi qaraltı”. Dördyol ayrıcında dayanan adam...
Vəli Səmədli,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü