Yezidliyimiz mübarək!
Xeberinfo.com: Mağazadakı mağazada, bazardakı bazarda, özəl takisiçilər maşınlarının qarşısında çağırdılar, çığırdılar, bağırdılar, hətta qolundan, yaxandan tutub səni mağazinə, bazara dartdılar, sürüklədilər ki, "gəl al, ən ucuz mal bizdə, lap su qiymətinə", taksi sürücüləri "gəl otur,havayı aparım, lap su qiymətinə" deyib bizi maşınlarına basıb oturtdular. Bu çağrışlardan, bağırtılardan iki əlli qulağımızı tutub qaçdıq. Nə qədər qaçdıqsa, nə qədər uzaqlaşdıqsa o səslər də bizim arxamızca gəldi, bizi təqib etdi.
Bu çağrılar, bağırtılar o qədər ucadan idi ki, nəyinki Azərsuyun rəhbərliyinin, hətta beşikdə mışıl-mışıl yatan körpələrin belə yuxusunu qaçırır, beyinlərini dəng edirdi. Azərsuyun baş bilənləri oturdular və papaqlarını da çıxarıb qoydular qabaqlarına, düşündülər, daşındılar, axır ki, bundan bir çıxış yolu tapdılar.
Ölkədə hər kəsin qorxduğu, çəkindiyi Tarif Şurasına yekə bir müraciət ünvanladılar və dönə-dönə də yalvar-yaxar elədilər ki, amanın günüdür, bizə kömək elən, əl yetirin. Ta bizdə baş, beyin qalmadı. Mağazin satıcıları, bazar alverçiləri, "sahibkar"lıqla məşğul olan takisi sürücüləri bizim əməyimizi, zəhmətimizi bir qara qəpiklik edib, gözdən salırlar. Satmaq istədikləri mallarını, təklif elədikləri xidməti su qiymətinə edirlər. Bu da bizə ağır gəlir, mənliyimizə toxunur. Gör nə günə qalmışıq ki, allahın satıcıları, taksi sürücüləri bizim suyu bəyənmir, onu ucuz tutur.
Sizdən artıq dərəcədə xahiş edirik, canlı həyatda həyat, aydınlı olan suyun qiymətini yuxarı qaldırın. O qədər qaldırın ki, çoxları üçün əl çatmaz olsun. Bir də mağazaçılar, bazar alverçiləri, taksi sürücüləri qələt edib, başlarını da qara daşa döyüb hər kəlmə başı deməsinlər ki, "gəl mal apar, su qiymətinə", "gəl, səni mənzil başına havayı aparım, lap su qiymətinə".
Sağ olsun, min yaşasın hər zaman kasıbın "qeydinə" qalan Tarif Şurasını, salmadı Azərsuyun sözünü yerə, qaldırdı suyun qiymətini. Özü də onların istədiyi qədər. İndi bir köpək oğlunun "duxu" çatır desin ki, "ay müşdəri, gəl su qiymətinə mal apar" və yaxud " Otur maşına, səni su qiymətinə mənzil başına çatdırım". Deyə bilməz. Ona görə deyə bilməz ki, indi su təklif olunan malın, xidmətin qiymətindən bahadır.
Hər şey cəhənnəm, qarşıdan isti yay gəlir. Susuzluqdan yanıb yapışanda, dilin-dodağın quruyanda kimdənsə bir bardaq su istəyəndə verməsin və desin ki, indi su su qiymətinə deyil. Verə bilmərəm, özüm çətinliklə alıram.
Sağ ol Tarif Şurası, axır ki, bu milləti yezidləşdirdin. Yezidliyimiz mübarək!
Məhərrəm Şəmkirli