TARİF ŞURASININ NƏ QƏDƏR SƏDRİ VAR?
Xeberinfo.com: İndiyə kimi mən elə bilirdim ki, Azərbaycanda bir Tarif Şurası var. Onun da sədri cənab Şahin Musayevdir. Qiymətləri də qaldırmaq, endirmək də onun səlahiyyətindədir. Amma nə qədər yanıldığımı, səhv etdiyimi bu günlərdə bildim deyib özümü və başqalarını aldatmaq fikirindən çox-çox uzağam. Mən gördüyümü deyənlərdənəm. Boğazıma diri ilan sal dediyimdən də dönən deyiləm. Özüdə ağlım kəsəndən. Ta sovet dönəmindən bu günə kimi gördüyüm nöqsanları sadalasam gərək bundan sonra bir 60 il də yaşayam. Öz aramızdır 60 il də çox az olar. Ancaq daha çox yaşamaq da mümkün deyil. Ona görə ki, yediyimiz keyfiyyətsiz qida, hər addımda əsəbləşməyimiz buna imkan vermir. Yoxsa şair Osman qağa demiş, yüz il yaşamağa nə var.
Nə yaşamışıq buna da şükür edək. Onsuz da biz hər şeyə- aza da, çoxa da, çəkdiyimiz əzaba da, yaşadığımız az bir sevincə də şükür deməyə öyrəşmişik. Bu bizim korlanmış, zay olmuş genimizdən gəlir. "Şükür" bizim qolumuzdan tutan, yıxılanda qaldıran, dayaq duran güvənc sözümüzdür. Deyəsən mətləbdən uzaqlaşdım. Hə, onu deyirdim axı. Azərbaycanda Tarif Şurası deyilən qurum bir deyilmiş. Hər bir xidmət sahəsində bu qurumun nümayəndələri- qiymət qaldıranları varmış. Və buna da heç kim heç nə deyə bilmirmiş.
Bu yaxınlarda rayondan (qatarla) qonağım gəlmişdi. Onu da deyim ki, bəlkədə 20 ildir qatarla heç bir yerə getməmişəm, gedəndə də avtobusla getmişəm.Şükür Allaha avtobusa da bizdə bilet satılmır. Nə isə maraq üçün qonağımdan soruşdum ki,indi bileti neçəyə (neçədir yox ha) satırlar? Dedi ki, 8 manata. Yenə maraq güc gəldi və onun biletinə baxdım. Biletdə Şəmkir rayonunun Zəyəm qəsəbəsindən Bakıya kimi gəlmək haqqı 6 manar 50 qəpik yazılmışdı. Yadıma sovet dönəmində qatarla Zəyəmdən Bakıya, Bakıdan da Zəyəmə getdiyim günlər düşdü. Və birdən elə bil ki, kimsə qəfildən üstümə Bakı nefti töküb od vurdu. Bir anda tüstüm ərşə qalxdı. İlahi! o vaxtlar istər Zəyəmdə, istərsə də Bakıda kassirlər məndən nə qədər artıq pullar alıblar,- deyə ah çəkdim. Ahım özümü yandırdı.
Qonağım mənə təsəlli verdi. Niyə əsəbləşirsən? Yəqin o vaxt Bakıdan Zəyəmə bileti öz qiymətinə almısan.Yana-yana dedim ki, bu günün köpək oğlusu o vaxt da var idi. Heç nə dəyişməyib.Axı burası Azərbaycandır. Qanunları kəsərsiz olan, işləməyən Azərbaycan. Biz hər zaman aldadılmış, təhqir olnmuşuq. Və beləcə haqq deyilən şey bizə yad olub, onu heç görməmişik, dadını, duzunu da bilməmişik.Hər bir haqsızlığa da şükür demişik, bunun daha betərindən qorxmuşuq.
Bir neçə gündən sonra qonağım geriyə- kəndə qayıtmaq üçün vağzaldan bilet aldı.7 manata. Əlli qəpik aldadlmağına şükür dedi. Bakıda insaflı adamların olduğunu da dilə gətirdi. Bunu mən də "təsdiq" elədim. Axı Bakı qanunların qəbul edildiyi məkandır. Amma bir şeyə çox təəssüfləndim ki, qopqocaman nazirin beş addımlığında heç kimdən qorxub çəkinməyən üzdəniraq kassirlər sadə xalqın cibinə girirlər. Nə vaxta kimi?!
Məhərrəm Şəmkirli