İQTİSADİYYATIMIZIN “BAYATI-ŞİRAZI” ÇALINDI:Səmədzadəni Zəlimxanla birləşdirən nədir?
Yenixeber.org: Hərə öz kefindədir, vallah! Biri Avropada otel tikdirir, biri ada alır, başqa biri sığorta biznesini ələ keçirib, o birisi “quşçuluqdan” qazanır, bu birisi bir neçə məhsulun monopolistidir və sair. Sayıb qurtarası kimi deyil. Bunlar ölkəmizin maliyyə, bank və ümumilikdə iqtisadi sektoruna rəhbərlik edən nazirlərə və digər iri ranqlı məmurlara aid işlərdir. Ölkə iqtisadiyyatı nə hala düşsə də, bunların öz iqtisadiyyatı həmişə çiçəklənir.
Amma bir də var, yaradıcı insan olasan, yaratdığın və qazandığından zövq alasan – hörmətli akademik Ziyad Səmədzadə kimi (Söhbət Akademik Ziya Bünyadovdan yox ha, Ziyad Səmədzadədən gedir –red.). Sözsüz ki, akademik adı çox böyük yük və məsuliyyət təcəssümüdür. Onu nə qazanmaq, nə də daşımaq hər ziyalının işi deyil. Xüsusilə də, həmin şəxs cəmiyyətin, xalqın və tarixin çətin vaxtlarında öz missiyasını və imkanlarını düzgün dəyərləndirmək və ən əsası, fədakarlıq kimi xüsusiyyətlər sarıdan insanların gözləntilərini qarşılamırsa… Yaxşı ki, tariximizdə mərhum Ziya Bünyadov kimi, bu adı fəxrlə daşımağa layiq şəxsiyyətlərimiz də olub!
Ötən günlərdə Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə telekanalların birində musiqili, çal-çağırlı bir verilişin qonağı olub. Və həmin verilişdə tarda “Bayatı-şiraz” muğamını ifa edib. Nə gözəl, nə pakizə! Əlbəttə ki, ən tanınmış əsəri Çin iqtisadiyyatı ilə bağlı olan hörmətli akademikin çoxdan bəlli olan musiqi savadı və incəsənət vurğunu olması ancaq alqışa layiqdir.Ancaq yaxşı olardı ki, bu veriliş devalvasiyalardan öncə, dolların 78 qəpik olduğu, camaatın tikintilərdə, yol inşasında və digər sahələrdə müvəqqəti də olsa işlə təmin olunduğu, neftin 100 dollardan baha olduğu dövrlərdə çəkiləydi. Onda camaat hörmətli Ziyad müəllimin Milli Məclisin iqtisadi siyasəti yönləndirən bir komitəsinin rəhbəri olmasına fikir verməzdi və deyərdi ki, əhsən – iqtisadçı alim, akademik olasan və belə gözəl tar çalasan! Amma təəssüf ki, dövr o dövr deyil. Artıq insanlar muğam müsabiqələrindən, xanəndələrdən, şoudan-filandan çoxdan bezib. Bu sahədə təklif tələbi çoxdan üstələyib, Ziyad müəllim!
Hörmətli akademikin xətrinə dəymək istəməzdik, ancaq heç “bayatı-şiraz”ın yeri deyil. Camaat gözləyir ki, hansısa savadlı, təcrübəli və hamının inana bildiyi bir maliyyəçi, iqtisadçı, bank mütəxəssisi və sair, çıxıb deyəcək ki, biz hara gedirik?Hanı bu ölkənin illərdir qazandığı milyardlar, on milyardlar? Niyə camaat 78 qəpiyə aldığı dolları banka 1 manat 78 qəpiyə qaytarmalıdır, niyə sahibkar banka üz tutub, insan kimi, normal faizlə kredit ala bilməməlidir, niyə nazir milyonçu, sahibkar müflis olmalıdır, niyə bir bankın ətrafında baş verən oyunların hesabını millətin belinə yükləməlidirlər, niyə çiçəklənən iqtisadiyyatı olan ölkənin vətəndaşı 65 yaşında pensiyaya çıxmalı və 110 manat almalıdır və sair. Ziyad müəllim tutduğu o yüksək postun başgicəlləndirən hündürlüyündən boylanıb, bu suallara cavab verə bilərmi? Əlbəttə ki, yox! Ona görə də “bayatı-şiraz” çalır…
Mərhum şair Zəlimxan Yaqub 90-cı illərin əvvəllərində bir televiziya verilişinə çıxaraq, uzun-uzadı saz barədə danışmışdı, odlu-alovlu şeirlər söyləmişdi. O illərdə, xüsusilə qış vaxtı əhalinin enerjidaşıyıcıları və xüsusilə təbii qaz təminatı ilə bağlı ciddi problemlər vardı. Həmin vaxt elektron media hələ mövcud deyildi və “Azpolitika.info”nun indiki kollektivinin bir hissəsinin çalışdığı bir qəzetdə Zəlimxan müəllimə xitabən yazmışdıq ki, camaata qaz lazımdır, saz yox! Rəhmətlik durub redaksiyaya gəldi və iradını bildirdi ki, saz həmişə lazımdır. Onu başa düşmək olardı, saz-söz adamıydı. Ancaq Ziyad müəllim ilk öncə elm adamıdır, özü də ölkə üçün xüsusilə bugün taleyüklü sahəyə çevrilən iqtisad elminin! Hanı o təhlillər, izahlar və çıxış yolları? Onları kimdən eşitməliyik – şou-biznes əhlindən?
Hörmətli Ziyad müəllimin qızı Aygün xanım hamının rəğbətini qazanmış, sevimli bəstəkarımızdır. Və həmin verilişdə onun bəstələdiyi “Tut ağacı” mahnısı da ifa olundu və Ziyad müəllim də öz fikirlərini dedi. Çox gözəl. Ancaq təəsüf kİ, iqtisadiyyatımız da həmin mahnıdakı tut ağacı kimi “köksünə çarpaz dağ çəkilən” hala salınır. Və hörmətli akademikimiz də bilməmiş deyil ki, o tut ağacına mahnı bəstələməklə, qurumaqdan xilas etmək olmayacaq…
Azpolitika.info