O günü həsrətlə gözləyirik
Bu gün vətənində vətənsiz olan, dərd heykəlinə dönən, yurdun dörd bir yanına səpələnmiş kəlbəcərlilərin uşaqdan-böyüyə hansından “Ən böyük arzun nədir?” deyə soruşsan, “Ən böyük arzum tezliklə Kəlbəcərə dönməkdi” cavabını verəcək.
Xeberinfo.com: 1978-ci il yanvar ayının 26-da Kəlbəcərin Milli kəndində doğulan Cəsarət Ələddin oğlu Camalov da bu həsrətlə yaşayanlardan biridir. 15 yaşında doğulduğu cənnətimiz Millini tərk edən Cəsarət ailələri ilə birlikdə əvvəlcə Bərdə rayonu Kələntərli kəndində sığınacaq tapmış, bir il sonra Oğuz rayonunun Mollalı kəndinə köçərək orada orta məktəbi bitirmişdir.
Camalovlar ailəsi ilə yaxın qohumluq əlaqəmiz olduğundan bu ailənin keçirdiyi sarsıntıları, əzabları, faciələri yaxşı bilirəm.
Cəsarətin nənəsi Badam mənim ana nənəmlə dost-doğma bacı idi. Kəlbəcəri tərk edərkən qeyrət, namus təcəssümü bildiyim Badam nənə düşmən əhatəsində özünü uca qayadan Tərtər çayına ataraq həlak oldu. Yaxın qohumumuz Zərnişan kimi özünü qayadan atan Badam nənənin bu addımı nağılların, əfsanələrin gerçək olduğunu bir daha təsdiqləmiş oldu. Azərbaycan qadınının qeyrət simvoluna dönmüş belə insanları unutmaqmı olar?
Cəsarətin atası Ələddin Əli oğlu rayonumuzun ən hörmətli ziyalılarından biri, ədəbiyyat müəllimi idi. Neçə-neçə vətən övladını Azərbaycan sevgisi ruhunda tərbiyə etmişdi. Ələddin müəllim Kəlbəcərdə qalıb qəhrəmancasına həlak olmuş anasını bir an olsun belə unuda bilmirdi. Elə Badam nənənin ağrısını, göynərtisini içində çəkə-çəkə dünyadan köçdü Ələddin müəllim.
Cəsarət qeyrət qalası olan bu ailənin övladı olduğunu dərk edib duyduğundan həmişə səylə, böyük məsuliyyət hissi ilə dərslərinə hazırlaşırdı.
1995-ci ildə orta məktəbi Oğuz rayonunda əla qiymətlərlə bitirən gənc elə həmin il də imtahanları uğurla verib Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kimya texnologiyası və biotexnologiya fakültəsinə qəbul olundu. 1999-cu ildə təhsilini başa vuran Cəsarət tikinti materialları və məmulatlarının texnologiyası fakültəsinin çətin əriyən qeyri-metal və silikat materiallarının texnologiyası ixtisası üzrə magistratura pilləsinə qəbul olundu və 2001-ci ildə magstraturanı fərqlənmə diplomu ilə bitirib magistr elmi dərəcəsinə layiq görüldü. 2001-ci ildə inşaat materialları və məmulatları ixtisası üzrə aspiranturaya daxil olan gənc mütəxəssis 2005-ci ildə dissertasiya işini uğurla müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru oldu.
2009-cu ildən İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun İnşaat konstruksiyaları laboratoriyasında doktoranturaya daxil olan istedadlı alim hazırda “Binaların karkaz elementlərinin etibarlılığının və uzunömürlülüyünün tədqiq edilməsi” mövzusunda doktorluq işi üzərində işləyir.
Dosent Cəsarət Camalovun alim kimi istedadı xarici ölkələrdə keçirilən bir çox simpozium, seminar və konfranslarda bütün parlaqlığı ilə üzə çıxmışdır. Bir çox maraqlı çıxışları mütəxəssislərin diqqətini cəlb etmişdir.
30 elmi məqalənin, bir maraqlı ixtiranın müəllifi olan Cəsarət 2011-ci ildən Fövqəladə Hallar Nazirliyi Fövqəladə Halların xəbərdar edilməsi Baş İdarəsi Sənayedə, tikinti və dağ-mədən işlərində təhlükəsizliyin təşkili sektorunun müdiri vəzifəsində çalışır. Birinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi daşıyan Cəsarət müəllimi vətənini böyük məhəbbətlə sevən ziyalılıq nümunəsi də adlandırmaq olar. “Hər bir ölkə vətəndaşının vətəninə, xalqına ləyaqətlə, sevgiylə xidmət etməsi bizi hər gün həsrətlə gözlədiyimiz günlərə yaxınlaşdırır”, deyən Cəsarətin sözlərində böyük həqiqət var.
Tanrı bizi tezliklə Qarabağ, Kəlbəcər, böyük Azərbaycan həsrətinə qovuşdursun, Cəsarət müəllim! O günü necə intizarla gözlədiyimizi yaxşı bilirik.
Cəmilə Çiçək,
Prezident təqaüdçüsü
Cəmilə Çiçək (İsbəndiyarova). Sazımız ağlayır dağlar başında. Bakı. “Azərnəşr”, 2014, 624 s.