BİNƏQƏDİDƏ "ŞIDIRIĞI SU ALVERİ"
Xeberinfo.com: Elə zənn eləməyin ki, əsryarım bundan əvvəl Bakı küçələrində susatanlardan söhbət gedir. Onda qışqırardılar:" Sərin su var--sərvəri, ürəyi yana gəl bəri!" Yox. Zəmanə çoxdan dəyişib, dəvələr dəngə gəlib. İndi suyu "qanunla" satırlar, yəni su satışı idarələri satır. Özü də orda qışqırıb eləmirlər--işlərini elə "sakit" görürlər ki, heç dünyadan xəbərin olmur. Bu sahədə Binəqədi Rayon Su Satışı İdarəsi əsl liderdir, gərək təcili bu idarənin "sınanmış iş təcrübəsi " yayılsın.
Bu idarədə işinin "ustası olan" elə adamlar var ki, yerini bilən yoxdur, yoxsa çoxdan BMT-yə aparardılar ki, dünyanın su ehtiyatına bir "çəki-düzən" versin. Məsələn, Bayram --su satışı şöbəsinin müdiri, yəni idarənin belinin dirəyi. Kabinetində müdir stolunun arxasında kişi elə əyləşir ki,elə bil xırdaca dağları özü yaradıb. Kişi su " alverinin" çikini də bilir bikini də" .Bəyəm hər adamı elə "məsuliyyətli" işə qoyarlar? Bayram bayram deyil ey, Allahın bəlasıdır. Məsələn, oturmusan evdə arxayın, su kartına da lazımı qədər yükləmisən. Bir də ayılıb görürsən sənə suya borcunu elə yükləyiblər ki, altından qalmağa taqətin qalmayıb. Gedib düşürsən KİŞİNİN qəbuluna ki, ay balam bu nə borcdur? Əlüstü cavab verir ki, necə yəni nə borc? 2011- ci ildən yığılıb qalıb.
And -aman eləyirsən ki, ay balam, o vaxt mən su maşınlarından su alırdım , bizdə su xəti yox idi. O saat bir parça alayarımçıq kağız göstərir: "Budey, görmürsən, sayğacın kodu var!" deyirsən ki, ay müdir, axı sayğacı xəttə qoşurlar, onu olmayan xəttə necə qoşmaq olar?
Nə cavab versə yaxşıdır? "Əşşi, mən nə bilim, yazılıb ödəməlisən. vəssalam." Əlacın kəsilir. deyirsən ki, əgər o vaxt sayğacım olubsa, müqavilə olub da yəqin. Gətir, yoxla."
Səsini atcaq başına, bir şivən qoparacaq ki, gəl görəsən:" Əşşi , nə bilim indi hardadır müqavilə. Durub səninçin qurd-quran açacam?" Kompüterə düşüb, verməlisən. (Son zamanlar bütün günahlar kopyrüedə olur. Gərək cənab Marka müraciət edək ki, ayə, fırıldaq, sənin bu Azərbaycan xalqı ilə nə şəxsi-qərəzliyin var ki, camamtı soyursan? Yoxsa Bayram kimi sənin də cibinə bir şey-zad gedir? )
Bəli, beləcə, qalırsan odla su arasında. Birdən idarənin rəisi Mehman Babayevin kabinetinə getmək isyəyərsiniz ha. Belə şey eləməyin. Kişi belə işlərə baxmır. İdarənin açar-kilidi Bayram "müəllimdir." Özü də çatana deyir ki, mən də jurnalistəm. Hə deyəsən, bu "dostum" hərtərəfli inkişaf etmiş adamdır. Elə olmasa. Mehman Babayevin rahatlığı pozular axı.
Bəs bu Bayram niyə belə matah olub axı? Vallah avamsız ey. Ə, bəs bütöv rayonu demirəm, təkcə Binəqədi qəsəbəsində bilirsiniz nə qədər "obyekt" var? Bəs onları kim su ilə təmin eləyir? Bayram. Həmin obyektlərin əyər-əskiyini kim düzəldə bilər? Bayram. Bəs balam, bu Bayram deyilən nəsnə, o əyər-əskiyi necə düzəldir? Pah, bəs yuxarıda nədən danışırdım? Cammatın hesabına. Bir də görürsən, maşınyuma məntəqələrində su fəvvarə vurur.Əhali mağmın-mağmın baxır. Onlara su sutkaboyu verilir, camata həftədə bir -iki dəfə, onu da gözünün biri görür, biri görmür. Suyu verəndə də gecələr verirlər, çünki o zaman həmin obyektlərə su lazım olmur axı.
Onu da deyim ki, bu iki adamın əli, deyəsən, çox böyük "adamlar"ın ətəyindəddir. "AZƏRSU" Aşıq Səhmdar Cəmiyətində də yaxşı himayədarları var. Ərizə yazsanız, yenə qaytarıb, göndərəcəklər Mehman Babayev cənablarının üstünə. Başa düşdünüzmü? Birdən telefon nömrələrinə zəng etmək istəyərsiniz ha. Onu da eləməyin, konturunuza heyfiniz gəlsin. Cavab verən olmayacaq.
Bir sözlə, dərə xəvət, tülkü də bəy. Binəqdidə şıdırığı su alveri gedir. Bayram dədəsinin malı kimi keyfi kimə istəyir on da satır, təki "levi" gəlir olsun. Bəs o tək yeyir? Avam -avam danışmayın.O qədər paranı tək yemək olar?! Yazığın əlinə o qədər baxan var ki!...
P.S. Görəcəkli günlərimiz varmış. Dövlət ətək-ətək vəsait hesabına su gətirsin, Mehmanla Bayram da satıb keyf eləsinlər. Nə fərli adamardır ey. Onlara baxanda vallah, özümə də, özümkimilərə də yazığım gəlir. Düz demirəm?!
ETİBAR ETİBARLI