QIZLAR SÖZÜM SİZƏDİR
Xeberinfo.com: Hörmətli oxucularım 84-illik həyatımın 55 ildən çoxunu gənc nəsilin təlim-tərbiyəsi ilə məşğul olan müəllimə olmuşam. Ailəmdə isə iki qız anası və altı qız nəvəsi olan nənə kimi bəzi həyatı məsəslərə sizinlə birlikdə fikir bildirmək istəyirəm.
Mənim əzizlərim, həyatımızda milli mənəvi dəyərlərimizi qorumaqda yardımçımız olan Allahın öz yaratdıqlarına nazil etdiyi “ Qurani Kərim” böyük rol oynayır. Allahın haqq kitabında göstərildiyi kimi qızlar və qadınlar bəşəriyyətin ən zərif, pak, gözəl və güclü məxluqları hesab edilirlər.
Əgər biz o, müqəddəs kitabda göstərilən “ Cənnət anaların ayaqları altındadır” kəlamını şüar kimi şüurumuza həkk edə bilsək həyat yolumuz daima işıqlı və hamar olar.
Həyat yollarında ilk kövrək addımlarınızı atarkən hər şeydən əvvəl özünüzün dəyər və qiymətinizi bilin ki, sona peşiman olmayasınız. Anlayın ki, sonrakı peşmançlıq heç vaxt fayda verməyib. Sizlər ilk növbədə daima izzəti – nəfsinizi, ad sanınızı qorumağa çalışın. Yaxşı deyiblər ki, vaxtından əvvəl gələn bahar barsız olar. Mən dünya görmüş bir xanım olaraq tövsiyə edərdim ki, ərə getmək xatirinə ailə qurmayın. Ailə qurarkən gözünüzlə görün, qəlbinizlə sevin, ağlınızla qərar verin ki, həyatın bu ağır günlərində büdrəməyəsiz. Ailə qurmaq istədiyiniz insanın xarici görkəminə, şirin dilinə, sərvərinə görə deyil, ağlına kamalına mənəviyyatına görə dəyər verin və seçin.
Unutmayın ki, kimliyinizdən asılı olmayaraq sizlər getdiyiniz yuvaya övlad bəxş edirsiz. Dünyada ən müqəddəs varlıq olan “ Ana” adına layiq olursuz. Bəşəriyyətə igidləri də, qorxaqları, yaltaqları mərdləri və namərdləri də, siz dünyaya gətirirsiniz. Yadınızda saxlayın ki, kişi başdırsa qadın onun boynudur. Ona görə də ərlərinizə ən yaxın köməkçi ağıllı məsləhətçi olun. Əsas məsələ isə dediklərimi həyata keçirmək üçün gərək oxumuş, savadlı və kamil biri olasan.
Cəmiyyətdə olduğu kimi ailədə də, qadınlar aparıcı qüvvə olub həyatın bütün çətinliklərini öz zərif çiyinlərində daşıyırlar. Əslində bu çətinliklərin öhdəsindən bacarıqla gələn qadınlar iradəcə çox güclü xanımlardır. Yadda saxlayın ki, hər bir bacarıqlı kişinin arxasında ağıllı bir qadın durur deyənlər heç də yanılmayıblar. Ağıllı qadınlar öz ailəsinin dağılmasına əsla imkan verməzlər.
Əziz qızlarımız həyatda həmişə baxımlı qadın, ağıllı xanım və övladlarınıza fədakar ana olmağa çalışın.Bu gün tele kanallarımızı zəbt edən dadsız-duzsuz proqramlara baxıb vaxtınızı boşuna sərf etməkdənsə milli musiqimizi,insanları sayğıya,paklığa çağıran muğamlarımızı aşıq musiqilərimizi izləyin. İntelektual baxımdan insan təfəkkürünü zənginləşdirən proqramlara baxın. Özünüzü bədxahlıqdan, paxıllıqdan, pisliklərdən qoruyun .
Məncə biz yaşlılı nəslin nümüyəndələri bu günki gənc nəslin yeniyetmələri ilə müqayisədə gərək ədalətsizliyə yol verməyək. Axı o vaxtdan 50- 60 il keçib. Ötən illər ərzində insanların yaşam tərzi dəyişdiyi kimi dünyaya baxışları da dəyişir. Odur ki, onlarda köhnəlik axtarmaq və baş verən dəyişikliyi görməmək mümkün deyil. Ona görə də uzun-uzadı nəsihət etməkdənsə bu məsələni ictimayi qınağa təhkim etmək daha məqsədə uyğundur. Gəlin baxaq görək ictimaiyyət onlara hansı münasibəti bildirir. Bu gün ən yaralı yerimiz olan televiziya kanallarında çıxış edən müğənniləri yarımçılpaq görəndə mənəviyyatı normal tamaşaçı öz evində hiddətlənməyə bilmir. Hər gün evimizin daimi sakininə çevrilən televiziyadan bizim yeni yetişən qızlarımız hansı nümunəni götürəcəkdir? Adını moda qoyub, yaraşdı- yaraşmadı geyinən qızlara, qadınlara baxanda adamda ikrah hissi yaranır və bəzən özünü Bakida yox Parisdə hiss edirsən.Bu.gün hansı dukan bazara gedəsi olsaq münasib geyimləri də tapmaq mükülə çevrilib. Bütün nəzərə çatdırdıqlarım bu gün cəmiyyətimizin üz qarasıdır. Müasir dövrümüzdə gəlinlərin geydiyi paltardan heç söz ediləsi deyil. Biz azərbaycanlıyıq bilirik ki, mentalitetə görə qadının bədənini yad kişi görməməlidir. Bizim toylarda isə təzə gəlinləri yarımçılpaq geyindirib yüzlərlə içkili kişilərin qarşısında nümayiş etdirirlər. Bütün bu olanlar qızlarımızın günahı deyil, ən böyük günahkar modelyerlərdir. Əslində paltar ayıbları örtmək üçün geyilir, açılıb tökülmək üçün yox. Niyə unudursunuz ki, zorla gözəllik olmur. İnsanın gərək mənəviyyatı, əxlaqı gözəl olsun ki, tutduğu yolu ağlı başında irəlləyə bilsin. Yeri gəlmişkən “ Daxili gözəllik” şerimdən bir neçə sətri sizlərə təqdim edirəm.
Deyirlər gözəllik ondursa əgər,
Doqquzu dondur ki, hər xanım geyər.
Mənsə düşünürəm onun doqquzu,
Daxili gözəllik, ağıl, kamaldı.
İnsanı geyimlə qarşılayarlar,
Ağlı kamalı ilə yola salarlar.
Zər-ziba içində bilinki, heç kəs
Daxili aləmin gizlədə bilməz.
Məzmun forma ilə tən olsa əgər,
Bütün gördüklərim simanda bitər.
Əziz oxucular sizinlə paylaşdıqlarım bu gün cəmiyyətimizin ən ağrılı, ən vacib məsələlərindən biridir ki, o təkcə məni deyil, həm də minlərlə insanları narahat edir. Odur ki, bu mövzuya aid fikirlərinizi mənimlə bölüşməyi hər oxucudan xahiş edirəm.
P.S.Atalar demişkən tək əldən səs çıxmaz.Əlbətdə mən heç kəsi keçmişə qaytarmaq fikrində deyiləm.Ancaq bəzi etik qaydaların saxlanılmasının tərəfdarıyam.
Təqaüdçü müəllim
Nailə İmanlı Məmmədrzayeva