QIZ UŞAQLARINDAN İMTİNA...VƏ YA CAHİLLİK
"Xeberinfo.com": Hörmətli analar və gələcəkdə bu ada layiq olmaq istəyənlər! Sizlərin təkrar qız - deyə dünyaya gətirmək istəmədiyiniz və bətninizdə ruhu verilməmiş, məhv etmək fikrinə düşdüyünüz qız uşaqlarının dilindən səslənirəm, eşidin, onlar sizləri necə ittiham edir. Əminəm ki, yazdıqlarımı oxuyaraq müəyyən bir fikrə gələcək və həyatda belə bağışlanılmaz səhvlərə yol verməyəcəksiniz. İnanın ki, Allah sizləri bağışlamaz. Eşidin bu ittihamları, eşidin bu iniltili fəryadı!...
- Atam, anama sevdalısan, anam, sən isə atama canı-könüldən aşiqsən. Mən isə bu sevdanın yolçusu ola bilərəm, əlbəttə, sevginiz bitib tükənməsə. Sizin vüsal dolu sevginiz çağlayan bulaqdırsa, bu bulaqdan mən də su içə bilərəm. Sevginizi tanrı dəyərləndiribsə, məni sizə bəxş edə bilər. Tanrı verdiyini öz məsləhətilə verər, sizə düşən şükr etmək olar. Lakin bilmirəm sizə düşən töhfə nə olacaq: oğlan, qız, çox guman ki, fərq etməz. Bəlkə də mən yanılıram. Amma, yox! Sizə nəsib olan tanrı payını neçə də seçib sonalayırsınız. Niyə? Ana, sənin ilk övlad payın qız olubsa, nədən mənim qız doğulacağımı bildiyin üçün məni məhv etməyi düşünürsən? Sən ki, anasan. Axı, analar zalım olmur. Bəs sən niyə beləsən? Ana, bu suala cavabı atamdan yox, səndən xəbər alıram, çünki məni bətnində gəzdirən sənsən, ay ANA! Sənsən məni hiss edib duyan. İnana bilmirəm öz canının parçasına belə amansız olasan. Məgər sən allahdan gorxmursan? ANA, mən sizin hiss və duyğularınızı hiss edirəm. Mənim ölümümə fərman verməyin! Məni qucağına götürüb oxşadığını xəyalında canlandır, ANA! Günahkaram ki, qız doğulacam? Sən nə bilirsən ki, gəlişimlə sizlərə hansı bəxtiyarlıq nəsib olacaq? ANA, sizin sevginizlə dünyaya göz açıb, allahın mənə verdiyi ömrü yaşamaq istəyirəm, sənin qollarında həzin-həzin oxuduğun laylanı dinləmək istəyirəm, ey mənim əziz ANAM! Sənsə məndən imtina edirsən. ANA, istədiyin nədir axı? İsəyirsən, tanrı payını rədd etdiyin üçün sənə haqqın səsilə lənət edim? Eh.... məni o qatil həkimlə üz-üzə qoymusan qız olduğum üçün. Hanı sənin analıq duyğuların? ANA mən hələ açmamışam, bir qönçətək məni qoparıb atma, çəkin bu yoldan. ANA, həkimin qatil əllərindən məni xilas eylə. Mən cox acizəm, məni yalnız sənin analıq hisslərin xilas edə bilər. Nə olar qatil olma, yaşat məni. ANA niyə belə mərhəmətsizsən? Nədir mənim günahım? Məgər mən sizlərə allahın hədiyyəsi deyiləmmi? Tanrının qəzəbı cox uzaq deyil, istəməzdim allah sizləri cəzalandırsın. Bunu sən istədin, anam. Ana, amandı qıyma mənə, əl saxla, “QATİL”olma, ANA!... MƏN YAŞAMAQ İSTƏYİRƏM!
Əlbəttə, fəryad dolu bu iniltini duymaq çox acınacaqlıdır. Bu səbəbdən də, analar, sizlərə müraciət edərək bildirirəm, kal meyvətək zorla qoparılıb atılan o körpələrin hisslərini hansısa texnikanın gücü ilə əgər duya bilsəydiniz, əmin olun ki, məhz bu sözlərlə sizləri ittiham edərdilər. Ey analar, zamanında özünüz də qız doğulmusunuz . Görəsən, sizin valideynləriniz düşünüblərmi ki, niyə allah sizi “QIZ” yaradıb? İnanmıram! Analarınız sizləri sevə-sevə dünyaya gətiriblər. Və bu gün siz qızlar xöşbəxt gəlinlərsiniz, hansısa evin ocağını alovlandırırsınız. Olmazmı analarınıza örnək olasınız? Bəzən elə qəddar olursunuz ki, öz məsum körpələrinizi lazımsız əşya kimi zibilliyə də atırsınız (ANA ADINA LAYİQ OLMAYANLARA AİD EDİRƏM). Məgər bilmirsiniz, böyük bir imtahan qarşısındasınız? Sizin allahin yaratdığını sevməməyə haqqınız YOXDUR! Axı, allahımız bizləri yaradanda sevə-sevə yaradıb. Onun bəndəsi bu sevgini anlaya bilmirsə, demək qəlbinin gözü kordur. Tanrı yaratdıqlarından axı nəyi əsirgəyib? Nəyə görə bilmirik ki,bizi yaradan allahın rəhmi hər zaman üzərimizdədir və bizlərə bəxş etdiyini yalnız özü ala bilər. Bizlər isə bizə verdiyi payı “qızdır” deyə tələf edirik. Bu məsələlərdə qadın məsləhətxanalarında çalışan həkimlərin rolu çox böyükdür. Hamilə qadınları, hətta şikəst olsa belə, qız da, oğul da allahın payıdır, deyə maarifləndirmək onların öhdəsinə düşür. Neçə-neçə ailələr var ki, sonsuzluq səbəbindən nikahları pozulur, bir tikə övlad üçün var-yoxundan keçirlər. Nə yazıq, cəmiyyətdə elə analar da var ki, şikəst doğulan övladından imtina edib, uşaq evlərində yaşamağa məhkum edirlər. Düzdür, dövlət onları hərtərəfli təmin etsə də, ana qayğısı ilə təmin edə bilməz! Doğrudan da, bu fidanlara ana şəfqəti lazımdır. Bunu gərək analar yaddan çıxarmasınlar. Bu gün uşaq evlərində çoxlu sayda “atılmışlara” rast gəlmək mümkündür. Uşaq evlərində yetişən uşaqlar bəzən cəmiyyətdə yer tuta bilsələr də, özlərini həmişə yarımçıq hiss edirlər. Çünki “ATILMIŞLAR” sözü onlarin varlığına hakim kəsilir və bir ömür boyu kölgə kimi onları izləyir. Doğrudanmı, bir ailədə uşaq şikəst doğulursa və yaxud ailədə qız uşağı çoxluq təşkil edirsə, məhv olunmalı, ya atılmalı, yaxud da dövlətə təhvil verilməlidir? Həqiqətənmi, hər hansı bir ailə bir tikə övlad üçün bir ömür boyu iztirab çəkməlidir? Çox təəssüf ki, dövlət nə qədər inkişaf etsə də, həllini tapa bilməyən çox məsələlər qalmaqda davam edir. Görünür, 21-ci əsrdə yaşasaq da, cahillikdən yetərincə xilas ola bilməmişik. Elə bu səbəbdən, qız uşaqlarına qarşı fikirlər birmənalı deyil. Əgər belə davam edərsə, keçmişin qalığı olan cahilliyə gərək yenidən “XOŞGƏLDİN” deyək.
TƏRANƏ ŞƏMS