Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar -ŞƏRH

2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Azərbaycan da öz növbəsində bu platformaya ilk gündən siyasi və diplomatik dəstək verən ölkə olub.
Yenixeberorg.com: Təsadüfi deyil ki, məhz 2021-ci ildə baş tutan forum çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri postmüharibə dövründə ilk dəfə olaraq eyni müzakirə platformalarında çıxış ediblər və regional sülh prosesi açıq şəkildə müzakirə olunub. Son illər dünyada baş verən hadisələr, regional münaqişələr, bu münaqişələrin qlobal ticarətə və dünya ölkələrinə təsiri, Yaxın Şərq regionunda gedən proseslər fonunda artıq Antalya Diplomatiya Forumu sadəcə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyaların müzakirə edildiyi bir məkan deyil, eyni zamanda regional güc mərkəzlərinin strateji baxışlarının toqquşduğu və uzlaşdırıldığı mühüm diplomatik tribunaya çevrilib. Buna görə də forum Cənubi Qafqaz regionu və Azərbaycan üçün təkcə iştirak edilən diplomatik görüş məkanı deyil. Həm də dərin geosiyasi və strateji məzmuna malikdir.
Bu forum balanslaşdırılmış, çoxvektorlu və əsas hədəf milli maraqlar olan xarici siyasət kursunu prioritet seçən Azərbaycan üçün mövqeyini qlobal miqyasda sistemli şəkildə təqdim etmək üçün bir alət rolunu oynayır. Rəsmi Bakı bu görüşlər və müzakirələr vasitəsilə 2020-ci il müharibəsindən sonra regionda yaranmış yeni reallıqları, iqtisadi regional və qlobal layihələri, bölgənin təhlükəsizlik arxitekturası ilə bağlı baxışlarını, bir çox ölkələrlə əməkdaşlıq təşəbbüslərini çatdırmaq imkanı əldə edir. Forum çərçivəsində Azərbaycan rəsmilərinin keçirdiyi çoxsaylı və yüksəksəviyyəli görüşlər də ölkənin etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Buna görə də əminliklə söyləmək olar ki, Antalya Diplomatiya Forumu Azərbaycan üçün sadəcə iştirak edilən beynəlxalq tədbir deyil, həm də ölkənin artan diplomatik çəkisinin təsdiqləndiyi, regional təşəbbüslərinin irəli çəkildiyi və qlobal siyasi diskursda fəal, təşəbbüskar aktor kimi mövqeyinin daha da möhkəmləndirildiyi strateji əhəmiyyətli platforma kimi çıxış edir.

Forum çərçivəsində İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdə iki ölkə arasında strateji müttəfiqlik bütün istiqamətlər üzrə müzakirə olunub. Bu dialoq "bir millət-iki dövlət" prinsipinin real siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri üzərində qurulduğunu göstərir. Regiondakı son proseslər fonunda təhlükəsizlik, geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin logistika, nəqliyyat dəhlizləri və enerji ixracı əsas mövzular olub. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu bir daha vurğulanıb. Moldova prezidenti Maya Sandu ilə görüşdə isə Aİ ilə əməkdaşlıq, enerji təhlükəsizliyi və logistika marşrutları diqqət mərkəzində olub. Bu müzakirələr Azərbaycanın Avropanın enerji təminatında artan rolunu və qlobal səviyyədə mövqeyinin gücləndiyini göstərir. Prezidentin Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl Şaara ilə görüşü Azərbaycanın Yaxın Şərqdə proseslərə aktiv yanaşdığını nümayiş etdirir. Görüşdə bərpa prosesi, humanitar problemlər və infrastrukturun yenidən qurulması müzakirə olunub, Azərbaycanın postmünaqişə təcrübəsi ön plana çəkilib. Şimali Kipr prezidenti ilə görüş isə türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. İlham Əliyev siyasi və mənəvi dəstəyin davam edəcəyini vurğulayıb ki, bu da ortaq maraqlara əsaslanan əməkdaşlığın praktik xarakter aldığını göstərir.
Forum çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşünə iki ölkə münasibətlərinin normallaşma prosesində parlament diplomatiyasının artan rolu və dialoqun davamlılığının nümayişi prizmasından baxmaq lazımdır. Aparılan müzakirələr və danışıqlar isə göstərir ki, artıq gündəm sadəcə təhlükəsizlik deyil, həm də iqtisadi inteqrasiya da əsas prioritet olaraq seçilir. Nəticə etibarilə, Antalya Diplomatik Forumu həm də Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə dəstək verən bir mexanizm kimi də rol oynayır.
Bundan əlavə, Prezidentin köməkçisi Hikmət Hacıyevin Forum çərçivəsində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasını əks etdirən mühüm mesaj kimi qiymətləndirilir. O, regionda üç və çoxtərəfli əməkdaşlıq modelinin formalaşdığını vurğulayaraq Cənubi Qafqazda inteqrasiyanın yeni mərhələyə keçdiyini qeyd edib. Bu prosesdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin əsas dayaqlardan biri olduğu bildirilib. Eyni zamanda nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirərək onu regional iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevirir. H.Hacıyev postmünaqişə dövründə sülh gündəliyinin irəlilədiyini də vurğulayıb. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və əməkdaşlığa keçidin gücləndiyini göstərir. Azərbaycanın Zəngəzur dəhlizi və digər bağlantı layihələri isə regionda yeni iqtisadi xəritənin formalaşmasına, həm infrastrukturun inkişafına, həm də siyasi etimadın artmasına xidmət edən strateji amil kimi təqdim olunur.

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın da Forumda verdiyi mesajlar əslində həm region, həm də dünya dövlətlərinə yönəlib. Ərdoğanın Ermənistanla normallaşdırma prosesi ilə bağlı açıqlaması əslində Ankaranın regionda uzunmüddətli sabitlik strategiyasına əsaslandığını, Azərbaycanla daim koordinasiyalı addımlar atdığını bir daha təsdiqləyir. Bu sübut edir ki, Türkiyə regionda birtərəfli yox, rəsmi Bakı ilə sinxron və qarşılıqlı maraqlara əsaslanan siyasət aparır. Ərdoğanın münaqişəyə yanaşması təkcə ikitərəfli münasibətlərin bərpası deyil, daha geniş geosiyasi balansın qurulmasına hesablanıb. Bu da öz növbəsində sülh prosesinin legitimliyini artırır, Ermənistan üçün yeni reallıqları qəbul etməyə yardım edir. Qısacası, Ankara və Bakı koordinasiyalı fəaliyyətlə Cənubi Qafqazda davamlı sülh və regional inteqrasiyanın təminatçısı rolunda çıxış edirlər. Türkiyə liderinin qlobal istiqamətə böhranı ilə bağlı açıqlaması da beynəlxalq münasibətlər sisteminin dərin struktur problemlərindən xəbər verir. Onun qeyd etdiyi kimi, problemi təkcə güc balansının dəyişməsində axtarmaq lazım deyil. Burada əsas problem qaydalara əsaslanan sistemin selektiv yanaşması və institutların effektivliyini itrməsidir. Yəni, rəsmi Ankara qlobal düzənin legitimlik böhranı yaşadığını üzə çıxarır və beynəlxalq qurumların real təhlükə və münaqişələr zamanı adekvat davranmadığını bildirir. Forum platformasından istifadə edən Türkiyə daha ədalətli, inklüziv və funksional beynəlxalq sistemin formalaşmasına çağırış edir.
Forumdakı görüşlər və çıxışlar, açıqlamalar göstərir ki, artıq müasir dünya sürətlə dəyişən və çoxqütblü xarakter alan yeni düzənə daxil olur. Amma bu proseslə bərabər, mövcud qlobal sistem artıq çağırışlara cavab vermir, yeni əməkdaşlıq modellərinə ehtiyac yaranıb. Belə reallıq fonunda regional aktor olan Azərbaycanın rolu daha da artır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, sülh təşəbbüsləri kimi ciddi mövzularda rəsmi Bakı dünyanın yeni geosiyasi arxitekturasının formalaşmasına töhfə verir.
Qısacası, bu gün Antalya Diplomatiya Forumu Davos və Münxen Təhlükəsizlik Konfransı kimi qlobal platformalarla rəqabət apara biləcək səviyyəyə çatıb. Azərbaycanın bu prosesdə ilk gündən aktiv olması isə rəsmi Bakının uzaqgörən xarici siyasətinin nəticəsidir. Bu Forum çərçivəsində baş tutan görüşlər, diplomatik təmaslar, verilən açıqlamalar sübut edir ki, rəsmi Bakı bu gün beynəlxalq münasibətlər sistemində sadəcə bir izləyici deyil. Azərbaycan həm də strateji təşəbbüslər irəli sürən, qlobal siyasi diskursu formalaşdıran bir dövlətdir. Ermənistanla sülh prosesi, enerji və logistika sahəsindəki layihələr, Türk dünyası ilə bağlı atılan addımlar, Yaxın Şərqdəki sülh prosesinə töhfə vermək Azərbaycanı həm Şərq, həm də Qərb üçün əvəzolunmaz, etibarlı tərəfdaşa çevirir...(Report)









AZ
RU