Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

BİR ŞƏKLİN TƏƏSSÜRATLARI

 

"Xaqani Şirvani böyük şair ola bilərdi, amma Qazaxda doğulsaydı" 

 

Xeberinfo.com:   AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) “Bir şəklin təəssüratları”  yazısını təqdim edirik:

 

İnsanın şəxsiyyət kimi yetişib formalaşmasında onun doğulub boya-başa çatdığı məkanın, əhatəsində olduğu mühitin çox böyük əhəmiyyəti var. Bəlkə də bu qənaəti çoxları bizim subyektiv fikrimiz kimi qəbul edəcək. Odur ki, əvvəlcədən iddiamızı bir qədər əsaslandırmağa çalışmaq istərdik. El arasında minillərin sınağından çıxaraq, çağdaş zamanımızacan gəlib çatmış saysız-hesabsız deyimlər, müdrik kəlamlar, atalar sözü və məsəllər mövcuddur. Onların heç biri havadan yaranmayıb. Hər müdrik deyim özlüyündə tutarlı məntiqə söykənir, dərin məna ifadə edir. Bu mənada “torpaq yetişdirir”, “suyundandır”, “qanında var”, “insanı mühit yetişdirir”, “hər kəs mühitinin övladıdır” kimi xalq deyimləri yuxarıdakı fikri söyləməyimizə əsas verir desək, yəqin ki, heç kəs bizi subyektivlikdə ittiham etməz. Əslində, doğrudan da, təbiətə diqqətlə nəzər salsaq görərik ki, hər torpaqda, hər təbii şəraitdə eyni bitki, eyni məhsul eyni cür inkişaf etmir, yetişmir. Hər cür təbii şəraitin, hər torpağın özünə uyğun bitkiləri, məhsulu olur. Məsələn, dağınkı palıddı, əzgildi, alma-armuddu, vələsdi, fıstıqdı, isti aran zonasında isə tut, gilas, şaftalı, ərik kimi meyvələr daha çox yetişir.

Doğma Azərbaycanımızın Qazax mahalı isə tarixən ölkəmizin şeirə-sənətə, saza-sözə bağlı görkəmli şəxsiyyətlər yetirən bölgələrindən biri kimi tanınıb şöhrət qazanmışdır. Bəlkə, bu da buranın torpağından, suyundan, havasındandır. Qəribədir ki, bu bölgənin insanları hansı ixtisasa yiyələnsələr, hansı sahədə çalışsalar, fərqi yoxdur, ucdantutma saz-söz, şeir-sənət vurğunudurlar. Bu da onların mənəviyyatlarını daha da zənginləşdirir, həmin bölgənin insanlarını bir çox cəhətlərdən digər zonaların adamlarından fərqləndirir. Hətta el arasında belə bir zarafatyana deyim də formalaşıb ki, Xaqani Şirvani böyük şair ola bilərdi, amma Qazaxda doğulsaydı.

Bir qazaxlı olaraq fərqlənən ziyalı şəxsiyyətlərimizdən biri də 1938-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açmış Sadıqov Sədi Kazım oğludur. Doğulması repressiyaların ən şiddətli vaxtına, körpəliyi-uşaqlığı müharibənin məhrumiyyətli illərinə düşən Sədi müəllim işıqlı dünyamızın qaş-qabaqlı, qaranlıq, qəzəbli çağlarını çox görüb, çox çətinliklərdən keçib. O, həyatın hər üzünə elə uşaqlıq çağlarından bələd olmağa başlayıb. Ancaq bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, heç vaxt ümidini itirməyib. Orta təhsilini başa vurduqdan sonra 1957-62-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) Sənaye və mülki tikinti fakültəsində ali təhsil alıb. Tələbə yoldaşları arasında Baş nazirin müavini, əməkdar inşaatçı Abid Şərifov da olub. Sonralar uzun müddət müxtəlif tikinti müəssisələrində birgə çalışıblar. Onların əmək fəaliyyətinin başlanğıcı ümummilli lider H.Əliyevin respublikada hakimiyyətə gəlməsinin ilk dövrlərinə təsadüf edir. O vaxt ulu öndərin rəhbərliyi ilə ölkəmizin indiki inkişafının təməli qoyulurdu. Geniş tikinti-quruculuq işləri vüsət almışdı. İnfrastruktur qurulurdu. Həmin dövrdə böyük həcmdə inşaat işləri də aparılırdı. Gənc kadrların özünü göstərməsi üçün şərait yaradılmışdı. Məhz belə bir zamanda - İnşaat mühəndisi ixtisasına yiyələnən Sədi Sadıqov əmək fəaliyyətinə Bakı Baş Tikinti İdarəsindən başlayıb. Sonra Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 7 №li trestində, “Azərnəqliyyattikinti”də, “Azərsəhiyyətəmirtikinti” trestində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş “Abşeron” mehmanxanasının, indiki Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunun, Zuğulbada yerləşən hazırkı prezident iqamətgahının tikintisində, Azərbaycan Dövlət Filarmoniyasının bərpasında, Bakı-Balakən dəmir yolunun çəkilişində onun zəhməti və xidmətləri əvəzsizdir. Bundan əlavə, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, oradakı Heydər Əliyev Mərkəzi, Əhmədlidə, Günəşlidə və paytaxtımızın digər yaşayış sahələrində tikilən uşaq bağçaları, məktəblər, meyvə-tərəvəz bazası və s. kimi neçə-neçə dövlət və sosial əhəmiyyətli obyektlərin inşasına rəhbərlik eləyən Sədi müəllim təqaüdə çıxdıqdan sonra da bir müddət ixtisası üzrə fəaliyyətini davam etdirərək, Bakının Suraxanı Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunda mühəndis işləyib. Bir sıra özəl tikintilərin – yaşayış binalarının, sosial obyektlərin, iaşə müəssisələrinin tikintisini həyata keçirib. Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilən  “Qurtuluş-93” yaşayış kompleksinin salınmasında bünövrədən sonadək iştirak edib.

Qeyd edək ki, şairli-şeirli, sazlı-sözlü Səməd Vurğun diyarının yetirməsi olan Sədi Sadıqov özü də məşhur Şıxlılar nəslindəndir. Bir qədər əvvələ səyahət etsək, onların təxminən 7-ci babaları indiki Türkiyə ərazisindəki azərbaycanlılar yaşayan Anadolu bölgəsindən olub. Bu fakt Göyçə–Qazax zonasında geniş məşhur Qaraqoyunlular kimi, Şıxlılar nəslinin köklərinin də ölkəmizə Anadoludan köçdüyünü söyləməyə əsas verir. Sədi müəllimin nəslində əsasən Ömər, Sadıq və Kazım adlarının növbə ilə dəyişməsi də onların Türkiyə ilə bağlılıqlarını təsdiqləyən əlamətlərdəndir. Qeyd edək ki, S.Sadıqov  ömrü boyu ixtisası üzrə tamam fərqli sahələrdə çalışmasına baxmayaraq, həmişə saza-sözə, şeirə-sənətə bağlı bir adam olmuşdur. Ziyalılıq və xeyirxahlıq Sədi müəllimin canında, qanında, ruhunun mayasında əzəldən yurd salıb, sümüklərinin iliyinə qədər işləmişdir. Bu keyfiyyətlər ona içində göz açdığı mühitlə, havayla, suyla, torpaqla yanaşı, eyni zamanda, genetik köklərdən gəlir. Atası Kazım kişi də dövrünün sayılıb-seçilən, el içində tanınan xeyirxah, ziyalı insanlarından olub. O, uzun müddət Ağstafada aqrar sektorda çalışıb. Müharibənin ağır illərində yoxsullara, kimsəsizlərə daim əl tutub. Özü Muğanlıda dükan da işlədərmiş. Köhnə adamlar Kazım kişinin xeyirxahlıqlarını bu gün də xatırlayırlar. Qeyd etdiyimiz kimi, Sədi Sadıqovun özü də şeir-sənət, saz-söz vurğunu olmuş, həmişə istedada, sənətə və sənətkara sevgiylə, hörmətlə yanaşmışdır. Böyük Səməd Vurğun nahaq yerə demirdi ki: 

 

Bizdə şeir də var, sənət də vardır,

Şeirə, sənətə hörmət də vardır.

 

Şairin bu kəlamının parlaq həqiqət olduğuna Sədi Sadıqovla, onun oğlu Vüqar Sadıqovla yaxından tanışlığımız bizi bir daha əmin etdi. Bizim kəlbəcərlilərdə olduğu kimi, S.Sadıqovların da ustad Səməd Vurğunla Dədə Şəmşirin artıq dastanlaşmış tarixi görüşləri, deyişmələri dillərindən düşmür. İki böyük sənətkarın dostluq münasibətləri bütövlükdə qazaxlılarla kəlbəcərlilərin dostluqlarına çevrilib sanki. Bəlkə də Səməd Vurğunla yanaşı, Dədə Şəmşir sənətinə və şəxsiyyətinə qarşı duyduğu sevgi günlərin birində onu ustad aşığın nəvəsi Cavid Qurbanovla rastlaşdırıb. Onların arasında yaş fərqinin böyüklüyünə baxmayaraq, hər ikisi tikinti-quruculuq və abadlıq işləri sahəsində çalışan rəhbər işçi olaraq bir müddət dostluq da edib. Bir neçə direktor həmkarı ilə birlikdə təxminən 1980-ci illərin sonlarında toy məclisində çəkdirdikləri şəkli Vüqar Sadıqov mənə təqdim edəndə çox sevindim. Sədi müəllim haqqında yazmaq həvəsi bütün varlığıma hakim kəsildi. Topladığım əlavə informasiyalar nəticəsində isə bu qərara gəlməyimdən son dərəcə məmnunluq duydum. Düşündüm, İlahi, bu qədər işlər, xidmətlər, bu zəngin tərcümeyi-hal bir insan ömrünə necə sığa bilərmiş?! Demək, mənəviyyatın zənginliyi, milli köklərə, milli mədəniyyətə sevgi, bağlılıq insan fəaliyyətinin səmərəliliyini qat-qat artırmağa qadir imiş. Təsadüfi deyil ki, Sədi Sadıqovun xidmətləri dəfələrlə dövlət tərəfindən qiymətləndirilmişdir. O, 1970-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin adından V.İ.Leninin anadan olmasının yüzüncü ildönümü münasibətilə buraxılmış yubiley medalı ilə mükafatlandırılıb. 5 aprel 1971-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Şərəf nişanı” ordeninə layiq görülüb. 1 may 1988-ci ildə yenə SSRİ Ali Soveti Rəyasət Heyəti adından “Əmək veteranı” medalı ilə təltif olunub. Bütün bunlar Sədi Sadıqovun işinə necə can yandıran, öz peşə fəaliyyətində xüsusi istedad və bacarıq nümayiş etdirən bir rəhbər işçi, layiqli vətəndaş olmasının göstəriciləridir.

Sədi müəllim eyni zamanda gözəl ailə başçısı olmuş, ziyalı, ləyaqətli övladlar böyütmüş, onların hamısına ali təhsil vermişdir. Bu işdə isə ona həyat yoldaşı Asya xanım (Nəsibova Asya Məcid qızı) da yaxından yardım etmiş, həmişə dayaq olmuşdur. O, Tibb Texnikumunu bitirsə də, Bakının Nizami rayonunda yerləşən 59 saylı uşaq bağçasında tərbiyəçi müəllim kimi fəaliyyətə başlamış və təqaüdə çıxanacan burada çalışmışdır.

Sədi müəllimin oğlu Vüqar Sadıqov 1990-cı ildə Bakının Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına orta məktəbi qızıl medalla bitirərək, elə həmin il imtahan vermədən, müsahibə yolu ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tətbiqi riyaziyyat (indiki Tətbiqi riyaziyyat və kibernetika) fakültəsinə qəbul olunub. 1994-cü ildə hələ tələbə ikən o, dövlət Televiziyasının Videoyazı şöbəsində fəaliyyətə başlayıb. 1996-cı ildə rejissor assistenti, 1997-ci ildə isə rejissor  vəzifələrinə irəli çəkilən Vüqar Sadıqov 2006-cı ildən “Azərbaycan Teliviziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Baş redaksiyasının “Xəbərlər” proqramının məsul rejissoru olmaqla yanaşı, bir çox verilişin rejissoru olub, mütəmadi olaraq rəsmi dövlət tədbirlərinin çəkilişlərində iştirak edib. O, 21 ildir televiziyada işləməklə bərabər, 2000-ci ildə test üsulu ilə imtahan verərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, hüquqşünas ixtisasına yiyələnib. Ölkədə gedən ictimai-siyasi proseslərə də biganə qalmayan Vüqar Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vüqar Sadıqov mədəniyyəti, mənəviyyatı, ziyalılığı, xeyirxahlığı, ədəb-ərkanı ilə babası Kazım kişinin, atası Sədi müəllimin adına layiq bir övladdır. İxtisasının, peşəsinin fərqli sahə üzrə olmasına baxmayaraq, o da öz qazaxlı təbiətinə sadiqdir. Şeir-sənət vurğunudur.

Sədi Sadıqovun böyük qızı Xeyransa xanım Bakı Maliyyə-Kredit Texnikumunda təhsil alıb. İkinci qızı İradə Sadıqova BDU-nun Mexanika-riyaziyyat, kiçik qızı Könül isə Jurnalistika fakültələrini bitirib.

İlk növbədə böyük vətəndaş, gözəl ailə başçısı olan Sədi Sadıqovun Cavid Qurbanov və bir neçə digər direktor həmkarı ilə birlikdə təxminən 25-30 il öncə çəkilmiş fotoşəklinə gəlincə isə, hesab edirik, bu, Cavid müəllim üçün də dəyərli tapıntı olacaq. Çox güman ki, hələ lap gənc çağlarında “Azəravtoyol” idarəsinin direktoru işləyərkən yaxın münasibətdə olduğu həmkarı Sədi Sadıqovla bağlı onun da maraqlı xatirələrini dinləyə biləcəyik...

Lakin təəssüflə qeyd edək ki, Sədi müəllim 18 sentyabr 2013-cü ildə – ömrünün 75-ci payızında dünyasını dəyişdi. “80”i eşidib “səksənmək” ona nəsib olmadı. Fəqət yenə qəm yeməyə dəyməz. Nəhəng Səməd Vurğunun misraları hər məqamda olduğu kimi, burada da dadımıza çataraq, təsəllimiz olacaq:

 

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada

Məna evinin sirrini vicdanla bilənlər.

Bir əbədi xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar,

Sevilərək ölənlər!

 

 

Bəli, Sədi Sadıqov da ömrü boyu vətənini, xalqını, el-obasını, ailəsini, dostlarını sevərək yaşadı və sevilərək dünyasını dəyişdi. Bütün bunlar bir daha onu göstərir ki, Sədi müəllim və bu qəbildən olan neçə-neçə dəyərli insan, şəxsiyyət doğrudan da ömrü bada verməmişlər. Belələri həqiqətən bir əbədi xatirətək dünyada qalmaq haqqını əməlləri ilə sağlıqlarında qazanmış olurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam