Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

SÖZÜ İLƏ ÖZÜNÜ TANIDAN ADAM 

 (Şair-publisist Sərraf Talıbın "Bu yerin üstü də məni tanımır" adlı kitabı haqqında)    

Yenixeber.org: Sərraf Talıbı uzun illərdir tanıyıram. Təxmini desəm, tanışlığım 20 ilə yaxındır onunla. Jurnalistika sahəsində geniş fəaliyyəti var. Bu peşəni özünə ana yol kimi seçən Sərrafın uğurlarını da bir həmkar kimi yaxından izləmişəm. Necə deyərlər, qələmi iti, sözü kəsərli olsun. Amma bu dəfə onun ədəbiyyatdakı uğurlu qələmi daha çox diqqətimi çəkib. Sərraf Talıbın poeziyası ilə tanışlığımın tarixi özü ilə tanışlığım qədər qədim deyil. Mən bunun günahını Sərrafda görürəm. İllər öncə poeziya dolu kitabını çapdan çıxarıb oxucularının ixtiyarına versəydi şeirləri ilə daha tez tanış olardım. Haqqında apardığım araşdırmadan mənə məlum oldu ki, Sərrafın  ötən əsrin 70-ci illərinin sonlarından respublika mətbuatında publisist yazıları ilə bərabər ara-sıra şeirləri də dərc olunurmuş. 2022-ci ilin son rübündə çapdan çıxmış "Bu yerin üstü də məni tanımır" adlı şeirlər kitabını mənə hədiyyə edəndən sonra elə kitabın ilk səhifələrindəki şeirlərin məna və poetik yükünün gözəlliyindən, axıcı olmasından təsirləndim. 

Kitabdakı ilk şeirin adı belədir: "Ağla məni özün, Allah"


İçimdə bir söz pətəyi,
Dilsiz qalıb ağzım, Allah!
Gözüm də görmür heç nəyi,
Aydın olsun gözün, Allah!


Bu sel hara axacaq ki,
Gözlərimə çıxacaq ki...
Məni yerə yıxacaq ki,
Dəmədiyim sözüm, Allah!


O qədər sıxdım boynumu,
Aça bilmədim eynimi.
Quş tək üçurtdum beynimi,
Hara dönsün üzüm, Allah!


Bir nadanın sözü məni,
Qəlpə kimi sökür məni!
Ağ kəfənə bükür məni,
Ağla məni özün, Allah!


Uğurlu poetik fikirlərlə başlayan kitabdakı ilk şeir Sərraf Talıbın şair olaraq sevilməsinə imkan yaradır. Ardınca gələn "Heç ağlamaq da gəlmir əlimdən", "Ağ rəng", "Bir çiçək ölümü keçdi ürəyimdən " adlı şeirləri də kitabın uğurlu başlanğıcıdır. Şairin kitabını vərəqlədikcə demək olar ki, o yaşadığı dövrdə gördüklərini yazıb. Gerçək olayların məngənəsində zaman-zaman bərkiyən şair sanki özünü şahidi olduğu hadisələrin canlı personajı kimi görərək duyğulanmış və bir-birindən təsirli ədəbi nümunələr meydana qoymuşdur. Söz arasında şairin "Ah, bu mentalitet" adlı satirik şeirini də oxumaq nəzərimdən qaçmadı. Kitabı əldə edənlərə də oxumağı tövsiyyə edirəm. Çünki yuxarıda dediklərim bu şeirdə əyaniləşə bilir.
 Şair Sərraf Talıb çoxşaxəli peşə fəaliyyətində vətəni, xalqı qarşısında öz xidmətlərini yerinə yetirmişdir. Amma ədəbiyyatda qələmi ilə bir daha vətən sevdalısı olduğunu göstərən şair sözün həqiqi mənasında vətəndaş olduğunu misralarının dili ilə də sübuta yetirir. Birinci Qarabağ Müharibəsi və bu dövrdə baş verən Xocalı müsibəti haqqında olan şeirləri şairin elinə, obasına, xalqına bağlılığının əsl vətəndaşlıq nümunəsidir.

"Xocalı"


Vətəndə yurddu, hanı?
Min-min övladı hanı?
Hanı xanı, xatını?
Beşiyi boş Xocalı.


Sözü çəkilib dara,
Bacalar baxır qara!
Yolu kəsilib yara,
Axan qan, yaş Xocalı.


Dünya deyilmi agah?
Göyləri yandırır ah!
Harda qaldı haqq, Allah?
Hər gün savaş Xocalı!


Sərraf Talıbın lirik duyğulu, sevgi-məhəbbət mövzusunda olan şeirləri də insan qəlbinə nəğmə kimi dola bilir. Ümumiyyətlə şeir də incəsənətdir. Gözəllik, incəlik, nəfislik tələb edir yazardan. Lirik şeirlər xüsusilə yeni fikirlərlə və poetik yüklə dolu olanda oxucunun daha çox ilgisini çəkir. Məhz yeni fikir, fərqli duyğular fonunda cərəyan edən ədəbi əsər oxucunun estetik zövqü ilə həmahəng ola bilir. Sərraf oxucusuna şeirini sevdirməsi üçün düşünürəm ki, çətinlik çəkmir. Çünki şairin lirikası çağdaş oxucunun duyğusal aləminə yola tapacağına ümid yaradır. Bu qəbildən olan "Məhəbbət dumanmı, çənmi, bilinməz" adlı şeirə nəzər salaq.


Məhəbbət dumanmı, çənmi, bilinməz,
Duyğulara düşən dənmi, bilinməz,
Sənmi çox sevirdin, mənmi, bilinməz,
Yanacaq, donacaq içim içimdə.


Mən kimə söylədim duya bilmədi,
Dərdimin sirrini deyə bilmədi!
Eh, niyə soruram, guya bilmədim,
Bir tufan başlanıb mənim içimdə.


O günlər zirvətək çıxdı dumandan,
Yaşdımı, şehdimi axdı dumandan.
Bir qız da boylandı, baxdı dumandan,
Elə o qız boyda, o qız biçimdə.


Bir səda ucaldı, bəs eylər artıq,
Ürəyiyumşaqlıq səs eylər artıq,
O dəli duyğular, o hisslər artıq,
Daşlaşıb, göyərməz sənin içində.


İndi isə kitabın adı haqqında qeydlərimi bildirmək istəyirəm. Ədəbiyyat adına çap olunan hər bir kitab ona qoyulan adın haqqını verməlidir. Kitaba ad seçimi etmək də müəllifdən bacarıq tələb edir. Bir növ müəllif öz oxucusuna kitabın adı ilə emosional təsir edir. Kitabın oxunaqlı olması ilk öncə ona verilən adla diqqəti çəkir. Sərraf Talıbın öz kitabına "Bu yerin üstü də məni tanımır" adını verməsi uğurlu ad seçimi sayıla bilər. Kitabdakı şeirdən götürülən ad oxucu kimi mənim də diqqətimi çəkdi. Oxuyaq şeiri.


İl gəlir ömrümə yaşı artırır,
Ürəkdə, böyrəkdə daşı artırır.
Gözlərim kiçilir, qaşı artırır,
Dünənki dostum da məni tanımır.


Bu çölün çiçəyi, düzəni hanı?
O çayda qol atan, üzəni hanı?
İstəsən, and içim ulduzlar sanı,
O çayda əksim də məni tanımır.


Qazanda o yeri, dərinə qazın,
O ilə, o aya, o günə qazın...
Qəbrimdən daş çıxsa, üstündə yazın,
Bu yerin üstü də məni tanımır.


Sərraf Talıb bu şeirində tanınmamaqdan gileylənsə də, əslində şair-publisist olaraq həm ədəbi mühitdə, həm də jurnalist yazıları ilə ölkənin müxtəlif mətbu orqanlarında çap olunmaqla imzasını tanıtmışdır. Xüsusilə onun dünya ədəbiyyatından etdiyi tərcümələri orijinallığı ilə diqqəti çəkir. Ən çox rus ədəbiyyatından dilimizə dolğun şəkildə etdiyi tərcümələrə müxtəlif ədəbi nəşrlərdə rast gəlmişəm ki, bu da onun peşəkar məziyyətlərindəndir.
"Bu yerin üstü də məni tanımır" kitabının ön söz müəllifi tanınmış şair, publisist Ağamir Cavaddır. Ağamir Cavad yazısında Sərraf Talıbın ədəbi mühitdə olan çəkisini, poeziyasını yüksək qiymətləndirib. Demək olar ki, Sərraf Talıbın layiqli haqqını verib. Olduqca maraqlı və tutarlı yazılan ön söz yazısı müəllifin gələcək ədəbi fəaliyyətində yüksək stimul olacağını deyə bilərəm. Şair Sərraf öz poeziyası ilə ilk dəfədir ki, oxucularının görüşünə gəlib. Oxunaqlı və qəlbə yatımlı olan Sərraf Talıb poeziyasının daha da zənginləşməsini və bu yolda müəllifin yorulmadan çalışmasını arzu edirəm.

   Əyyub Türkay

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam