LƏNƏT ÖLÜMƏ
6-cı sənədli hekayə
"Xeberinfo.com": Hekayəni tələbə yoldaşlarıma həsr edirəm.
1964-1968-ci illər arasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakultəsi Mühasibat uçotu şöbəsində təhsil almış, bu gün yaşayan tələbə yoldaşlarıma can sağlığı arzulayır, dünyasını dəyişənlərə isə Tanrıdan rəhmət diləyirəm. Şəkidən Ramazanov Nağdalı Gəray oğlu, Gəncənin Sərkar kəndindən Həsənov İlham Hüseyn oğlu, Şəmkirdən Ramiz, Gəncədən Südabə Abdullayeva, Yevlaxdan Nizami Əhmədov, Göyçaydan Vaqif Hüseynov, Mingəçevirdən Vəfa, İntizar Rüstəmova bacıları haradasınız, çağırışıma səs verin.Tel.373.70.52, Mob.055.677.80.36
Orta məktəbdə oxuyarkən yaramaz bir müəllimin təhqirlərinə məruz qalan Bədirxan ali təhsil almaqdan vaz keçmişdi.Tələb olunan hazırlıq qaydalarına əməl etmədiyi üçün bir dəfə ali məktəbə qəbul olmaq istəsə də kəsilmiş və bir daha qəbul imtahanlarına üz tutmamışdı.
Artıq onun orta məktəbi bitirməsindən bir neçə il ötmüşdü. Kənddəki kolxoza yeni yerli sədr təyin edilmiş və yeni sədrlə Bədirxanın baş mühasib vəzifəsində uzun müddət fəaliyyət göstərmiş, dövlətinə sədaqətlə xidmət etmiş Atası Axundoğlu ilə birgə işləməsi mümkünsüzləşmişdi. Məcburiyyət qarşısında qalan Axundoğlu vəzifəsindən azad olmuşdu. Vəzifədə olan Bədirxanın Atasına yarınan-yaltaqlar, qeyrətsizlər indi də yeni sədrə xəbər daşıyır,yarınırdılar.
Kənddə hər bir kolxozçuya bölgü ilə yaşamaq üçün 0.25 hektar torpaq sahəsi verilmiş, çay sahilindəki və yararlı otlaq sahələrinə kolxozçuların mal-qarasının və qoyunlarının istifadəsinə qadağa qoyulmuşdı. Kolxozda işləmək istəməyənlərin işığı kəsilər, həyətyanı sahəsinin suvarılmasına su verilməzdi. Kənddə uzun müddət hörmətli bir kişi Axundoğlu kimi tanınıb ikinci qrup Müharibə əlili və ağır xəstə olan Bədirxanın Atası çətinliklə də olsa sədrdən üzüm bağı olan həyətyanı sahəsini bir gecə suvarmaq ücün təminat ala bilmişdi. Axşam düşəndə Bədirxan Anası ilə birlikdə mərkəzi arxdan suyu öz arxlarına axıtmağa başlamışdılar ki, kolxoz əmlakının “mühafizə” edilməsində sədrlə əlbir olan qoçuları quzğun kimi Bədirxanla Anasının üstünə şığıdılar. Qoçunun biri Bədirxanın sağ qolundan, digəri sol qolundan yapşıb, üçüncüsü- Axundoğlu vəzifədə olan dönəmdə ona təriflər deyən və həftədə bir dəfə kənddə verilən kinolarda İ.V.Stalinini görəndə tamaşaçı şagirdləri ayağa qaldırıb əl çaldıran bu qəddara bınzər gədə var gücü ilə Bədirxanın ağzının üstünə möhkəm zərbə vuraraq “Sədrin adını çəkmə”,- deyib Ana-balanı sudan məhrum etdilər.
Evdə yeddi körpə, işləyən də Bədirxan idi ki, Atası kənddə onu ayda məvacibi 60 rubl olan dövlətin kiçik bir müəssisəsində işə düzəltmişdi.
Bədirxan artıq 7 il idi ki, orta məktəbi bitirmişdi. Bu uzun illərdən sonra qəbul imtahanları verib ali məktəbə daxil olmaq mürəkkəb məsələ idi. Bədirxan isə vəzifəliyə yaltaqlıq və yarınmaqla ömür sürən gədələrlə birgə işləmək istəmir, bunun mümkünsüz olduğunu anlayıb kəndi tərğ etməyə çalışırdı. Nəhayət dərk etdiyi riyaziyyat və kimya fənnlərini ciddi cəhdlə təkrarlayıb bölgələrinə yaxın olan Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakultəsinin Mühasibat uşotu şöbısinə qəbul olunmağı qərarlaşdırdı və qəbul da oldu. Atası Axundoğlu bunu biləndə Bədirxana məsləhət gördü ki, sənə dedim mühasib sənətinə sahib olma, indi ki, həmin sənətə sahib olmaq ərəfəsindəsən onda mən deyənlərə əməl etməlisən.Təhsil alandan sonra təyinat aldığın müəssisədə direktorla üzləşmə, ona görə ki, keçmişlərdən fərqli olaraq direktorlar indiki dönəmdə vəzifələrinə rüşvət verib təyin olunurlar, əmlakı talamaq ücün onların əshabələri hər növ çirkin əməliyyatlara girişirlər, həmin əshabələrə mane olsan sənədlərini oğurlaycaqlar, səni ölümlə hədələyəcəklər . İş müddətində gərək ya onlara qoşulub yaramaz işlərlə məşğul olasan, ya da ərizəni yazıb vəsifəndən kənarlaşasan. Bu formada idarə etmə müasir ictimai qruluşun xarakterinə xas olan xüsusiyyətdir.
Bədirxan birinci kursda tələbələrlə tanış olandan sonra ona aydın oldu ki, iqtisadiyyat fakultəsinə kifayət sayda tələbə iş verib qəbul olsa da Mühasibat uçotuna Bədirxanla yanaşı ancaq iki nəfər ərizə verib və qəbul da olub. Həmin şöbəyə qəbul edilən 22 nəfər isə aqrofak və baytarlıq şöbələrindən “konkurs”dan keçməyən abituriyentlərdir ki, gətirib Mühasibat uçotu şöbəsində əyləşdiriblər. Bu şöbədəki tələbələrdən dörd nəfəri qız idilər ki, bunların da iki nəfəri Gəncə şəhərindən, iki nəfəri isə İnstitutun Mingəçevirdəki “UÇXOZ” deyilən təşkilatından idilər. Gəncədəki qızlardan biri Kamilə adlı balacaboy, demək olar gözəl və işvəli-nazlı bir qız idi.
Bədirxan kənddə işlədiyi işlə əlaqədar olaraq təbliğat-təşviqat işləri ilə məşğul olduğundan Kommunist Partiyası tarixinin tədrisindən qorxusu yox idi. V.İ.Leninin “Nə etməli”, “Demokratik inqilabda sosial- demokratiyanın iki taktikası”, “Materializm və empiriokrimisizm” kimi çətin anlaşılan əsərlərini oxuyub konspekləşdirilməsində çətinlik çəkmirdi. Elə birinci praktik dərsdə müəllimin “Nə etməli” əsəri haqqında kim çıxış edə bilər” sualına cavab verən Bədirxan olmuşdu.
Qalan tələbələr susmuşdular. Bundan pərt olan müəllim “Bəs Ali məktəbə nə ücün daxil olmuşsunuz, öyrənmək, oxumaq istəmirsinizsə, sizlər istehsalatda necə işləyəcəksiniz”,-deyə hamını tənqidetmişdi. Bununla da Bədirxan müəllim tərəfindən tanınmış və tələbə yoldaşları arasında da hörmət qazanmışdı. Kurskom isə dolayısı ilə Kamilənin ondan bilgisinə görə mənəvi kömək umduğunu izah etməyə çalışırdı...
Bəs Bədirxan nə düşünürdü? Bədirxan instituta kimisə sevmək, evlənmək ücün gəlməmişdi. O, instituta ali təhsi alıb, təsərrüfata təyinat alaraq işləmək, yaxşı məvacib qazanmaq, maliyyə kasıblığının daşını bir yolluq atmaq, qardaş-bacısını imkansız valideyn himayəsindən qurtarmaq üçün gəlmişdi. Bədirxan imkansız valideynin dən təhsil müddətində hec bir maliyyə yardımı almayıb, bütün ümidini aldığı əla təqaüdünə bağlamışdı.
İctimai fənnlərin dərk edilməsinin çətin olduğunu və ixtisasının əsasını ictimai elmlər təşkil etdiyindən çox hallarda həftənin altıncı günü kəndə getməz, var gücünü ictimai siyasi fənnlərin öyrənilməsinə sərf edirdi ki, semestr imtahanlarından əla qiymətlər alıb əla taqaüdünə layiq görülsün. Onun yeganə maliyyə mənbəyi əla təqaüdü-45 rubl idi.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda belə bir qayda var idi. İnstituta yeni qəbul olunan və aşağı kurslarda təhsil alan tələbələr ikinci semestr imtahalarını verdikdən sonra institutun Mingəçevirdə yerləşən “UÇXOZ” deyilən təsərrüfatında yay ayında bir ay istehsalat təcrübəsi adı ilə fəhlə kimi işləməli idilər. “UÇXOZ”un yaşayış evləri ilə yanaşı tələbələr üçün inşa edilmiş bir neçə mərtəbəli yataqxanası və kitabxanası da fəaliyyət göstərirdi. İqtisadiyyat fakültəsinin 75 nəfərdən ibarət tələbə heyəti də birinci kursdan başlayaraq həmin təsərrüfatda kənd təsərrüfatı bitkiləri əkilmiş sahələrdə işləyirdi.
Bədirxan bir günorta üstü yeməkxanadan qayıdıb gələndə yataqxananın koridorunda su tökülmüş döşəməsindən keçərkən ayağı sürüşüb bir yanı üstə zərblə döşəməyə çırpıldı. Koridordakı tələbələr yüyürüb onu ayağa qaldırsalar da yeriyəsi olmadı. Onu gətirib ikinci mərtəbədə yerləşən qaldığı otaqdakı çarpayıya uzatdılar. İsti bir hava olsa da o, ağrının kücündən möhkəm titrəyib üşüməyə başladı. Yoldaşlarından xahiş etdi ki, odeyalla onun üstünü örtsünlər. 18 yaşında lənətə gəlmiş ölüm yatağında ağır yatdığı halı yadına düşdü. Gözləri doldu, göz yaşları yanağından axmağa başladı. Düşündükü, görəsən ayağa qalxa biləcəkmi. Axşam ağrı kəsdi və Bədirxan ayağa dura bildi.
Bir axşam Bədirxan yataqxananın həyətindəki su krantından vedrə ilə su götürüb geri qayıdanda 3-cü mərtəbədən tələbə yoldaşları ilə pəncərədən boylanan Kamilə: ”Nə çox su daşıyırsan, su aşı bişirəcəksən?”,-deyə ona mətik atdı. Bədirxan: ”Bəli su aşı bişirib Sizi də qonaq cağıracağam”,- deyə cavab verdi. Qızlar gülüşdülər və pəncərədən çəkildilər.
Qrupda Bədirxanla bərabər daha 3 nəfər 25 yaşında tələbə varıydı.Bu dörd nəfərin ikisi ailəli idi. İnsanın ailəli ömür sürməsini Bədirxan anlasa da,hədsiz maddi sıxıntı,bir dəri, bir sümük olub canlı skletə bənzəyən,18 yaşındakı ağır xəstəlikdən,ölümdən qurtaran Bədirxan demək olar ki, ailə qurmaq düşüncələrindən vaz kecmiş, ancaq sağlamlığı və təhsili nə vaxt başa vuracağı, əlinə nə vaxt kifayət məbləğdə pul vəsaiti gələcəyi haqqında düşünürdü.
Kamilə tərəfindən ona atılan mətikləri görən həmyaşıdları ona ağıl dərsləri keçsələr də Bədirxan özünün düşündükləri fikirlərinin arxasınca gedirdi. Bir gün elə gətirdi ki, cərgə ilə əkilmiş kənd təsərrüfatı bitkilərinin ətrafını ketmənləyib alaq otlarından təmizləmə tapşırığı verildi. Hava olduqca isti idi. Bir dəri, bir sümük olan kəndli balası Bədirxan ketmənlə ona tapşırılan işləri yerinə yetirib kölgəyə çəkildi. Kamilə isə qız yoldaşı ilə ketmən əllərində dayanıb durmuşdular. Qızmar günəş altında tarlada ketmənlə işləməyi bacarmayan şəhər qızları fağırcasına dayanıb kömək gözləyirdilər. Bədirxan Kamiləni qız yoldaşı ilə bərabər kölgəliyə göndərib, onlara həvalə olunan ketmənləmə işlərini tezliklə başa catdırdı. Kamilə isə düşəndə Bədirxana sataşmağından qalmırdı...Bədirxan isə bunların heç birisinə az da olsa belə əhəmiyyət vermirdi.
Nəhayət ikinci kursa qədəm qoyuldu. Semestr yaxınlaşır Kamilə isə məşğələlərə gəlmirdi. Qrupdakı onun üç nəfər qız yoldaşları yığışıb onun gürüşünə getdilər. Qızlar qayıdıb gələndən sonra onun haqqında məlumat verdilər ki, Gəncədə instituta qəbul olmamışdan əvvəl Bakı şəhərində olmuş və avtomobil qəzasından zədə almışdır. İndi həmin zədədən xəstədir, vəziyyəti də yaxşı deyil. Müalicə olunması da mümkünsüzdür.
Yanvar ayının 10-unda tələbə yoldaşlarına xəbər gəldi ki, Kamilə əbədi olaraq həyata gözlərini yumubdur. Onlar deyilənə görə bir qardaş iki bacı idilər və dəmiryol vağzalının ətrafına yaxın yelərdə yaşayırdılar. Fakultədəki tələbə yoldaşları onun cənazəsini gətirib Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbə şəhərciyi ilə üzbəüz olub Səviskar deyilən məzarlıqda dəfn etdilər.
Tələbə yoldaşları üçün ən ağır hal o idi ki, vaxt-bivaxt Kamilənin özündən böyük bacısı onun məzarının başı üstündə ağladığı yataqxanadan görünürdü. Ən ağır hallardan biri də bu idi ki, Kamilə dünyaya göz açdığı ayda və gündə dünyasını dəyişmişdi. Yəni o,yanvar ayının 10-da dünyaya göz açmış, yanvar ayının 10-da da dünyaya əbədi olaraq gözlərini yummuşdu. Tələbə yoldaşları Kamiləni unutmur,ara bir onun məzarını ziyarət edirdilər.
Görəsən hansı bir qüvvə gəncə hansı səbəbdən tarixlərə düşə biləcək belə bir ölüm qismət etmişdi? Bu qüvvə gəncin varlığına necə qıymışdı? Əzrayılın yamanı qoyub, yaxşının-gəncin, açılmamış qızılgül butasının vücuduna sarı sarmaşıq kimi sarınmasının səbəbi nə idi?
Ölümündən 50 il keçsə də o, unudulmamışdı.
Lənət ölümə. Hələ 18 yaşında ikən özünün ölümünü görən və ondan yaxasını güclə qurtaran Bədirxan ölümün nə və necə olduğunu bildiyindən ölümü lənətləyirdi, ona nifrət edirdi...
Qeyd: “Kamilə” mərhumun adına uyğun addır.
Quliyev Elxan Sarı o.