Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilərlər.
Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
Onun sözlərinə görə, "Təhsil haqqında" qanunda da təhsilin fasiləsizliyinin təmin edilməsi məsələsi var: "Bu gün bunun həyat keçirilməsi orta ixtisas təhsili müəssisələrinin məzunları üçün daha real görünür. Bununla bağlı nazirlikdə müəyyən işlər görülür. Amma bu, hələ mümkün deyil".
S.Gözəlov bildirib ki, bunun üçün ilk növbədə ali məktəb və kolleclərin ixtisaslarının unifikasiyası vacibdir: "Başqa sözlə, kollecdəki ixtisasla ali məktəbdəki ixtisasın adı eyni olmalıdır. Buradakı fərq sadəcə təhsil müddətlərinin müxtəlifliyində olmalıdır".
S.Gözəlov əlavə edib ki, ali təhsil müəssisələrində keçirilən fənlərin sayı çox, orta ixtisas təhsili müəssisələrində isə azdır: "Unifikasiya ona gətirib çıxaracaq ki, kollecdə keçirilən fənlərin böyük əksəriyyəti həm məzmun, həm də kredit sayı etibarı ilə ali məktəblərdəkilər ilə eyni olacaq. Eyni olduğu halda, tələbə bir fənnin kreditini bir dəfə qazanıbsa, onun bakalavriat səviyyəsində təkrar qazanmasına ehtiyac olmayacaq. Bu isə o deməkdir ki, tələbə bakalavriat səviyyəsi üzrə təhsil almağa başlayanda artıq həmin bakalavriat proqramının bir hissəsini subbakalavrda mənimsəmiş və onlara görə kreditini ödəmiş olacaq".
S.Gözəlov əlavə edib ki, bunun hesabına da kollec məzunu olmuş və ali məktəbdə təhsil alan tələbənin təhsil müddəti qısalacaq. Yəni tələbə 2,5-3 il müddətinə artıq bakalavriat səviyyəsini bitirmiş olacaq.
Nazirlik rəsmisi hesab edir ki, bu, həm təhsilin fasiləsizliyinin təmin olunmasına, həm təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də tədris resurslarından, elmi-pedaqoji heyətin potensialından ortaq şəkildə istifadəyə imkan verəcək: "Ali təhsil müəssisələrinin bir qisminin nəzdində artıq kolleclər fəaliyyət göstərir. Bu məsələnin kollecləri olan belə universitetlərdə həyata keçməsi daha realdır".
S.Gözəlov əlavə edib ki, yeniliyin nə vaxt reallaşacağını konkret demək mümkün olmasa da, yaxın illər ərzində baş tutacağı gözlənilir: "Çünki Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin fasiləsizliyinin təmin olunması məsələsi qoyulub. Ona görə də düşünürəm ki, yaxın illər ərzində bu məsələ reallaşa bilər. Qərar qəbul olunacağı təqdirdə kolleci nailiyyətlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etmədən qəbul oluna biləcəklər".(trend)