Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bir qız tanıdım

 

 
Yenixeber.org: Şəki şəhərində bir aprel səhəri Abidovlar ailəsində sevgidən, məhəbbətdən doğulan bir qızcığaz dünyaya göz açdı. Onun mübarək  qədəmləri böyük bir ailənin sevinci, təbəssümü oldu. O  gəlişilə zamana məndə varam dedi. Lakin, illər hər şeydən xəbərdar olsa da, həyata bəxş edilən körpəni çox sonralar tanıya bildi. Elə məndə çox sonralar içdən-içə tanıdım bu qızcığazı. Çox güman ki, sizdə tanıyacaqsınız!....
“Bir qız tanıdım” körpə idi taleyindən xəbərsiz.  Sanki mələklər onun yuxulu gözlərinə sığal çəkmişlər, saçlarını daramışlar. Saçları qonur rəngdə olmaqla dənizin dalğasını xatırladırdı onu sevənlərə. Lakin, körpə olmasına rəğmən balaca fidanın gözlərində sanki bir kədər pöhrələnmişdi.  O, yatarkən mələklər onu güldürəndə gözləri açılardı özü bilmədən. Bu gözlərin rəngi də, sanki başqa çalarda, həmdə çox ecazkar idi. O, yuxulu-yuxulu baxardı ətrafa kədərlə taleyindən xəbərsiz. Düşündüyüm qədəri ilə zaman irəlilədikcə bu kədər boy-boy artan körpənin həyatında təlatümlü dəniz kimi günün birində coşmağa başlayacaqdı...
“Bir qız tanıdım” Boy atırdı qayğısız, kədərsiz. O, zamanı ölçə -ölçə irəli addımlayırdı. Hər addımında büdrəyirdi, yıxılırdı, dururdu. Hər kəlməsi anasına, atasına buyruq olurdu. O, sevirdi atasını, anasını və onu sevib əziz tutanları. Ona ad verdi atası və əmisi bir-birindən xəbərsiz. Məleykə və Təranə. Bu qızcığaz Məleykə kimi tanındı, seçildi qohum-əqrəba arasında. Məleykədən Allah heçnəyi əsirgəməmişdi...Amma həyatın keşmə-keşli yollarında onu hansı tale gözləyirdi, onu demək mümkün deyildi... 
“Bir qız tanıdım”. Bu qız illəri qova-qova boy atırdı böyürdü, yaşa dolurdu. Nəhayət mələksimalı Məleykə məktəb yaşına çatdı və məktəbli oldu. İllər isə qaçağan at kimi Məleykəni gənclik yaşına doğru qovurdu. Məleykə qaçırdı, köhlən isə dayanmadan onu qovmaqda davam edirdi. Həhayət illər bir-birini əvəz edə-edə Məleykə gənclik yaşına ayaq açdı və  o gözəl simasına bir azda rəng qatdı. Artıq Məleykə məktəbli idi.  O, məktəbdə  Məleykə kimi deyil, Təranə olaraq tanındı. Atasının verdiyi ad ömürlük həkk olundu onun varlığına. Təranə həyatı sevən, şən, şaqraq , hətta ərköyün gənc qız oldu. Şən olmasına baxmayaraq, hələ kiçik yaşlarından onun ətrafa, insanlara baxışı tamamilə fərqli idi. Təranə həmişə çalışardı ki, haqqın tərəfində dayansın. Məncə digər bir nüansı da qeyd etməliyəm. Təranə həm də, xarakteri və  qürurlu görkəmi ilə də seçilirdi. Onun bu fərqli cəhəti yaşıdlarından fərqlənməsinə zəmin yaradırdı. Təranə dərslərini  gözəl mənimsəməsi ilə  yanaşı dərin məntiqi zəkası ilə də fərqlənirdi. Nədənsə Təranə hələ kiçik yaşından hiss edirdi ki, ətrafında onu sevməyənlər daha çoxdur. Yaşıdları arasında bəziləri tərəfindən sevilməsə də, Təranə məktəbdə oxuduğu müddətdə gənc qız kimi ilk sevgisini tapdı və sevib-sevildi. Bəlkə də onun talesizliyi ilk məhəbbətin uğursuzluğundan başlamışdı...
“Bir qız tanıdım”. Gənc yaşında səbrli, qürurlu, iradəli, əzmkar, mətn həmdə dözümlü. Amma, hərdən onun qüruru həyata, insanlara  yanaşma tərzini tamamilə fərqli edirdi. Onun həyata baxışı müxtəlif olduğundan sevməyi də təəccüb doğururdu. Təranə ilk sevgisini, yəni onu sevəni dəliər kimi sevdi. Qəlbinin ilk sədası ilə əhdi-peyman bağladı. Sevdiyini vətənə xidmət üçün əsgər yola salarkən söz verdi ki, onun gəlişini gözləyəcək. Təəssüflər olsun ki, sevən qəlb öz sözünü tuta bilmədi. Təranə gənc yaşında heç düşünməzdi ki, ziyalı bir ailənin kasıblığı sevən ürəklərin qisasına səbəb olsun. Təranə zaman-zaman anladı ki, kasıb  ailənin qızı olduğu üçün heç vaxt sevdiyinə yar ola bilməyəcək. Düşündüyü doğrudan da başına gəldi. Bəli, Təranə kasıb ailənin qızı olduğundan imkanlı ailə tərəfindən qəbul edilmədi. Əlbəttə, qüruru olan gənc  qız olanlarla barışa bilməzdi. Hətta eşqindən divanə olsa belə. Artıq başqa çıxış yolu yox idi...Təranənin ciyəri yana-yana ilk sevgisini qəlbində basdıraraq illərlə ürəyində yas tutdu. Zaman irəllədikcə onun əlehinə işləyirdi. Həyatın qaranlıq tərəfləri gənc qızın irəli getməsinə imkan vermək istəmirdi. Eh... onun ali təhsil alması  da arzu olaraq  gözündə qaldı. Bu qız yaşının az olmasına baxmayaraq, həyatda çox zərbələrə sinə gərdi. Həyatın ən ağır zərbəsi isə ilk sevgisini qüruruna qurban vermək oldu...Zavallı qızın ilk sevgisi onun ağlar qəlbinə qor salsa da yanmamış söndü.... 
“Bir qız tanıdım”küsdü həyatdan, küsdü taleyindən, qədərindən, qismətindən. Onun gənc qəlbində həyat öz təzadları ilə meydan suladı. Sındı bu qız, qırıldı bu qız. Gəncliyi ilə bərabər təlatümü ilə suları lərzəyə salan dəniz onun arzularını da yuyub çox uzaqlara apardı. Və o, bir daha heç sevməməyə söz verdi. Qəlbi, ürəyi sevgi ilə aşıb-daşan qız sevgi dəftərini qapatsa da, ailə quracaq yaşa gəlmişdi. O, özlüyündə həyatdan öc alırmış kimi  qarşısına məqsəd qoydu ki, imkanlı bir insana ərə gedəcək. O, gənc qızlar kimi düşünmürdü ki, ailə  qurub xöşbəxt olsun. Qol-qanadı qırılmış, nakam sevgisi ilə əzab çəkən qız düşünürdü ki, həyat onu quracaq, o həyatı heç zaman dəyişdirə bilməyəcək. Bir müddət sonra sanki, həyatdan qisas alırmış kimi sevmədən özündən yaşca çox böyük olan bir adamla ailə qurdu. O, insan həyatından küsmüş qızı  çox sevdi və həqiqətən həyatının yoldaşı oldu. Allah Təranəyə iki oğul payı nəsib etdi. Deyə bilmərəm ki, Təranə pis yaşadı. Əslində Təranə sevilə-sevilə həyatının ən qayğısız günlərini yaşayırdı. Ancaq vicdanı onu illərlə rahat buraxmadı. Axı o, sevən ürək, sevən könül sındırmışdı. Bir sevən qəlbi yerlə yeksan etmişdi, öldürmüşdü bir aşiqi diri ikən...  
“Bir qız tanıdım”. Bu qız öz istək və arzularını həyatda tapa bilmədi. O, valideynlərini, ailəsini itirdi. Onun tənha qalan zərif, incə yanan qəlbi həyatla mübarizəyə başladı. Bu döyüş meydanında kimin qalib olacağı hələlik məlum deyildi. Təranə həyatda aldığı zərbələrdən hiss edirdi ki, getdikcə taqətdən düşür. Yalnız onun bir məqsədi, amalı vardı. Nəyin bahasına olursa, olsun məğlub olmamaq. Həyatından təklənmiş o, qadın baş tacını  itirdikdən sonra həyatın qaranlıq üzü onun üçün daha aydın görünməyə başladı. O, gənc yaşında insanların mənfur simalarını gördü və həyata baxışları tamamilə dəyişdi. Onun qəlbindəki Allah sevgisi nifrətlə əvəz olundu. Əzmkar, qorxmaz  xanım, sanki həyata qarşı döyüşkən, mübariz sərkərdəyə çevrildi. Onun məqsəd və məramı ailəsinin başında durmaq, düşmən qarşısında əyilməmək idi. Mən yuxarıda söz etmişdim onun iki oğul balasından...Təranə özü əyilməz, qürurlu olduğundan oğlanlarını da bu ruhda yetişdirmişdi. Bir üzü gəlin ana övladlarına hiss etdirmədi ata yoxluğunu. O, cavan ikən saçının birin ağ, digərini isə qara hördü. Eh...həyat davam edir, zaman isə durmadan irəlləyirdi. Artıq Təranənin qonur rəngli saçlarında  dən görünməyə başladı. İllər çapar olsa da yaşlanmasının fərqində belə olmadığı aydın şəkildə sezilirdi. Amma qəlbi, ürəyi təmiz, pak olduğundan gözəlliyinə o qədər də zərər gəlməmişdi. Təranə qəlbən yaşlanmışdı.Yalnız o bir arzu ilə yaşayırdı. Oğlanları ailə qurub oğul-uşaq sahibi olsunlar. Sən demə, həmin gün heçdə uzaq deyilmiş. Təranə bir tərəfi  boş, göz yaşı tökə-tökə balalarına toy etdi, gəlin gətirdi. Bu gün onun iki gəlini, altı nəvəsi var. Bəs görən xöşbəxtdirmi???... 
“Bir qız tanıdım” Söz etdiyim qız artıq nənədir. O, xoşbəxtliyi yalnız xəyallarında təsəvvür edir. Xöşbəxtlik dedikdə bu söz gözlərində hərf- hərf canlanırdı qara kölgələrlə. Təranə oğlanlarını evli-eşikli edəsi vaxta qədər həyat onu o qədər yormuşdur ki, heç dincəlməyə vaxtı olmamışdı. Amma, əyilməz, o mübariz qadın hiss edirdi ki, hələ onu qabaqda böyük sınaqlar gözləyir. Çünki o yorğun qadın həyatın ona çəkdirdiklərindən dolayı sağlamlığını itirmək üzrə idi. O, hiss edirdi ki, artıq şüur və təfəkkürü onu idarə edə bilmir. Təranə özü də bilmədən çəkdiyi acılardan, çiynindəki yüklərin ağırlığından, insanların pisliklərindən sarsılaraq depresiyaya düşdü. Sanki, onun gözlərində həyat birdəfəlik söndü. O, dirikən ölüyə bənzədi. Mətn əzmkar qadın nə qədər zəifləsə də, yenə həyatla yaşam arasında mübarizəsini davam etdirməyə çalışırdı. Təranə xanımda özünətənqid o qdər güclü idi ki, sanki həyatdan çəkdiklərində günahkar özü imiş. Mübariz, dözümlü qadın həyatın öcünü öz canından çıxmağa çalışırdı. O, tamamilə tükənmişdi. Artıq yaşamaq istəmirdi. Təranə xanım həyatla çəkişdiyi bir vaxtda qəlbindən gələn bir səs onun köməyinə çatdı. Bu səs onu sanki yuxudan ayıltdı və bir anlığa düşünə bildi. O yenidən mübarizəyə başladı. Təranə gözləmirdi ki, onun düşdüyü vəziyyət nə vaxtsa həyatının dönüş nöqtəsi olacaq.  Bəli, dönüş nöqtəsi...  Bu nöqtəyə zillənən gözlər qəlbində nələri itirmişdi, nələri tapdı...Nəhayət özünü yanan günəşə bənzədərək,əlinə qələm aldı və hər kəlməsi od parçası oldu. Yandırdı, yaxdı hər kəsi. Əlinə aldığı qələm sanki bir süngü idi. O, haqqın, ədalətin uğrunda özünü fəda etməyə hazırdı. Yazırdı qəbini ağrıdan nə vardısa. Təranə öz odu, alovu ilə mətbuata qədəm basdı və Şəms təxəllüsü ilə tanındı. Onun fikri, düşüncəsi ümmansız səma kimi acı həyatında cövlan etməyə başladı. Təranə, qələmin pərvanəsinə çevrildi və sətir-sətir, kəlmə-kəlmə yandı. Ona görə ki, bütün sevənlər Təranənin poyeziya dünyasında sevgi dilində danışırdı. Onun yazdığı şeirlər, bəhri təvillər, bayatılar, publisistik məqalələr sanki, Allah vergisi idi. Bəli, Təranənin müəyyən yaşın kəsimində Allah onun istedadını üzə çıxararaq özünə məxsus şəkildə oxucularına çatdırdı. O, az bir zamanda öz imzası ilə çox sayda oxucu kütləsi qazandı. Sevildi Təranə Şəms imzası. Maraqlısı budur ki, bəzi söz adamları Təranə xanım haqqında hətta belə də deyirdilər:”Sən gec gəlib tez parıldayanlardan oldun” Amma bəzi kəslər düşünmürdülər ki, bu imzanı sevdirən qələmin dili ilə kağıza hopan Təranə məfkurəsinin saflığı, əyilməzliyi və yazar kimi həqiqətin gözünə dik baxması idi. Təranə xanım gecə- gündüz önünə, arxasına baxmadan öz üzərində çalışa-çalışa yazırdı. Yazırdi ki, ağı qara görənlərə çatdırsın ki, məddahlıq qələm adamına vurulan damğadır və bir ömürboyu adının üzərinə ləkə kimi hoparaq dildən-dilə, nəsildən, nəsilə  keçərək yaşayacaqdır. Yenidən həyata bağlanan Təranə bütün səddləri aşaraq bu gündə yazır, yaradır. Bu gün əbəbi mühit onun üçün döyüş meydanıdır. Onun az müddətdə çoxlu sayda kitabları dərc edilə bilərdi. Çünki onun yaradıcılığı çox şaxəlidir. Lakin, bu günə kimi Təranə xanımın iki kitabı işiq üzü görüb. “Sevdalıyam bu həyata” digəri isə “Tənha adayam”kitablarıdır. Bu kitabları oxuyan hər kəs başa düşür ki, Təranə Şəms imzası heç kəsi təqlid etmir. Yazdiği hər kəlmə, hər söz onun şüur və təfəkkürünün bəhrəsidir. Maraqlıdır deyilmi?...Bir insan yaşının hansı dönəmində hardan hara yol başladı. Və bu gündə öz yolunu davam etdirir. Budur mənim tanıdığım qızcığaz. Onu oxuyub, yazdığqlarını öyrəndikcə insan hiss edir ki, doğrudan da həyat mübarizə meydanıdır. İnsan təslimiyyəti sevə bilməz!!!... İnsan Allahın varlığına inanaraq yaradana təvəkkül etməlidir. Bu zaman onun istədikləri həyatının hansı dönəmi olursa, olsun, Allah öz rəhmini və ona verəcəyini  əsirgəməyəcəkdir. Müəllif sanki özü, özüylə danışırmış kimi “bir qız tanıdım” deməklə, həm özünü, özünə, həmdə sizlərə tanıdıraraq oxucularıyla söhbət edirmiş. Hər halda bu məqsədə necə nail olubsa sizlər daha düzgün qiymət verə bilərsiniz əziz oxucular!... Təranə Şəmsin xəyalındakı bəxti gətirməyən o, “Qız” bu gündə bütün məhrumiyyətlərə baxmayaraq həyatla, insanlarla mücadilə edir və yaşayıb yaradır. Baxmayaraq ki, həyat zalımlığı ilə Təranə xanımın qəlbində insanlara güvən hissini yerləyeksan etsədə belə.... Mənə elə gəlir ki, “o qızcığaz” öz taleyi ilə, çoxdan, lap çoxdan barışıb.
 Rəvanə Fateh
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam