Ukrayna parlamentinin ilk iclası başlayır
Əməkdaşımız Qərblə Rusiya arasında bölünən tikə-Ukraynadan yazır
"Xeberinfo.com": Bir neçə saat sonra Ukrayna Ali Radasının yeni tərkibdə ilk toplantısı keçiriləcək. Parlamentin ilk iclasına hazırlıq komitəsinin rəhbəri Vladimir Qroysman noyabrın 27-də keçirdiyi ilk mətbuat konfransında sessiyanın başlaması üçün bütün lazımı məsələlərin çözüldüyünü deyib.
Parlamentin ilk sessiyasına müvəqqəti sədarət rəhbərlik edəcək. Müzakirəyə çıxarılacaq əsas məsələ isə yeni parlament sədrinin seçilməsi olacaq. İlk sessiyanın gündəliyindəki əsas məsələlərdən biri də Ali Radada təmsil olunacaq partiyaların koalisiyasının yaradılmasıdır. Ekspertlər ehtimal edir ki, bu dəfə Ali Radada cəmi iki koalisiya yaranacaq: iqtidar düşərgəsini və onun tərəfdaşlarını təmsil edən blok və eks-prezident Viktor Yanukoviçin yaratdığı “Regionlar” partiyasının bloku.
Noyabrın 26-da artıq Nazirlər Kabineti buraxılıb. Parlamentli respublikanın tələblərinə uyğun olaraq hökumətə bundan sonra kimin rəhbərlik edəcəyini və onun komandasında kimlərin hansı postu tutacağını da yeni koalisiyalar müəyyən etməlidir.
İndi Ukraynada heç kəsə sirr deyil ki, “Petro Poroşenkonun bloku” – prezident tərəfdarlarının seçki bloku belə adlanır – indiki baş nazir Arseni Yatsenyukun namizədliyini dəstəkləyir. Petro Poroşenko bir neçə gün öncə televiziya çıxışında bunu açıq bəyan edib. Qərbin də rəğbət göstərdiyi Yatsenyuk Ukraynanın Rusiyadan ayrılaraq Qərbə yaxınlaşması projesinin əsas müəlliflərindən sayılır. Prezident Poroşenko səlahiyyətlərinin icrasına başlayandan sonra liderlər arasında müvəqqəti gərginlik yaşanmışdı. Bu gərginlik iyun ayında Yatsenyukun istefa ərizəsi yazmasına qədər gətirdi. Sonradan problemli məqamları aradan qaldırmaq və Avromaydan komandasının vahidliyini qorumaq mümkün oldu. Siyasi analitiklərinin çoxu da hesab edir ki, Ukraynada hələlik hökumətə Arseni Yatsenyukdan daha uyğun namizəd yoxdur və onun öz postunu saxlaması Ukrayna üçün keçən indiki dönəmdə vacibdir.
Arseni Yatsenyuk hökumət buraxılandan sonra media qarşısına çıxaraq komandasının ölkə üçün mümkün olan hər şeyi etdiyini deyib:“Şübhəsiz fəaliyyətimdən o qədər də razı ola bilmərəm. Çünki biz terrorla mücadiləni başa vura bilməmişik. Gözlədiyimiz bəzi sonucları ala bilməsək də, mən fəaliyyətimə görə utanc hissi keçirmirəm. Çünki biz bacardığımızı etdik”.
Prezidenti Petro Poroşenko yeni Ali Radanın işə başlamasını Ukraynanın siyasi həyatında yeni səhifə adlandırıb. Televiziya çıxışında Poroşenko deyib ki, xalq azad və demokratik seçkilərlə formalaşan yeni Ali Radadan Ukraynanın Avropaya interqrasiyası, separatizmlə effektli mübarizə üçün ciddi addımlar gözləyir.
Bir neçə gün öncə Ukrayna Avromaydanın birinci ildönümünü qeyd edib. Maydana toplaşan vətəndaşlar demokratik yolla formalaşan hakimiyyətlərinə dəstək veriblər, bir il öncə Rusiyapərəst Viktor Yanikoviç hakimiyyətinə qarşı ciddi dirəniş göstərən siyasətçilər tribunadan Kremlin bütün cəhdlərinə baxmayaraq Ukraynanın bütöv, işıqlı gələcəyinə inandıqlarını ifadə ediblər. Ancaq siyasilərin optimist çıxışlarının toplumda ötənilki effekt yaratdığını söyləmək olmaz. Rusiya işğalı ilə başlayan sosial-iqtisadi böhran dərinləşdikcə insanlar siyasi proseslərdən getdikcə kənarlaşaraq gündəlik qayğılar haqqında düşünməyə başlayıb. Həm prezident, həm də baş nazir Arseni Yatsenyuk hökumətin işindən razılıqlarını ifadə etsələr də, Ukrayna vətəndaşlarının bir qismi gözləntilərinin doğrulmaması fikrindədir.
Ölkədə aparılan sosioloji sorğular göstərir ki, son aylar Petro Poroşenkonun reytinqi enməyə başlayıb. Hələlik bu eniş o qədər də böyük faizlərlə ifadə olunmur. Ancaq hökumət xüsusən iqtisadi durumu yaxşılaşdırmağı bacarmasa, bu tendensiyanın zaman keçdikcə kütləvi etirazlar dalğasına qədər irəliləyəcəyi ehtimalı istisna deyil.
Ukraynada illərdir demokratik mühit var. Ancaq indi Ukraynada böhran elə bir həddə çatıb ki, vətəndaşlar demokratiyanın bəzi məqamlarda sərt tədbirlərlə əvəzlənməsinin tərəfdarına çevriliblər. Ukrayna vətəndaşları içərisində prezident Poroşenkonun aşırı demokrat olmasından, belə demək mümkünsə, şikayətçilər də yaranıb. Bu kəsim hesab edir ki, parlament seçkilərində köhnə iqtidar indiki müxalifət komandasına layiq olduqlarından daha geniş meydan verilib. Çoxları Rusiyanın əlaltısı, Kremlin birbaşa göstərişi ilə idarə olunan, Ukraynanın bugünkü bəlalarının səbəbkarı saydıqları “Regionlar” partiyasının Ali Radada nə az, nə çox, 40 deputatla təmsil olunmasını Petro Poroşenkonun siyasi səhvi kimi dəyərləndirir. Onlara görə, bu həmin partiyadır ki, Avromaydan hakimiyyətə gəldiyi günlərdə öz lideri Viktor Yanukoviçlə bərabər Ukrayna xəzinəsini sözün hərfi mənasında Rusiyaya daşıyaraq ölkəni səfalət içərisində qoyub. İndi həmin paralar Ukraynanın şərqində separatçı hərəkatların genişlənməsinə, eləcə də Rusiyanın bu əraziyə humanitar yardım adı altında silah-sursat göndərməsinə sərf olunur. Ukrayna mediasında Yanukoviçin xəyanətkar komandasının Ali Radanın təxminən 1/10-nə sahib olmasını absurd adlandıran xeyli yazıya rast gəlmək mümkündür. Analitiklər baş verənləri Petro Poroşenkonun siyasətçidən çox, biznes adamı olmasıyla izah edir. Onların fikrincə, “Regionlar” partiyasının Ali Radada təmsil olunan üzvləri heç də az olmayan kapitala nəzarət edir. Məsələ burasındadır ki, azad biznes mühitinin çoxdan qanuniləşdiyi Ukraynada konkret siyasi komandanı dəstəkləyən iş adamlarının leqal biznesləri siyasi proseslərin qurbanına çevrilmir. Ona görə də Viktor Yanukoviç hakimiyyətdən getsə də, bu, bir zamanlar onu dəstəkləyən biznes şəbəkəsinin iflasına səbəb olmayıb. Bu çevrə Ukrayna iqtisadi mühitinin imkanlarından indiki hakimiyyəti dəstəkləyən biznes strukturları qədər yararlanmaq imkanına sahibdir. Ehtimallara görə, Poroşenko bu komandaya heç bir məhdudiyyət qoymamaqla onları zaman keçdikcə öz müttəfiqinə çevirmək, əllərindəki kapitalı Ukraynanın iqtisadi dirçəlişinə sərf etmələrinə nail olmaq siyasəti yürüdür. Bu siyasətin nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək. İndilik Avromaydan yaraları sağalmayan və Rusiya təcavüzü ilə yaraları daha da dərinləşən Ukrayna cəmiyyəti bu siyasəti təqdir etmiş kimi görünmür.
Petro Poroşenkonun reytinqini aşağı salan daha bir səbəb isə Ukrayna Kommunist Partiyasının yasaqlanacağı haqqında vədləri yerinə yetirməməsidir. Bu, Avromaydanın əsas tələblərindən idi. Ukrayna dövlətçiliyinin Kremldən asılı salınmasında müstəsna xidmətləri olan Kommunist Partiyası bu gün də ölkədə leqal fəaliyyətdədir. 25 may prezident seçkisindən sonra Petro Poroşenko ilk televiziya çıxışında Kommunist Partiyasını Ukraynaya xəyanət yolu tutduğunu və bu məsələdə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirmişdi. Seçkilərdən cəmi bir neçə gün sonra Ukrayna Prokurorluğunda Kommunist Partiyası haqqında cinayət işi qaldırılmış və partiya strukturlarının maliyyə qaynaqlarının yoxlanmasına başlanmışdı. Ali Radada gedən müzakirələrdən, yeni siyasi komandanın çıxışlarından belə görünürdü ki, ən qısa zamanda Kommunist Partiyası yasaqlanacaq, Yanukoviç iqtidarı dönəmində Kremlə faktiki casusluq edən, Rusiyapərəst güclərin Ukraynanın güc strukturlarında təmsilçiliyinin genişlənməsinə vasitəçilik edən kommunistlər həbs ediləcək. Ancaq bu baş vermədi. İndi Ukrayna vətəndaşları kommunistlərin heç bir məsuliyyət daşımadan ölkədə rahat yaşamasını həzm edə bilmir.
Poroşenkonun reytinqinin enməsinə səbəb olan daha bir amil var – onun Qərblə münasibətlərdə qətiyyən tələbkar olmaması. Vətəndaşların böyük bir qismi belə hesab edir ki, Qərbin Ukraynaya vəd etdiyi dəstəyi yubatması Poroşenkonun dəstək məsələsində israrçı mövqe tutmaması ilə bağlıdır. Yada salaq ki, Ukraynada Avromaydan hərəkatının genişləndiyi ilk dönəmlərdə Qərb, o sıradan Birləşmiş Ştatlar az qala hər gün demokratik proseslərin dəstəklənəcəyi ilə bağlı çox böyük vədlər verirdilər. Belə ehtimal olunurdu ki, Yanukoviç iqtidarı Ukraynanı çox ciddi maliyyə böhranına sürükləsə də Qərbin maliyyə institutlarının yardımı ilə durumun böhran həddinə çatmasının qarşısı alınacaq. Sonrakı proseslər göstərdi ki, Qərb Ukraynada siyasi bəyanatlar verməyə həddən artıq həvəsli olsa da söhbət konkret fəaliyyətə - yəni siyasi bəyanatları iqtisadi amillərlə dəstəkləmək məsələsinə gələndə yumşaq jestlərlə geri çəkilir. Oktyabrda Ukrayna ilə Avropa Birliyi arasında asossasiya sazişi maliyyə dəstəyi haqqında müddəa çıxarılmaqla imzalanıb. Həmin bəndin imzalanması və icrası 2015-ci ilin dekabrında saxlanıb. Prezident və parlament seçkilərindən sonra Ukrayna iqtisadiyyatının, eləcə də digər vacib islahatların dəstəklənməsi prosesi üçün vəd olunan milyardlardan hələ də səs-səmir yoxdur. Büdcəsi boş, inflyasiyanın tüğyan etdiyi ölkə üçün 1 il yaşamaq, üstəlik Rusiya kimi böyük ve güclü ölkə ilə savaşmaq çox çətin olacaq. Ukraynada bu durumu prezident Poroşenkonun Qərblə münasibətləri yumşaq tonlar və daha çox gözləmə mövqeyi üzərində qurması kimi dəyərləndirir və bəyənmirlər. Çoxları düşünür ki, xeyli sayda insanın ölümü, ərazi itkisi, qaçqın problemi hesabına başa gələn avrointeqrasiya prosesi belə süst bir dönəmə gəlib çıxmamalı, ötən ilin bu günlərində Maydanda gecələyən könüllülərə öz əli ilə çörək yedirdən ABŞ, eləcə də bu məsələdə Ağ Evlə bütün mövqeləri üst-üstə düşən Avropa Ukraynaya daha ciddi dəstək verməli idi.
Çoxluğun bu mövqeyini yalnız aşırı qərbpərəstlər dəstəkləmir. Qərbpərəstlərin fikrincə, Avropa Birliyi öz iqtisadi sistemində bir xeyli qurbanlar bahasına Rusiya iqtisadiyyatının çökdürülməsinə yönəlik ciddi addımlar atır. Bu qurbanlar məhz Ukraynaya görə, ona verilən vədlərə görə edilir. Ona görə də hələlik rəsmi Kiyevin Avropa Birliyi, ümumiyyətlə Qərblə tələbkar tonda danışması yersizdir.
Kiyevdə ölkənin siyasi gündəmindəki məsələlərin qızğın müzakirəsini ara-sıra şərqdən gələn savaş xəbərləri xəfiflədir. Bu xəbərlər isə xeyli həyəcanlıdır...