Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin son və qəti savaşa başlayır

Putin Ukraynada Qərbə qarşı son və qəti savaşa başlayır

 

     Kreml qorxulu “Novorossiya” planını işə salır

 

     Donbasdakı qanunsuz seçkilər Moskvanın əlinə bölgəyə hərbi müdaxilə üçün “rəsmi” fürsət verib

 

     Rusiya “Krım ssenarisi”ni daha sərt şəkildə təkrarlamaq əzmindədir

 

      Bəs Kiyev, ABŞ, Avropa? Çox gözləmək lazım gəlməyəcək... 

 

    "Xeberinfo.com": Qərbin bütün sərt xəbərdarlıqlarına və Kiyevin aktiv etirazlarına rəğmən, Putin noyabrın 2-də rusiyayönlü bandit dəstələrinin nəzarətindəki Dnetsk və Luqansk vilayətlərində başçıların və deputatların qanunsuz seçkilərini, hər halda, keçirdi. Bununla da Moskva və onun Ukraynanın cənub-şərqindəki silahlı muzdluları Minsk anlaşmasını tamamilə pozdular və situasiyanı təzədən hərbi qarşıdurmaya tərəf yönəltdilər.

   Bu seçkilərin legitimliyini Moskvanın tanımayacağı, yaxud onların yekunundan öz siyasi məqsədləri üçün istifadə etməyəcəyi ilə bağlı Qərbin və rəsmi Kiyevin ümidləri çətin ki, doğrulsun. Putin bütün bu “xörəyi” ona görə bişirməyib, seçkiləri ona görə təşkil etməyib ki, indi qəfildən üzünü çevirsin və kənara çəkilsin.
    Rusiyanın XİN başçısı Sergey Lavrov artıq bəyan edib ki, Moskva Ukraynadakı parlament seçkiləri ilə birgə “DXR” və “LXR”dəki seçkilərin nəticələrini də tanımaq niyyətindədir. Və bu zaman nazir aşkar hiyləgərliklə və faktları təhrif edərək Moskvanın bu addımını “Minsk anlaşması”na tam uyğun kimi qiymətləndirib.
     Beləcə, Rusiya noyabrın 2-dəki seçkilərinin yekunlarını operativ şəkildə tanıyıb. Bəs sonra?
Bizcə, ən maraqlısı, ziddiyyətlisi və təhlükəlisi də məhz bundan sonra başlayacaq. Məsələ ondadır ki, barışıq haqda Minsk anlaşması ilə Kremlin guya güzəştlərə getdiyini və Ukraynanın parçalanmasına yönəlik planlardan əl çəkdiyini, həmçinin də onun (Qarabağ problemi kimi) münaqişənin uzunmüddətli konservasiyasına hazır olduğunu güman edənlər çox tezliklə yanıldıqlarını anlayacaqlar.
  İş ondadır ki, “Minsk barışığı” təkcə cəbhədə bir sıra hissediləcək məğlubiyyətlərə uğramış və üstəlik, növbədənkənar parlament seçkilərinə hazırlaşan Kiyevə lazım deyildi; həm də Moskvaya lazım idi ki, özünün əldən düşmüş bandit dəstələrini yeni silahlar və canlı qüvvə ilə möhkəmlətsin, həmçinin, “Novorosiya”da (“Yeni Rusiya”) seçkilər keçirib yeni imperiya planlarının növbəti fazasına ciddi hazırlaşın. 
   Moskvanın Ukraynaya münasibətdə indi yeni və qorxulu hərbi-siyasi planlar qurduğu və müharibənin təzə mərhələsinə hazırlaşdığını sübut edən bir sıra faktlar var. Məsələn, Rusiya Minsk anlaşmasına sadiqliyin nümayişi kimi və Qərbin sanksiyalarını yumşaltmaqdan ötrü öz qoşunlarını sərhəddən çəkəndən sonra “seçkilər” ərəfəsində “DXR” və “LXR”də yenidən ölkənin cənub-şərqini öz qoşunları tərəfindən sıx mühasirəyə alıb və ora intensiv şəkildə silah və canlı qüvvə atmağa başlayıb. Təsadüfi deyil ki, ABŞ-ın çox yaxşı məlumatlı mənbələri bugünlərdə Kremli sərt şəkildə xəbərdar edirlər ki, psevdoseçkilərdən o, bölgəyə qoşun yeritmək və gərginliyi daha da artırmaq üçün bəhanə qismində yararlanmasın. Analoji xəbərdarlıqlar Rusiyanın hərbi ritorikasından və davam edən hərbi təlimlərindən əndişə keçirən Avropadan səslənməkdədir. 
  Yeni təhlükəli müharibənin mümkünlüyünə bugünlərdə Nemtsov da işarə vurur. Siyasətçi hesab edir ki, Putin yarı yolda dayanmayacaq. O, bununla bağlı öz qənaətini Rusiyanın yeni, 800 milyardlıq hərbi büdcəsinin mövcudluğu ilə əsaslandırıb. Belədə məntiqli sual yaranır: Putin niyə məhz indi, Donbasdakı “seçkilər”dən sonra “Novorossiyanın anşlyüsü” kimi hansısa yeni ssenarini reallaşdırmaq istəyir?

““Əgər situasiya Qərblə Rusiya arasında böyük müharibəyə gətirməsə, o zaman Putini Krımdan və ”Novorossiya"dan yalnız hədələr və sanksiyalarla “vurub” çıxarmaq çətin ki, mümkün olsun..."

    Güman eləmək olar ki, bu “seçkilər”in əsas missiyası terrorçuların işğal elədiyi və nəzarətdə saxladığı həmin ərazilərə formal da olsa əhalisi tərəfindən seçilmiş rəhbərləri, hakimiyyət strukturları və deputatları olan hüquqi və legitim respublika görüntüsü verməkdir. O səbəbdən bu qanunsuz seçkilərə çoxlu vəsait xərclənib, müxtəlif ölkələrdən olan və haqqı ödənilmiş beynəlxalq müşahidəçilər dəvət edilib. 
      Yeni mərhələdə “Krım ssenarisi”ni reallaşdırmaqdan ötrü Kreml üçün çox vacib idi ki, öncə “DXR” və “LXR”i Krım statusuna qədər dartıb gətirsin - o Krım ki, orada, hər halda, adından referendum təşkil edilən və Rusiyaya birləşmək üçün müraciət qəbul olunan icra və qanunverici strukturlar mövcud idi. Donetsk və Luqnaskda isə müharibə xaosu hakimiyyətin tam xaosuna gətirmişdi. Üstəlik, vilayətlərin əraziləri iki hissəyə - Kiyevin nəzarətinə qaytarılanlara və bandit dəstələrinin kontrolunda qalanlara bölünmüşdü. 
    Belə vəziyyətdə “Krım ssenarisi”nin baş tutması real görünmürdü və əraziyə hansısa formada qoşun yeridilməsini də hətta formal şəkildə belə yerli əhali və hakimiyyət orqanlarının iradəsi ilə əsaslandırmaq mümkün deyildi. Amma 2 noyabr “seçkiləri”ndən sonra Moskva “DXR” və “LXR”in seçilmiş başçıları və deputatlarının xahişlərinə “hay vermək” və Ukraynanın cənub-şərqində “Krım ssenarisi”nin hansısa sərt variantını həyata keçirmək üçün əlverişli fürsət əldə eləmiş olur. 
    Əslində Kremlin məkrli planı bayağılıq dərəcəsində sadədir və müxtəlif variasiyalarda dəfələrlə sınaqdan çıxarılıb (Abxaziya, Cənubi Osetiya, Krım): “seçkilər”dən dərhal sonra haqqı qabaqcadan verilmiş beynəlxalq müşahidəçilərə istinadən bu seçkilərin demokratik və legitim olması barədə qulaqbatırıcı təbliğat gedəcək. Ardınca Moskva rəsmən nəticələri tanıyacaq və Kiyevi və bütün dünyanı da onları tanımağa çağıracaq. Daha sonra “DXR” və “LXR”in yeni seçilmiş “hakimiyyətləri” Rusiyaya onsuz da geniş açılmış qapılarını (sərhədlərini) bir az da geniş açacaq və Moskvadan rəsmən hərbi və başqa kömək istəyəcək. Yolüstü onlar Ukrayna qüvvələrini tutduqları ərazilərdən çıxarmağa aktiv cəhdlər edəcəklər və bununla da Kiyevi hər vəchlə müharibə təxribatına çəkməyə çalışacaqlar. 
    Nəzərə alanda ki, Ukrayna bu təxribatlara adekvat cavab verməyə məhkumdur, o zaman hərbi əməliyyatların bərpası yəqin ki, qaçılmaz olacaq. Və çox gözləmək lazım gəlməyəcək. Kiyev tərəfindən antiterror əməliyyatının başlanacağı təqdirdə “DXR” və “LXR” hakimiyyətləri rəsmən kömək üçün Moskvaya müraciət edəcəklər. Bu dəfə “oyuna” açıq şəkildə və bütün gücü ilə Rusiya qoşulacaq - öz qoşunlarını yetirməklə və “yeni rusiyalı qardaşları”nı “benderlər”dən qorumaq üçün. Yada salaq, bütün bunlar artıq Gürcüstanda sınaqdan keçirilib.
     Ardınca təxminən belə olacaq: Rusiya qoşunları Ukrayna qüvvələrini geri oturdur və “Novorossiya” adlandırılan ərazi üzrə maksimum irəli gedib orada əsaslı şəkildə möhkəmlənir. Bundan sonra gündəliyə “Novorossiya”nın müstəqilliyi və ya Rusiyaya birləşdirilməsi haqda mümkün referendum ssenarisi gəlir. Eyni vaxtda Kreml Kiyevlə Qərbi sülhdən imtina edəcəkləri təqdirdə daha təhlükəli hərbi nəticələrə tuş gələcəkləri ilə şantaj edərək təzədən danışıqların təşəbbüskarı kimi çıxış edir. Görünür, Putin və Kreml qırğılarının “Novorossiya” anşlyüsü ilə bağlı qəsdi bundan ibarətdir.   
     Bəs Kiyev, ABŞ, Avropa? Onlar Moskvanın yeni ekspansiya faktı ilə barışacaqmı? 
    Aydındır ki - yox. Kiyev qeyri-bərabər mübarizəyə bütün resurslarını cəlb eləməklə inadla müqavimət göstərəcək. Qərb (ABŞ, Avropa Birliyi və NATO) özünün bütün hərbi gücünü döyüş hazırlığı vəziyyətinə gətirib yeni, qat-qat sərt sanksiyalar elan edəcək. Əgər situasiya Qərblə Rusiya arasında böyük müharibəyə gətirməsə, o zaman Putini Krımdan və “Novorossiya”dan yalnız hədələr və sanksiyalarla “vurub” çıxarmaq çətin ki, mümkün olsun. Daha dəqiqi, bu, yalnız Rusiyanın özündə Putin rejimi çökəndən və kütləvi velikoderjav yanğını baş qaldırandan sonra reallaşacaq. Bu isə çox tezliklə olmaya da bilər.  
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam