"Bu, Vaşinqtonu sonsuz məzhəb mübarizəsinə cəlb edəcək" -"Washington Post" yazır
Bu həftə İngiltərənin Mançester şəhərində baş verən terror aktı radikal islamçı terror təhlükəsinin davam etməsinə dair daha bir xatırlama idi.
Yenixeber.org: Prezident Trampın Yaxın Şərqə səyahəti yenə də bu terrorçuluğun yayılmasında Səudiyyə Ərəbistanının mərkəzi ölkə olduğunu və bunun üçün məsuliyyətdən necə yayındığını göstərdi.
Əslində, Tramp Səudiyyə Ərəbistanına bölgədə əlindən gələni beş qaba çəkmək üçün müftə imkan yaratdı.
Amma faktlar tərs şeydir. Demək olar ki, beş onillik ərzində Səudiyyə Ərəbistanı İslamın özünəməxsus dar düşüncəli, çox amansız və dözümsüzlük versiyasını –müsəlman dünyasının heç bir yerində olmayan əqidəni yaymaqla məşğuldur.
9/11 terrorçuları arasında da 19 nəfərdən 15-i, o cümlədən Üsamə bin Laden səudiyyəlidir.
Sabiq dövlət katibi Hillari Klintonun mediaya sızan e-poçt məlumatları vasitəsilə bunu da bilirik ki, "…son illərdə Səudiyyə hökuməti Qətər ilə yanaşı, regionda İŞİD və digər radikal sünni qrupları gizli maliyyə və maddi-texniki dəstəklə təmin edir. Səudiyyə vətəndaşları İŞİD-in xarici döyüşçülərinin ikinci ən böyük qrupunu və bəzi hesabatlara görə, terror qrupunun İraqdakı əməliyyatlarında əksəriyyəti təşkil edirlər. Bu səltənət Yəməndə "Əl-Qaidə" ilə dinməz ittifaqdadır.
İŞİD əqidəsini – Səudiyyə Ərəbistanının vəhhabi versiyasından əxz edir.Krallığın Ulu Məscidinin keçmiş imamının keçən il dediyi kimi, "İŞİD öz prinsiplərini bizim kitablardan götürüb… Biz də eyni fikirləri təbliğ, lakin zərif şəkildə tətbiq edirik". İŞİD öz məktəbləri üçün dərsliklər yazmayana qədər Səudiyyə kitabları əsasında tədrisi qəbul edib".
Səudiyyənin pulları Avropada da İslamı dəyişdirir. Alman kəşfiyyatının sızan hesabatlarında deyilir ki, xeyriyyə təşkilatları Səudiyyə Ərəbistanı, Qətər və Küveytin "hökumət idarələri ilə sıx bağlıdır", bütün Almaniya ərzisində İslamın fundamentalist, dözümsüzlük versiyasını yaymaq üçün onlar məscidləri, məktəbləri və imamları maliyyələşdirir.
"New York Times"lı Karlotta Qall yazır ki, Kosovada, mülayim İslamın 500 illik ənənəsinin aşılanması prosesi gedir: "Səudiyyə təlimli keçmiş imamlar vəhhabi prinsiplərini təbliğ edir: şəriətin qanundan üstünlüyü, eləcə də "İslamın buyruqlarına əməl etmədiklərinə görə" müsəlmanların qətlinə icazə verən zorakı cihad və təkfirçilik… Xeyriyyə yardımları tez-tez müəyyən şərtlərlə verilir. Ailələr mütləq məsciddə moizələrə qulaq asmaq, qadınlar və qızlar burka geymək şərtilə aylıq müavinət alırlar".
Səudiyyə Ərəbistanı hökuməti ən dəhşətli təcrübələri hazırda yavaşlatmağa başlayıb. İndi səltənət de-fakto, Dubayın uzaqgörən lideri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum üslubunda, islahatçı müavin-şahzadə Məhəmməd bin Salmantərəfindən idarə olunur. Lakin bu günə qədər Səudiyyə islahatları əsasən səltənətin iqtisadi siyasətinə yönəlib və onun güclü dini isteblişmenti ilə ayrışmanı nəzərdə tutmur.
İslam barədə Trampın çıxışı terror qurbanları olan (ümumi sayın 95 faizini təşkil edən) müsəlmanlara incə mərhəməti ehtiva edirdi. "Terrorçuları dəstəkləyən hökumətlərin adı çəkilmədən bu təhlükənin kökünün kəsilməsindən söz açıla bilməz…" – Tramp dedi.
Amma Tramp bunu deyərkən, ev sahibi olan Səudiyyə Ərəbistanını deyil, əksinə, İranı nəzərdə tuturdu. İndi aydın olsun deyə, İran – Yaxın Şərqdə sabitliyi pozan qüvvələri və bəzi çox pis aktyorları dəstəkləyir. Amma onu terror mənbəyi kimi təsvir etmək çox yanlış olardı.
London Kral Kollecində Leyf Venarın hazırladığı "Qlobal terror bazası" təhlilinə görə, 2001-ci ildən bəri "İslam terroru" səbəbi ilə ölüm hallarının təxminən 94 faizi İŞİD, "Əl-Qaidə" və digər sünni "cihadçılar" tərəfindən törədilib. İran həmin qruplarla mübarizə aparır, onları qaynaqlandırmır.
Qərbdə, demək olar ki, hər terror hücumunun Səudiyyə Ərəbistanı ilə əlaqəsi var. Faktiki onların heç biri İranla bağlı olmayıb.
Tramp hər hansı bir günahı özündən uzaq tutan və məhz İrana doğru yönləndirən Səudiyyənin xəttini qəbul edib. Səudiyyəlilər İvanka Trampın dəstəklədiyi Dünya Bankının fonduna ianələr, silah alışı və s. ilə Trampın təcrübəsiz heyətininin gözlərini bağlaya bildi.
(2016-cı ildə prezidentliyə namizəd Tramp "Facebook"da yazmışdı: "Səudiyyə Ərəbistanı və Klintonun Fonduna böyük məbləğlər keçirmiş digər ölkələr qadınları qul kimi görmək istəyir. Hillari həmin ölkələrdən aldığı bütün pulları geri qayıtmalımdır!")
Uzun sözün qısası, səudiyyəlilər Trampı meymun kimi oynatdı.
Birləşmiş Ştatlar indi Səudiyyə Ərəbistanının xarici siyasətinə – şiələr və onların Yaxın Şərqdəki müttəfiqlərinə qarşı amansız döyüşlər silsiləsinə yaşıl işıq yandırıb. Bu, Vaşinqtonu sonsuz məzhəb mübarizəsinə cəlb edəcək, regional qeyri-sabitliyə mənbə edəcək və hər iki tərəf ilə yaxşı əlaqələr saxlamaq istəyən İraq kimi ölkələrlə münasibətləri çətinləşdirəcək.
Amma ən vacibi, bu, amerikalılara birbaşa və davam edən təhlükənin – terrorizmin aradan qaldırılmasına xidmət etməyəcək.
Mən isə sadəlövhcəsinə güman edirdim ki, Trampın xarici siyasəti Səudiyyə Ərəbistanının yox, Amerikanın maraqlarına xidmət edir.
"Washington Post"